Bir adam yol gedir bizdən qabaqda

by Samir Asadli

Tarix təbiətdən daha mürəkkəb bir sistemdir. Təbiət torpağa düşən toxumu yetişdirir və təkamül nəzəriyyəsini hesablayaraq da nəyin nə zaman yetişəcəyini öncədən demək olar. Tarixdə isə belə deyil. Məşhur bir misalda olduğu kimi ən qüdrətli imperiyanın taleyi belə sərkərdənin atının nalından asılı ola bilər. Buna görə də, bəzən çağımızın, yaşananlarının kökünü yüz illərin o tayında axtarmaq lazım gəlir. Elə bu məntiqlə Məmməd Araz yazırdı ki, “Xətainin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi”. Tarixin yetişdirməsi bu qədər mürəkkəb və uzun bir yollardan keçir. Tarix təbiət qədər sadə bir mexanizm deyil. Tarix torpağı Vətən, Vətəni dövlət edən bir sistemdir və bu sistemdə təbiət qaydaları işləmir.

Bu torpağın, Vətənin yüzillərinin toxumu, yağışı, gübrəsi ilə göyərən bir KİŞİ – SABİR RÜSTƏMXANLI! Şair, Savaşçı, Lider, Dövlət adamı… Bax tarixin illərlə yetişdirdiyinin budaqları beləcə hər biri bir şəxsiyyət ömrünə bərabər olur və bütün bunları bir ömürdə yaşatmaq sıradan bir olay deyil.

Gələcəkdə onu Doğudan Batıya Türk Dünyasının Aydını edəcək bütün xüsusiyyətlərini – halallığı, dürüstlüyü, vətən sevgisini, insani dəyərləri, azadlıq sevdasını o ucqar sayılan Hamarkənddən almışdı. Elə bu mənada “Bir ətəyi Xəzər olan,dəniz olan, bir ətəyi Təbriz olan” yurd ucqar yox uca idi və Sabir Rüstəmxanlı bu ucalıqdan yol almışdı üzü Bakıya.

Artıq universitet illərində Sabir Rüstəmxanlı «torpağı ot deyil, kişi göyərdən» Vətənin tarixinə, xalqın milli dəyərlərinə yaxından bələd olan, güvənən, müqəddəs adət-ənənələrimizin yaşadılması zərurətini dərindən dərk edən, «bir kənd məhəbbətinin tələsən sürəti» ilə milli varlığımızın ifadəsinə can atan ziyalı gənc kimi formalaşmışdır. Tələbəlik illərində qələmə alınmış şeirləri bədii nümunələr olmaqdan başqa, həm də şəxsiyyətin ideya-mənəvi yetkinləşməsi prosesinin təkamül notları təsiri bağışlayır. Bu mənada Sabir Rüstəmxanlının tələbə ikən yazdığı “Təbriz xiyabanı”, “Yardımlı yollarında”, “Müqəddəs adətlər”, “Bir yol istəyirəm” və s. kimi şeirləri onun sonrakı vətəndaşlıq poeziyasının möhkəm, etibarlı təməlidir. Ali məktəb dövrünün uğurlu poetik bəhrəsi olan «Vətən» şeiri Rüstəmxanlı yaradıcılığının ilkin parolu və tutumlu bir səviyyədə proqramı kimi səslənir.

Sabir Rüstəmxanlı “sovet cəhənnəmində” doğuldu, ancaq mövcud quruluşun zəhərli havasında boğulmadı, onun əsir-yesirinə çevrilmədi, şirin ana dilində, ata mülkündə özünəməxsus, bənzərsiz söz qalasını kərpic-kərpic, daş-daş hördü. “Ruhumuz sərhədsiz olduğu üçün” deyə-deyə möhtəşəmliyə yüksəldi – gah poeziyada, gah publisistikada, gah da nəsrdə “qızıl qələm” işlətdi, millətinin dərdlərini pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm axtardı, ən yüksək tribunalardan çəkinmədən “mən türk oğlu türkəm, şah nəslindənəm” söylədi. Milli mənsubiyyəti ilə öyünə-öyünə bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi, öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza Sabir Rüstəmxanlı möhürünü vurdu.

Sanki hansısa gözəgörünməz bir qüvvə ona “Böyük Savaşa çox az qalıb, bu savaşa çağırışın vaxtıdır”-deyə diqtə edirdi. O dövr ədəbi mühitində şerlərinin potik gücü, forma və məzmun vəhdətinə görə öncüllərdən olan bir şairin birdən birə “Ömür kitabı” adlı nəsr əsəri dərc etməyinin başqa bir izahı yoxdur. “Ömür kitabı” Azərbaycan kitab çapında partlayışa bərabər bir hadisə oldu və bu hadisənin müəllifi Bakıda Azadlıq alovunun başında dolanacaq, min ilin başında bu yurdun səsi olan şair bir Lider, bir Sərkərdə olaraq bütün dünyaya MEYDANdan Azərbaycan həqiqətləri duyuracaq. Dədə Qorqud müdrikliyi, Babək qətiyyəti, Nəsimi Fəlsəfəsi, Xətai hünəri, Mirzə Cəlil düşüncəsi, Rəsulzadə ideyası bir ruhda birləşib Azərbaycan səsini duyuracaq. Meydanda Sabir Rüstəmxanlının “Əziz bacılar və qardaşlar” xitabı… 17 noyabrda Azərbaycan tarixinə qızıl hərflərlə yazılan meydan hərəkatının altındakı imza məhz ona məxsus idi. Dünyanı heyrətə gətirən və bir çox cəhətlərinə görə nə o zamanadək, nə də ondan sonra təkrarı olmayan Meydan hərəkatının qəhrəmanı Azərbaycan xalqı, lideri Sabir Rüstəmxanlı idi!

Sabir Rüstəmxanlı Tanrı tərəfindən cızılan yolu getməkdə, tarixin ona biçdiyi missiyanı daşımaqda idi. Həm də özündən əvvəl yaşanan tarixi ruhu yaşadaraq gedirdi bu yolu. Yaranan qəzetin adının “Azərbaycan” olması bir tərəfdən bütün Azərbaycan dərdini çəkməyə bağlı idisə, digər tərəfdən 1918-1920-ci illərdə Xalq Cümhuriyyəti dönəmində, daha sonra 1945-1946-cı illərdə Pişəvəri dönəmində Güney Azərbaycanda “Azərbaycan” adında nəşr olunan qəzeti davam etdirməyə hesablanmışdı. “Xalq və Lider” olaraq ideal tandem kimi Meyan dastanı yaradan, Meydandan dağıdılsa da Xalqı bir cəbhədə təşkilatlandırmağa səsləyərək buna nail olan, amma iddiaları beyinlərindən böyük, niyyətləri əməlləri qədər qara insanların hədəfində olan Sabir Rüstəmxanlı beləcə dövlətin ən üst zirvəsi ilə açıq döyüşərək öz savaşından geri durmurdu. Azərbaycan dövlətçiliyinin ideoloji təməli Dədə Qorqud dastanı qədər qədimdir, bu təməlin ilkin tikililəri isə Babəkin Bəzz qalasında, Şah İsmayılın Təbriz taxtında, Səttərxanın inqilabında, Rəsulzadənin Cumhuriyyətində qurulub. Tarix boyu Azərbaycan xalqının istiqlal və hürriyyət istəyinə qarşı dünyanın şər imperiyaları dayanıb. Amma bu xalq nə yolundan dönüb nə də hədəfinə çatmaq ümidini itirib. 1991-ci il 18 oktyabrda parlamentdə ayaq üstə yumruqlarını düyünləyərək Azərbaycan Respublikasının yaranışına şahidlik edən Sabir Rüstəmxanlı şəxsiyyəti yüz illərdən bəri gələn yolun qələbə zirvəsindəki təsdiqi idi!

Sabir Rüstəmxanlı 1992-ci il sentyabrın 26-da Vətəndaş Həmrəyliyi Partiyasını təsis edir. VHP 27 illik siyasi fəaliyyətində tədrici inkişafın, siyasi mübarizənin sivil qaydada aparılmasının tərəfdarı kimi çıxış edib. Partiyanın yarandığı zaman irəli sürdüyü “Nicatımız Vətəndaş Həmrəyliyidir” şüarı bu gün də Azərbaycan siyasi mühitində ana xətt kimi öz əhəmiyyətini saxlamaqdadır. O zaman VHP tərəfindən Azərbaycan cəmiyyətinə gətirilən “vətəndaş həmrəyliyi”, “vətəndaş birliyi”, “milli birlik” kimi ideoloji prinsiplər aradan illər keçəndən sonra genişlənərək böyük ictimai gücə çevrilib. Vətəndaş Həmrəyliyi Partiyasının yarandığı dövrün siyasi təhlili və çağdaş siyasi mühit bir daha təsdiq edir ki, Azərbaycan üçün gerçək xilas yolu vətəndaş həmrəyliyinə bağlıdır. Vətəndaş həmrəyliyi dedikdə siyasi və ideoloji baxışlardakı fərqlər nəzərə alınmadan bütün qüvvələrin Azərbaycanın milli və dövlətçilik maraqları ətrafında birləşməsi nəzərdə tutulur ki, VHP 30 illik fəaliyyətində bu prinsipi qoruyub saxladı. Yanlış yürüdülən siyasi xəttə qarşı bütün müxalif birliklərdə ön sırada olan partiyamız, düzgün və ölkənin inkişafına yönələn addımları açıq dəstəkləyən mövqe ortaya qoyub. Bəzən bu siyasət qeyri-stabil kurs kimi yanlış yozumla təqdim edilsə də zaman milli maraqlara və qurtuluşa yönələn ideologiyanın məhz bu olduğunu təsdiqlədi. Zəfər savaşı dönəmində ən radikal mövqe sahiblərinin belə bu prinsipi qəbul etdiyinin şahidiyik. Siyasi lider kimi qurtuluşun tək yolunu göstərən Sabir Rüstəmxanlı şair kimi də Zəfər savaşın ilk müjdəçisi oldu. Vətən uğrunda savaş başlayandan Ordumuzun misilsiz qəhrəmanlığından, döyüş xronikasından bəhs edən əsərlər gözləyirdim. Sükutu həmişəki kimi yenə də Sabir Rüstəmxanlı oxuduğunuz bu poema ilə pozdu. Sanki aydın səmada şimşək çaxdı. Tarixə qısa ekskurs, Ali Baş Komandanımızın xalqımızın həsrət və sevinclə gözlədiyi tvitləri, əsgər və zabitlərimizin sücaəti, işğaldan azad edilmiş rayonlarımızın hər birinə virtual səyahət, o bölgələrin görkəmli şəxsiyyətləri, şair və yazıçılarına verilən dəyər poemanın daha məzmunlu, daha mükəmməl olmasını səciyyələndirir.

Sabir Rüstəmxanlının öz şəxsində hər bir Azərbaycan türkünün dəqiq həyat amalını kodlaşdırır. “İcazəli cəngavər, qalstuklu qoyunlar mənim ruhumu duymaz!” deyən şair Türk ruhunu anlamaqdan ötrü elmli, savadlı olmağı, gənclik və ya ahıl yaşı da əsas tutmur. Bəs o nədir? Onuharam nütfədən doğulan, haram tikə yeyən, “bir çiçəyin mehrinə sıxılıb ağlamayan” kəslər anlamaz. Göylərə bağlanmayan, sərhədsiz düşünə bilməyən, Çindən Qobustanacan yazılı daşların toz basmış güzgüsünüsilib həqiqi tarixi görə və Ərgənəkon eşqindən yeni günlər doğa bilməyənlər bir şairin – bir Türk oğlu Türkün böyük ruhunu duya bilməz. Tanrıya qədər yol çəkmək arzusunda olan böyük ruh daşıyıcıları olaninsanlar əbədi sevda aşiqləridir. Sabir Rüstəmxanlı onlardanbiri, bizimüçün öndə gedənidir. Öndə gedən şəxslərin nurundanyollar işıqlanar, ziyası gələcək günlərə, illərə qədər çatar. Bizə isə “Bir adam yol gedir bizdən qabaqda” demək qalır… YOLUNA UĞUR, TANRI QORUSUN, BƏY!

 

Vətəndaş Həmrəyliyi Partiyası

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK