Elmlə ictimai fəaliyyətin qovşağında

by Samir Asadli

Akademik elmin müasir dövrdəki əsas simalarından biri olan Rafael Hüseynov Azərbaycanda və onun hüdudlarından kənarda görkəmli ədəbiyyatşünas alim və tanınmış ictimai xadim kimi qəbul olunur. Onun Azər­baycanın tarixi və mədəniyyətinə, ədəbiyyatı və incəsənətinə həsr edilmiş sanballı elmi əsərləri və müstəqil dövlətçilik ide­allarına həsr edilən ictimai fəaliyyəti azərbaycançılıq idealına xidmətin ifadəsidir.

Rafael Hüseynovun elmi tər­cümeyi-halı, bütövlükdə, Azər­baycan Milli Elmlər Akademiyası (AMEA) ilə üzvi surətdə bağlıdır. Belə ki, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşü­naslıq fakültəsinin məzunu kimi AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbə­sində baş laborant olaraq əmək fəaliyyətinə başlayan Rafael Hü­seynov daha sonra Şərqşünas­lıq İnstitutunda, eləcə də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçilikdən baş elmi işçiliyə, şöbə müdirliyinə və direktorluğadək məsuliyyətli yol keçmişdir. O, elmi tərcümeyi-halının mühüm hadisəsi olan “Baba Tahir və onun poetik irsi” mövzusunda yazdığı namizədlik dissertasiyasını 1980-ci ildə, “Məhsəti Gəncəvinin ya­radıcılıq bioqrafiyasının kompleks tədqiqi”nə həsr edilmiş doktorluq dissertasiyasını isə 1992-ci ildə uğurla müdafiə etmişdir. Filologi­ya elmləri doktoru, professor Rafa­el Hüseynov 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə Akademiyanın həqiqi üzvü seçil­mişdir. Milli akademik qurumun həqiqi üzvü kimi o, Azərbaycanda şərqşünaslıq–ədəbiyyatşünaslıq el­minin inkişafına, yeni elmi nəsillə­rin yetişib hazırlanmasına mühüm töhfələr verir.

Akademik Rafael Hüseynov artıq 21 ildir ki, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Mu­zeyinin direktoru kimi fəaliyyətini uğurla davam etdirməkdədir. Rafa­el Hüseynovun rəhbərliyi dövrün­də Azərbaycan Respublikası Prezi­dentinin sərəncamı ilə bu mötəbər elm və mədəniyyət ocağına “Milli” statusu verilmişdir. Akademik Ra­fael Hüseynovun böyük zəhməti sayəsində Ədəbiyyat Muzeyinin ekspozisiyası müstəqil Azərbaycan dövlətinin müasir prinsiplərinə və ədəbi-tarixi proseslərin reallıqla­rına uyğun olaraq tamamilə yeni­dən qurulmuş, muzeydə çoxəsrlik Azərbaycan ədəbiyyatının sanki canlı salnaməsi yaradılmışdır. Bu­nunla yanaşı, bu gün həmin muzey Azərbaycan Respublikası Mədə­niyyət Nazirliyinin tərkibində həm də ölkəmizin əsas elmi mərkəz­lərindən biri olmaq funksiyasını yüksək səviyyədə yerinə yetirir. Beynəlxalq və ölkə miqyaslı ciddi elmi tədbirlərə evsahibliyi etməsi Ədəbiyyat Muzeyinin ədəbiyyat elminin də inkişafında özünəməx­sus rol oynadığını göstərir. Son illərdə burada ilk dəfə olaraq Dis­sertasiya Şurasının yaradılması və uğurla fəaliyyətini davam et­dirməsi isə Ədəbiyyat Muzeyinin tarixinə yazılacaq hadisə kimi aka­demik Rafael Hüseynovun xidməti sayılmağa layiqdir. Bu da mahiy­yəti etibarilə muzey işi sahəsində təkrarsız hadisələrdəndir ki, Rafael Hüseynov əfsanəvi xalq qəhrəma­nı Mehdi Hüseynzadənin – Mixay­lonun Sloveniyanın Novo Qoritsa şəhərində muzeyini yaradıb.

Tanınmış alimin müstəqil Azərbaycan dövləti­nin quruculuğunda və inkişafında müstəsna rolları olan görkəmli şəxsiyyətlərin – ulu ön­dər Heydər Əliyevin və Prezident İlham Əliyevin Vətən və xalq qar­şısında misilsiz xidmətlərindən bəhs edən “Böyük yolun həqiqə­ti” (2020) və “İkinci olmayacaq” (2023) kitabları müstəqil dövlətçi­lik təfəkkürü ilə yazılmış və çoxil­lik elmi axtarışların nəticəsi kimi meydana çıxmış fundamental tə­dqiqatlardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərləri zəngin arxiv sənədləri və dövrü mətbuat mate­rialları əsasında yazılmış müstəqil tədqiqatlardan ibarətdir. Ulu öndər Heydər Əliyevin mənalı və şərəf­li tərcümeyi-halının bir çox qiy­mətli səhifələri, xüsusən, Cənubi Azərbaycanla əlaqədar olan tarixi məqamlar ilk dəfə olaraq akademik Rafael Hüseynov tərəfindən aşkar edilərək elmi tədqiqata cəlb olu­nan nadir sənədlər və materiallar əsasında geniş ictimaiyyətə təqdim olunub. Eyni zamanda, görkəmli dövlət xadiminin Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti Səd­rinin Birinci müavini kimi də çox­cəhətli fəaliyyətinə dair az məlum olan bir çox hadisələri və faktları da Heydər Əliyevşünaslığa Rafael Hüseynov tərəfindən daxil edilib. Akademik Rafael Hüseynovun Azərbaycan radio və televiziyasın­da dahi şəxsiyyətin həyatı və mü­barizəsinin unudulmaz məqamları­na həsr etdiyi verilişlər də Heydər Əliyev ideallarının təbliği, yeni nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.

600-dən artıq elmi məqalənin, o cümlədən 20 monoqrafiyanın titul səhifəsində müəllif kimi aka­demik Rafael Hüseynovun imza­sı var. Əsərlərinin bir çoxu xarici ölkələrdə, ümumilikdə, 25 dildə çap olunub. Onun “Baba Tahir dü­beytiləri” (1988), Hüseyn Cavid haqqında “Əbədi Cavid” (1987, 2007), Məhsəti Gəncəvi haqqında­kı “Məhsəti – özü, sözü, izi” (2005), Azərbaycanın sənət tarixinə həsr edilmiş “Min ikinci gecə” (1988), “Hamısı ulduz” (2012), “İmzamız” (2012), Məhəmməd Füzuli haqqın­da “Yoxdan var” (2014), Azər­baycan ədəbiyyatının klassikləri haqda “Söz heykəli” (2012), “Sö­zün meracı” (rus dilində, 2014), “Məkansız və zamansız Nəsimi” (Azərbaycan, rus və ingilis dillə­rində, 2019), “Nizami Gəncəvinin əbədi səsi” (ingilis dilində, 2021) və sair əsərləri mühüm elmi yeni­likləri və yüksək nəzəri səviyyəsi ilə seçilən ciddi elmi tədqiqat­lardır. O, XIV əsrin böyük Azər­baycan musiqişünası Əbdülqadir Marağayinin “Məqasid ül-əlhan” əsərini və onun şeirlərini farscadan Azərbaycan dilinə tərcümə edib, haqqında tədqiqatlar aparıb. Onun orta əsr Azərbaycan klassikləri İsmayıl ibn Yəssar (VIII), Baba Kuhi Bakuvi (XI əsr), Qətran Təb­rizi (XII əsr), Mücirəddin Beyləqa­ni (XII əsr), Zülfüqar Şirvani (XIII əsr) və başqaları haqqında əsərləri orta əsrlər Azərbaycan klassik ədə­biyyatının həyatı və ədəbi-ictimai fəaliyyəti az öyrənilmiş simalarına həsr edilmiş sanballı elmi-tədqiqat əsərləridir. Azərbaycan Şərqşünas­lığında məhz Rafael Hüseynovun xidmətləri sayəsində Məhsətişü­naslıq müstəqil elmi istiqamətə çevrilib. Onun axtarışları və yeni elmi yanaşmaları ilə Azərbay­can Füzulişünaslıq elmi qiymətli əlavələrlə zənginləşdirilib.

Rafael Hüseynovun XX əsrin əvvəlləri Azər­baycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Məhəmməd Hadi və onlarla digər görkəmli simaları haqqında son illərdə apardığı tədqiqatlar, çap etdirdiyi məqalələr bu tarixi döv­rün yeni səhifələrinin açılmasına xidmət edir. Azərbaycan ədəbiy­yatında romantizm ədəbi cərəyanı­nın əsas yaradıcılarından biri olan Hüseyn Cavidin həyatı və yaradı­cılığına həsr olunan fundamental tədqiqatları ilə Rafael Hüseynov ədəbiyyatşünaslıq elmində zirvə fəth etməyə nail ola bilib. Akade­mikin “Vaxtdan uca” monoqrafi­yası Azərbaycan cavidşünaslığı­nın əfsanəsi olaraq qalmaqdadır. Alimin sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli simaları Rəsul Rza, Mikayıl Müşfiq, Əli Tudə, Cəfər Mücri, Anar, Vaqif Səmədoğlu və başqalarından bəhs edən tədqiqatlarında o, çətin siya­si-ideoloji mühitdə də böyük ədə­biyyatın yaradılmasının mümkün­lüyü haqqındakı həqiqətləri açıb göstərmişdir. Həmçinin Rafael Hüseynovun XX əsr Azərbaycan mədəniyyətinin görkəmli simaları Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Bülbül, Fatma Muxtarova, Müs­lüm Maqomayev, Qara Qarayev, Vaqif Mustafayev, Hacıbala Hü­seynov haqqında araşdırmaları yenilikləri və elmi sanbalı ilə se­çilir. Bütün bunlarla Rafael Hü­seynov Azərbaycan ədəbiyyatı ilə yanaşı, incəsənətimizin də mahir tədqiqatçılarından biri olduğunu meydana qoyur. Onu da qeyd et­mək lazımdır ki, Rafael Hüsey­novun incəsənət xadimlərinə həsr etdiyi tədqiqatları da onun ədə­biyyatşünaslıq əsərlərində olduğu kimi, professional səviyyədə yazı­lıb. Artıq Rafael Hüseynov şərqşü­naslıq və ədəbiyyatşünaslıqla eyni səviyyədə sənətşünaslıq sahəsində də ixtisaslaşmışdır. Akademikin müxtəlif incəsənət hadisələrinə və ayrı-ayrı teatr və musiqi xadim­lərinə, rəssamlara həsr etdiyi tə­dqiqatlar yeni sənətşünas nəsillər üçün qiymətli istinad mənbələridir.

Görkəmli alim Rafa­el Hüseynov həm də pedaqoji fəaliyyət­lə ardıcıl olaraq məşğul olub. O, 1987-1989-cu illərdə Bakı Döv­lət Universitetində dərs deyib, 1990–1991-ci illərdə Üzeyir Ha­cıbəyli adına Musiqi Akademiya­sında Mədəniyyət tarixi kafedra­sının müdiri vəzifəsində çalışıb. Bundan başqa, Rafael müəllim 1995–1998-ci illərdə Xəzər Uni­versitetində Azərbaycan ədəbiy­yatı və Azərbaycan mədəniyyəti fənlərini, 1999–2001-ci illərdə Bakıda Amerika Universitetində Azərbaycan, Şərq ədəbiyyatı və Azərbaycan mədəniyyəti fənləri­ni tədris edib. O, respublikada ilk dəfə olaraq Azərbaycanşünaslıq kafedrasının yaradıcısı və müdiri olub. Eyni zamanda, 2008–2015-ci illərdə Azərbaycan Dövlət Pedaqo­ji Universitetində “Azərbaycan və türk xalqları ədəbiyyatı tarixi” fən­nini tədris edib, Qədim ədəbiyyat və folklor kafedrasının professoru kimi fəaliyyət göstərib. Bütün bun­larla bərabər, o, respublikamızda ilk dəfə olaraq latın qrafikası əsa­sında “Əlifba” dərsliyinin də müəl­lifidir.

Rafael Hüseynov bədii yara­dıcılıqla da məşğul olur. Ədəbiy­yatşünas alimin librettosu əsasın­da bəstəkarlar Faiq Sücəddinov “Füzuli” operasını, Oqtay Rəcəbov “Heydər oratoriyası”nı və “Mete Xaqan” baletini yazıblar. O, eyni zamanda, “Nəsimi” baletinin də libretto müəllifidir. Rafael Hüsey­nov böyük dövlət xadimi Heydər Əliyevə həsr edilmiş nəğmələr silsiləsindən ibarət “Şah əsər Azər­baycan” adlı albom-kitabın müəlli­fidir. Onun heca və əruz vəznlərin­də yazılmış bir çox şeirləri həqiqi sənət örnəkləridir. Şeirlərindən bir çoxuna mahnılar bəstələnib. Rafa­el Hüseynovun klassik Şərq ədə­biyyatından etdiyi tərcümələri də əhəmiyyətli ədəbiyyat mətnləridir.

Azərbaycan Respub­likası Milli Məclisi­nin deputatı kimi də Rafael Hüseynov ölkəmizdə və beynəlxalq miqyasda geniş iş apa­rır. Deputat kimi o, 20 ildən artıq dövrdə elm və mədəniyyət sahə­sində qanunvericilik bazasının formalaşdırılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyə­də təbliğ və müdafiə olunmasında daim fəal və aydın siyasi mövqe nümayiş etdirir. Azərbaycan Res­publikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasının və AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və Mətbuat Komitəsinin üzvü olaraq, Rafael Hüseynov ölkəmizin müstəqil dövlətçilik maraqlarının qorunması və daha da möhkəmləndirilməsi yolların­da bütün enerjisi, var qüvvəsi ilə çalışıb. Azərbaycanın klassik və müasir ədəbiyyatından, incəsənət xadilmlərindən bəhs edəndə oldu­ğu kimi, Avropa Şurasının Parla­ment Assambleyasının iclaslarında da həmişə azərbaycançılıq mövqe­yindən çıxış edib. Ölkəmizə qarşı ikili standartlara, məkrli və qərəzli münasibətlərə cavab verəndə də o, əsl azərbaycanlı kimi çıxışlar etməklə Azərbaycanın gur səsinin yüksəlməsinə məsuliyyətlə xidmət göstərib. Bütün bunlara görə Ra­fael Hüseynovun elmi fəaliyyəti ilə ictimai fəaliyyəti üzvi surətdə bir-birini tamamlayır. Bu günlərdə VII çağırış Milli Məclisə seçkilər­dən sonra formalaşan parlamentin sədr müavini seçilməsini isə onun qanunverici orqanda səmərəli fəa­liyyətinin nəticəsi kimi dəyərlən­dirmək lazımdır.

Rafael Hüseynov Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Özbə­kistan, Türkmənistan, Hindistan, Belarus və sair ölkələrdə keçirilən beynəlxalq konqres və simpozium­larda, həmçinin ölkəmizdə təşkil olunan elmi-mədəni və ictimai-si­yasi tədbirlərdə məruzələrlə çıxış edərək Azərbaycan ədəbiyyatı və mədəniyyətini uğurla təmsil və təbliğ edir. Alimin rəhbərliyi ilə 23 fəlsəfə, 14 elmlər doktoru hazırla­nıb.

Ədəbiyyat məsələlərinə və mədəniyyətə aid Azərbaycan radiosun­da 1975-ci ildən etibarən hər həftə yayımlanan “Axşam görüşləri” proqramının müəllifi kimi Rafael Hüseynov bu gün də fəaliyyətini uğurla davam etdirir. Gələn il 50 yaşı tamam olacaq “Axşam görüş­ləri” verilişi Azərbaycan efirinin ən uzunömürlü müəllif proqramı kimi Ginnesin Rekordlar siyahısına daxil edilə bilər. Rafael Hüseynov həm də 2021-ci ildən Azərbaycan Televiziyasının “Mədəniyyət” ka­nalında ölkəmizin ədəbi-mədəni keçmişində xüsusi rol oynamış zəka sahibləri, onların keçdikləri həyat və sənət yolundan, zəngin fəaliyyətlərindən bəhs edən silsilə buraxılışları yayımlanan “Vətə­nim” layihəsinin ssenari müəllifi və rejissorudur.

Akademik Rafael Hüseynov Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurası nəzdindəki Filologiya Şurasına uzun illər ər­zində rəhbərlik edib. O, Azərbay­can Respublikasının Prezidenti yanında Ali Attestasiya Komis­siyasında Dissertasiya Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü kimi səmərəli fəaliyyət göstərməkdədir. Rafael Hüseynov Azərbaycan Ya­zıçılar Birliyinin Beynəlxalq Rəsul Rza Mükafatı Komissiyasının səd­ri vəzifəsində də ədəbiyyatımızın inkişaf etdirilməsi və dəyərləndi­rilməsi məqsədilə fəal iş aparır.

Görkəmli elm xadimi, akade­mik Rafael Hüseynovun xidmət­ləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 avqust 2024-cü il ta­rixli sərəncamı ilə Rafael Baba oğlu Hüseynov ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmət­lərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunmuş­dur. O, 2005-ci ildə Əməkdar in­cəsənət xadimi fəxri adına layiq görülmüş, 2018-ci ildə “Azər­baycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalını, 2019-cu ildə Azərbay­can Respublikası Milli Məclisinin “Parlament” medalını və 2023-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalını almışdır. Oksford Universitetinin Beynəlxalq “Elmdə ad” mükafatını qazanan Rafael Hüseynov 2021-ci ildə “Nizami Gəncəvi İli”ndəki səmərəli elmi fəaliyyətinə görə, 2022-ci ildə isə “Şuşa İli”ndə Qa­rabağ–Şuşa mövzusunda apardığı tədqiqatlarına görə AMEA Rəyasət Heyətinin Fəxri fərmanlarına layiq görülmüşdür.

Akademik Rafael Hü­seynov hazırda öm­rünün və ictimai-si­yasi fəaliyyətinin ən yetkin və məhsuldar dövrünü yaşayır. Onun Azərbaycan ictimai fikri, mədə­niyyəti və ədəbiyyatını beynəlxalq miqyasda tanıtmaq, təbliğ etmək sahəsində həyata keçirmək istədi­yi daha geniş planları var. Azər­baycan klassik ədəbiyyatının daha dərindən öyrənilməsi və geniş icti­maiyyətə çatdırılması sahəsində də Rafael Hüseynovun üzərinə düşən öhdəliklər çoxdur. Ölkəmizin ic­timai-siyasi həyatında da həmişə olduğu kimi, Rafael Hüseynovun sözünə ehtiyac var. Görkəmli ədə­biyyatşünas-şərqşünas alim və ta­nınmış ictimai xadim, akademik, Milli Məclisin vitse-spikeri Rafael Hüseynova beynəlxalq miqyasda və respublikamızda elmlə icti­mai-siyasi fəaliyyətin qovşağında Azərbaycan dəyərlərinin, elmi­mizin, mədəniyyətimizin inkişafı yollarında daha böyük uğurlar ar­zulayıram!

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK