Müəllim sadəcə bilik ötürən bir səs deyil. Müəllim insanın taleyinə toxunan və qaranlıqda istiqamət və işıqlı yol göstərən bir çıraqdır. Mayaq kimi yolumuza işıq saçır. Onun hər sözü kitabdan çox, yaşanmış həyatın izlərini daşıyır, gələcəyin fəlsəfəsidir; davranışı isə susaraq keçilən bir həyat dərsidir.
Müəllim yalnız öyrətmir, eyni zamanda yaşamağın nə demək olduğunu öz varlığı ilə yazır. O, gələcək nəsillərin formalaşmasında görünməz, lakin əvəzsiz rol oynayan bir memardır. Bu baxımdan müəllimlik sadəcə peşə deyil və həm də mənəvi missiyadır.
Yardımlı rayonunda, dağların qoynunda yerləşən sakit bir kənd məktəbi var – Alçabulaq kənd orta məktəbi. Bu məktəbdə illərdir səssiz, amma böyük bir iş görülüb. Bəlkə də çoxlarının xəbəri yoxdur. Yox, amma var! Çünki o məktəbin adı nəinki Azərbaycan Respublikasında, hətta keçmiş SSRİ-də, onun paytaxtı Moskvada da məşhur idi…
Bu məşhurluğun mərkəzində isə bir insan dayanıb- Heybət Qədirov. Onun ömrü sadəcə müəllimlik fəaliyyəti ilə ölçülmür.
Heybət Heydər oğlu Qədirov 1955-ci ildə Yardımlı rayonunun Alçabulaq kəndində kolxozçu ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib və pedaqoji fəaliyyətə də elə həmin kənddə başlayıb.
Aspiranturayada təhsilini davan etdirmək istəyib, qəbul olsa da, sonradan təhsilini davam etdirməyib və doğma kənd məktəbində çalışmağa üstünlük verib. Bu seçim onun həyat yolunun istiqamətini müəyyənləşdirən ən mühüm qərarlardan biri olub. Bu qərar həm də onun doğma torpağa və peşəsinə bağlılığının ən bariz nümunəsidir.
Uzunillik pedaqoji fəaliyyəti dövründə yüksək nailiyyətlər əldə edərək ali kateqoriyalı müəllim, “Əməkdar müəllim”, “Metodist müəllim”, “Qabaqcıl maarif xadimi”, Azərbaycan və SSRİ-nin maarif əlaçısı fəxri adlarına layiq görülüb. N.K.Krupskaya və M.Mehdizadə mükafatlarının laureatı olub, 1991-ci ildə SSRİ-də, 1991, 1998, 2003 və 2008-ci illərdə Azərbaycanda “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibi seçilib. “Qızıl qələm” laureatı adına layiq görülüb, çoxsaylı metodik kitabların və məqalələrin müəllifidir. Respublikanın əməkdar müəllimi kimi tanınır. Bu uğurlar onun peşəsinə olan sədaqətinin və zəhmətinin parlaq göstəricisidir.
Heybət müəllimin bu nailiyyətləri təsadüfi deyil, onun illərlə davam edən məqsədyönlü və sistemli əməyinin nəticəsidir. Heybət müəllim istedadların axtarışına çıxan, onları üzə çıxaran və gələcəyə aparan bir yolun yolçusu kimi tanınır. O, müəllim adının müqəddəsliyini yalnız daşımaqla kifayətlənməyib, onu ürəyinin ən saf yerində qoruyub, zamanın tozundan uzaq tutub. Həyatın sınaqları içində necə dik dayanıbsa, məktəbin divarları arasında da eləcə nur saçaraq, bir çoxlarının yoluna işıq olub, səssiz və səmimi bir örnəyə çevrilib. Onun şəxsiyyəti müəllimlik peşəsinin mənəvi dayaqlarını özündə birləşdirən canlı nümunədir. Onun timsalında müəllim obrazı sadəcə peşəkar deyil, həm də mənəvi lider kimi formalaşır.
Əsrlər boyu xalqımız müəllimi yalnız savad verən bir şəxs kimi yox, həm də yol göstərən bir nur mənbəyi kimi qəbul edib, Heybət Qədirov kimi müəllimlərin timsalında bu söz öz yerini tapıb, qəlblərdə möhkəmlənib, həmin müəllimlərin hesabına müqəddəsləşib. Və elə məhz Heybət Qədirov kimi müəllimlər “müəllim” sözünü qiymətli ediblər. Bu gün də müəllimə olan hörmət onların əməyinin nəticəsidir. Cəmiyyətin müəllimə verdiyi dəyər, əslində onun gələcəyinə verdiyi dəyərdir. Bu dəyər nə qədər yüksəkdirsə, cəmiyyətin inkişafı da bir o qədər sağlam olur.
Heybət Qədirov müəllim obrazıdır. Həmin obraz cəmiyyətə hakim kəsilən bir obrazdır. İşləri ilə, ciddiyyəti ilə və verdiyi biliklə formalaşan bir obrazdır. O, şagirdlərə dərsi, elmi sevdirə bildiyi üçün bu gün özü də sevilir.
Kimya fənnini elə tədris edirb ki, onun zamanında hər sinifdə, hər yaşda kimyaçı olub. Bu isə müəllimin fənni sadəcə öyrətmədiyini, onu sevdirə bildiyini göstərir. Sevdirilən elm isə daha dərin və davamlı mənimsənilir.
Qırx ildən artıq topladığı təcrübə onu adi müəllimdən fərqləndirib. Pedaqoji fəaliyyətinin ilk illərində şagirdlərinin nəticələri onu tam qane etməyib. Bu narahatlıq onun daxilində suallar doğurur və o, cavab axtarışına başlayır. Nəticədə belə bir qənaətə gəlir ki, uğur təsadüf deyil, düzgün seçim və məqsədyönlü zəhmətin nəticəsidir. Məhz bundan sonra o, istedadlı uşaqları erkən yaşlardan aşkar edib və onlarla fərdi işləmək yolunu seçib. Bu yanaşma onun pedaqoji fəaliyyətində dönüş nöqtəsi olub. Bu dönüş onun gələcək uğurlarının əsasını qoyub.
Sinif otaqları artıq onun üçün sadəcə dərs keçilən məkan olmayıb. O, hər bir şagirdinə diqqətlə yanaşıb, onların düşüncə tərzini, məntiqini, dünyanı necə qavradığını müşahidə edib. Bu yanaşma onun pedaqoji fəaliyyətində əsas prinsipə çevrilib. Şagirdə fərd kimi yanaşmaq onun uğurunun əsas açarlarından biri olub. Bu prinsip müasir pedaqogikanın da əsas tələblərindən biridir. Heybət müəllimin iş üslubu cəsarətli və yenilikçi olub. O, dərs proqramının sərhədlərini aşaraq, hələ kimya fənnini keçməyən bir şagirdə bu elmi öyrətməyə başlayır. Onun düşüncəsinə görə, istedad yaşla məhdudlaşmır. Qısa müddətdə bir neçə ilin proqramını mənimsəyən şagird artıq fərqli bir inkişaf mərhələsinə qədəm qoyur. Nəticədə əldə olunan uğur ölkə səviyyəsində diqqət çəkir və geniş rezonans doğurur. Bu, onun qeyri-standart düşüncə tərzinin bariz nümunəsidir. Belə yanaşma təhsildə fərdi inkişafın nə qədər vacib olduğunu bir daha sübut edir.
Bu hadisədən sonra Heybət Qədirov fəaliyyətini daha da genişləndirir. O, təkcə bir şagirdlə kifayətlənmir, sistemli yanaşma formalaşdırır. Məktəbdə və rayonda istedadlı uşaqların aşkar edilməsi və inkişaf etdirilməsi üçün ardıcıl və məqsədyönlü iş aparıb. Onun yetişdirdiyi şagirdlər illər keçdikcə müxtəlif bilik yarışlarında və olimpiadalarda uğur qazanır, ölkənin müxtəlif sahələrində söz sahibi olurlar. Beləliklə, onun fəaliyyəti fərdi uğurdan kütləvi uğura çevrilir. Bu isə müəllimin təsir dairəsinin nə qədər geniş olduğunu göstərir. Onun pedaqoji fəaliyyətinin miqyası olduqca genişdir. Minlərlə şagirdin həyatında iz qoyan bu müəllim yüzlərlə gəncin ali təhsil almasına dəstək verib.
Bu gün müxtəlif sahələrdə çalışan alimlər, həkimlər və müəllimlər onun biliyindən bəhrlənib, müəllimlik zəhmətinin nəticəsidir. Bu gün onun yetirmələrindən Rəfail Becanov, Təmiraz Təmirazov, Zöhrab İsayev, Əkrəm Təhməzov, Sadıq Mənsimov, Elvin İbadov, Elnur Əlioğlu kimi cəmiyyətdə tanınan, sevilən qələm sahibləri, elm adamları, həkimlər və digər peşə sahibləri var.
Bir müəllimin yetirmələri onun uğurunun göstəricisidir. Çünki müəllimin əsl uğuru onun yetişdirdiyi, cəmiyyətə faydalı insanlardır.
Heybət müəllim üçün istedad xüsusi bir anlayışdır. O, istedadı təbiətin gücü kimi qiymətləndirib və hesab edib ki, onun inkişafı üçün düzgün istiqamət vacibdir. Onun fikrincə, necə ki, alov oksigensiz yanmır, istedad da müəllim və məktəb olmadan inkişaf edə bilməz. Bu yanaşma onun pedaqoji fəlsəfəsinin, onun təhsilə yanaşmasının əsasını təşkil edib. Məhz, bu, onun özünün böyüklüyünü, istedadın qorunması və inkişafında müəllimin əsas rolunu ön plana çıxarır.
Onun dərslərində şagirdlər yalnız bilik əldə etməyib, eyni zamanda düşünməyi öyrəniblər. Fərqli baxış bucağı, dərin müşahidə qabiliyyəti və məntiqi yanaşma onun yetişdirdiyi şagirdlərin əsas xüsusiyyətlərinə çevrilib. Onlar məsələlərə adi deyil, fərqli yanaşır, çətin yolu seçməkdən çəkinməyiblər. Bu da müəllimin gücü, baxış bucağı və peşəsinə olan hörməti, vicdanının səsi ilə baş tutub.
Bu gün Heybət Qədirobv kimi müəllimlər çıraqla axtarılır. Çünki onlar cəmiyyəti formalaşdıran müəllimliyin vicdan nümunəsidir. Təbii ki, bizlər də onların təcrübələrini yazıb, cəmiyyətə çatdırmalıyıq. Çünki belə müəllimlərin təcrübəsi gələcək üçün qiymətli bir mirasdır. Bu miras qorunmalı və gələcək nəsillərə ötürülməlidir.
Müasir dövrdə təhsil sistemində istedadlı uşaqlar üçün geniş imkanlar yaradılıb. Lakin bütün bu imkanların əsas dayağı yenə də müəllim amilidir. Heybət Qədirov kimi pedaqoqlar bu sahədə əsl nümunə hesab olunurlar. Onun təcrübəsi göstərir ki, istedadı üzə çıxarmaq üçün diqqət, inkişaf etdirmək üçün zəhmət və qorumaq üçün sevgi əsas şərtdir.
Heybət Qədirov kimi insanların təcrübəsi yeni müəllimlərə aşılanmalıdır. İndiki müəllimlər onların yolu və izi ilə getməlidirlər. Məktəb üçün əsas yol həmin müəllimlərin yolu və təcrübəsidir. Bu, təhsilin davamlı inkişafı üçün vacib bir istiqamətdir. Bu istiqamət gələcəyin daha savadlı və düşünən cəmiyyətinin formalaşmasına xidmət edir.
Ucqar bir rayonda, sakit bir kənd məktəbindən başlayan bu hekayə əslində böyük bir həqiqəti ortaya qoyur. Gələcəyin təməli məhz sinif otaqlarında qoyulur və bu təməli möhkəmləndirənlər belə müəllimlərdir.
Heybət Qədirovun ömrü də bu həqiqətin canlı təcəssümüdür. Onun həyatı bir müəllimin cəmiyyət üçün nə qədər böyük dəyər daşıdığının göstəricisidir.
Bu dəyər zaman keçdikcə daha da aydın görünür və daha çox qiymətləndirilir.
Samir Əsədli