Güney Azərbaycanlı üçəmlər türk adlarına görə 4 aydır ki, doğum haqqında şəhadətnamə ala bilmirlər

by Samir Asadli

Məhkəmənin qərarına baxmayaraq, Təbrizin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin əməkdaşları Elşən, Elnur və Sevgi adlarına doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Üçəmlərin doğum haqqında şəhadətnamə almaması Məsud Səfərinin ailəsinə bir çox problemlər yaradıb.

Cənab Səfərinin ailəsinə yaxın mənbənin “Balamın Adı” kampaniyasına verdiyi məlumata görə, uşaqlar 2024-cü ilin avqust ayında doğulublar və valideynləri onlar üçün Elşən, Elnur və Sevgi adlarını seçib. Lakin Təbrizin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin əməkdaşları bu adlara doğum haqqında şəhadətnamə verməkdən imtina edərək Tehrandan “həmzə” hərfi ilə olan türk adlarına doğum şəhadətnaməsi verilməməsi barədə göstəriş olduğunu bildiriblər. Əgər uşaqlara bu adlar seçiləcəksə onda bu adlar “Əlşən”, “Əlnor”, “Sugi” kimi fars ağzına uyğun formada yazılmalıdır.

Belə olan halda isə adın nə oxunuşu, nə mənası düzgün olur, nə də adı türkcə oxunmaq mümkün olmur. Halbuki vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi əvvəllər qeyd olunan hər üç adın düzgün yazılışı ilə doğum haqqında şəhadətnamələr verib.

Qeyd edək ki, Səfəri ailəsi adların qeydiyyata alınması ilə bağlı problem yaşadıqdan sonra bu idarədən şikayət etmiş və bir neçə gün əvvəl məhkəmə ailənin xeyrinə qərar çıxararaq Təbrizin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsindən bu adlara doğum haqqında şəhadətnamələrin verilməsini tələb etmişdi, lakin əvəzində bu idarə məhkəmənin qərarından apellyasiya şikayəti verərək məsələni uzadıb.

Xatırladaq ki, son illərdə çox sayda türk ana-ata, vətəndaşlıq qeydləri şöbəsi təklif etdikləri türk adlarına qarşı çıxdıqdan sonra həmin idarələrdən məhkəməyə şikayət edərək istədikləri türk adı ilə doğum haqqında şəhadətnamə əldə edə bildilər. Lakin Tehrandan daxil olan əmrə əsasən, Azərbaycanın müxtəlif şəhərlərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələri son vaxtlar məhkəmənin qərarını yerinə yetirməkdən imtina edərək appelyasiyaya müraciət edirlər. Bu da işin uzanmasına, xərclərin artmasına və süründürməçiliyə gətirib çıxarır. Rəsmi idarələr belə üsullarla valideynləri türk adlarını seçməkdən bezdirərək çəkindirməyə çalışırlar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK