Daha bir sazın işığı söndü …

by Samir Asadli
Güney Azərbaycan aşıq məktəbinin özünəməxsus bir nəfəsi var: dərdli, yanğılı, qürurlu və bir az da tənhalıq ilə yoğrulmuş. Bu məktəbin sənətkarları sadəcə ifaçı deyil, bir xalqın yaddaşını çiyinlərində daşıyan el elçisidir. Ustad Aşıq Məhəmməd Hüseyn Dehqan da həmin yaddaşın canlı qoruyucularından biri idi. Onun sazından süzülən hər avazda Urmiyənin dumanlı səhərləri, kəndlərin köhnə xatirələri, yurd həsrətinin içdən gələn iniltiləri duyulurdu.
Bu gün Güney Azərbaycan sazı bir daha yetim qaldı. Ustadların süfrəsində bir yer boş qaldı, bir telin səsi kəsildi, bir qoşma söylənmədən yarımçıq qaldı. Urmulu Aşıq Dehqanın dünyadan köçməsi təkcə bir sənətkarın yoxluğu deyil, bir məktəbin, bir mirasın və bir xalq yaddaşının sarsılmasıdır. Hər ustad gedəndə ənənənin bir parçası da onunla birgə köçür…
Ustadın sazı sadəcə musiqi yaratmırdı. O, hər ifasında kökə bağlılıq, dilə sədaqət, milli mədəniyyətə xidmət kimi müqəddəs bir xətt çəkirdi. Bu xətt nəsildən-nəslə ötürülən bir ruh idi. Dehqan ifasında sanki qədim el havası, min illərin yaddaşından oyanırdı və ustadlara sayğı, gələcək nəsillərə ümid duyulurdu.
Aşıq Dehqan haqqında “canlı əfsanə” deyirdilər və bu sadəcə tərif deyildi, onun ömrünün xülasəsi idi. Çünki o, təkcə saz ifa etmirdi, sazı yaşadırdı. Bir dövrün musiqi xatirəsi onun barmaqlarında yenidən canlanırdı. Onun yetişdirdiyi şagirdlər bu məktəbin səsini bu günə gətirdilər və beləliklə, Urmu aşıq ənənəsi Arazın o tayında da, bu tayında da davam etdi.
Dehqan həm toyların şövqündə, həm də dərd məclislərinin sükutunda eyni ehtiramla qarşılanırdı. El içində “ustad” adını qazanmaq üçün gərək olan iki böyük xüsusiyyət “hünər və halallıq” və bu onun simasında birləşmişdi.
Belə sənətkarların həyatı yalnız özlərinə aid deyil. Onlar yaşadıqları toplumun ruhudur, mədəniyyətin dayağıdır, elin aynasıdır. Bu cür ustadlar dünyadan köçəndə yalnız ailə deyil, bütün bir el-obamız kədərlənir.
Aşıq Dehqan ömrünü sazla, sözlə və sənətə sədaqətlə tamamladı. Onun vəfatı Güney Azərbaycanın musiqi irsinin qəlbinə dəyən bir yaradır. Ənənə yaşayır, amma bir telin daha səsi əbədi susdu… Bir ustadın daha nəfəsi kəsildi.
Urmulu Aşıq Məhəmməd Hüseyn Dehqanın gedişi həm sənətin, həm yurdun, həm də sazın özünün böyük itkisi oldu. Onun ruhu bundan sonra sazın telində, Güney aşıq məktəbinin yaddaşında yaşayacaq.
Samir Əsədli

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK