Şəhid şair Kamal Ömər bəy – Kərkük ədəbiyyatı

by Samir Asadli

Şəmsəddin KUZƏÇİ

 

İraq türkmən ədəbiyyatımızın köklü, zəngin ənənələrə malik olduğuna kimsənin şübhəsi yoxdur. Bu gün əbədiyyatımız sürətlə inkişaf edərək Türk dünyası ədəbiyyatı ilə ayaqlaşır.

1970-ci ildə İraq dövləti tərəfindən qısa bir müddət ərzində mədəni hüquqlarımızın tanınmasından sonra ədəbiyyatımızın yüksək səviyyəyə  çatacağına inanırdıq. O gündən bu günədək mədəniyyət və ədəbiyyat sahəsində ziyalılarımız, ədəbiyyatçılarımız meydana çıxıb, ədəbiyyatımızı olduqca inkişaf etdirib, irəli aparıblar.

2003-cü ilədək nəşriyyat orqanlarımızdan biri olan, dövlət nəzdindəki Türkmən Mədəniyyət İdarəsi onlarla kitabımızı çap edərək kitabxanalarımızı zənginləşdirib. Yüzlərlə gənc işıq üzü görən nəşrlərimizdən faydalanaraq istedadlarını inkişaf etdiriblər. Onlardan biri də öz adını türkmən ədəbiyyatçıları arasına qızıl hərflərlə yazdırmış gənc ozanımız şəhid Kamal Ömər bəydir. Gənc ozanımız şəhid Kamal xoyrat yazmaqda üstün bir səviyyəyə çatmağa nail olmuşdu. Şair şəhid olduqdan sonra bir qrup yazıçılarımız onun xoyratlarını toplayıb kitab halında nəşr etdirməyə söz verdilər. Təəssüf ki, bizdən başqa heç kim bu vəzifəni yerinə yetirmədi. Olmadı!.. Bir tərəfdən də şəhidimizin bəzi xoyratları qəzet və jurnallarda başqalarının adından dərc olunmağa başladı.

Beləcə, üzərimə düşən vəzifəni uyğun bilərək, şairin əsərlərini toplayıb, araşdırma və tədqiqatlar apardıqdan sonra bir kitab halına gətirməklə onun ölməz ümidlərini, tükənməz incə duyğularını, ruhunu, ölümsüzlüyə apara, millətimə, ədəbiyyatımıza azacıq bir xidmət edə bilmişəmsə, xoşbəxtəm…

Bu yazımda şəhidin kitabından ömür hekayəsi hissəsini təqdim edirəm.

Yazdığı lirik, cinaslı və cinassız xoyratlarıyla ürəyimizi yandıran gənc ozan şəhid Kamal Ömər bəy 1966-cı ildə Kərkükün Piryadi rayonunda anadan olmuşdu. İbtidai və orta məktəbi, liseyi Kərkükdə bitirmişdi. 1988-ci ildə İraq-İran müharibəsində Şimal cəbhəsində Şəmirən dağında vətən uğrunda şəhid oldu.

Kamal uşaqlığından bəri xoyrat dinləməyi, xüsusilə köhnə lentlərdəki xoyratları çox sevərdi. 1980-ci ildə xoyratın xüsusiyyətlərini öyrənərək xoyrat yazmağa başladı. Tutulduğu bir müqəddəs eşq üzündən yazdığı mənalı xoyratlarını 1984-cü ildən başlayaraq tez-tez qəzet və jurnallarda dərc etdirərək ədəbiyyat sahəsində bir xoyratçı kimi tanındı.

Zaman keçdikcə kitab oxumaqla istedadını inkişaf etdirən rəhmətlik Kamal Ömər bəy Osman Məzlum, Ali Marufoğlu, Mehmet İzzət Xəttatın təsiri altında xoyratın ədəbi və fəlsəfi cəhətləri ilə tanış olaraq, dərin fikirli, könül oxşayan xoyratlar yazdı.

 

Bəyazam, qar kimiyəm,

Şirinəm, nar kimiyəm,

Gah gülləm, gah ağlaram,

Mən də o yar kimiyəm.

 

Gənc ozan Kamal Ömər bəy illər boyu əsiri olduğu müqəddəs bir eşqə görə xoyratlarında məhəbbət mövzusuna böyük yer vermişdi.

 

Yardan getdi,

Xoş günlər yardan getdi,

Mən vaz geçdim, kar etdim,

Nə getdi, yardan getdi,

 

Özünü sadiq bir aşiq sayardı. Sevgilisinin ayrılığına dözə bilməyərək çəkdiyi acı və üzüntüləri heç kəs onun kimi çəkməmişdi.

 

Çi mərdi,

Çi dostu sor, çi mərdi,

Fələk çimən olsaydı,

Göz yaşımda çimərdi.

 

Sevgiyə bütün varlığıyla bağlanan şair sevdiyi qızın üzündən ulduzlarla dostlaşmışdı. Onun sevgilisi üçün yazdığı xoyratlar xəyalpərəst və olduqca dərin mənalı xoyratlardır.

 

Kim anlasın,

Tərk edib kim anlasın,

Mənnən yarın dərdini

Kim desin, kim anlasın.

 

Çox vaxt yeni cinas axtarar, yazdığı dördlüklərində də yeni düşüncələr, qəribə xəyallar görünərdi…

 

Yaşa xanda,

Ol xançı, yaşa xanda,

Kimsə deməz nəyindi,

Gözümnən yaş axanda!

 

Kamal Ömər bəy də bir çox şairlər kimi, ədəbiyyata xoyratla gəlmişdi və qara sevdasına – sevgilisinə vurğun olaraq hissini, duyğusunu o gözəl, ürəkdən gələn xoyratlarında əks etdirmişdi.

Xoyrat əzbərləmək bacarığı ilə yaddaşında yüzlərlə köhnə xoyratımızı saxlardı və oğurlanan xoyratları oxuyarkən, “bu, filankəsin xoyratıdır”, – deyərdi.

 

Dərdli davar,

Kəsmərəm dərdli davar,

Hər dərdlini bir sayma,

Dərdli var, dərdli də var.

 

Ədəbiyyatı sevdiyi kimi, sənəti də sevərdi, folklor mahnılarımızın, nəğmələrimizin daimi dinləyicisi idi. Çox vaxt sənətin gizli tərəflərini axtarıb- arayardı, saza da xüsusi marağı vardı.

 

Tel saldım saza, yarım,

Qaldırdım yaza, yarım,

Xo mən Əyyub deyiləm,

Səbr edim naza, yarım.

 

Həqiqətən, səbrin də həddi varmış!!!

Ədəbiyyat, xüsusilə də xoyrat hər şeydən bəhs edər. Yazdığı xoyratlar Kamalın ən qiymətli varlığıdır və onlarla qürur duyardı.

 

Solu sən,

Sağ sayısan solu sən,

Sən də dərdimə düşsən,

Saralısan, solusan.

 

Bir çiçək üçün yaşayan şair qış mövsümündən bir bədbinlik duyaraq, səbəbini bilmədən ona nifrət edərdi.

 

Çox savuğdı qışımız,

Birə birdi dişimiz,

Rəqib üzün görmiyey,

Heç düz gəlməz işimiz.

 

Könlü təmiz bir insan olan gənc şəhid Kamal “zülm” sözünü həzm edə bilməz, həqiqəti müqəddəs sayaraq sevgilisinə və könlünə ən yaxın olan kəsə səslənirdi.

 

Odun yanı,

Odunluğ odun yanı

Sölə, yar zülm etməsin,

Düşünsün o dünyanı.

 

Xoyratçımız Kamal Ömər bəy aşiqanə dördlükləriylə könülləri oxşayar, xoyratlarıyla da özünəməxsus həssaslığını, böyük bir sevgiyə bağlandığını göstərirdi…

 

Bir yat, ağa,

Bir oyan, bir yat, ağa,

Yardan şərtim beləydi,

Girəydiy bir yatağa.

 

Müqəddəs bir eşq üzündən əzab-əziyyətə düşərək könlündə çəkdiyi eşq tablosu üçün cürbəcür maneələrə qarşı bir div kimi müqavimət göstərmişdi. Amma təəssüf ki, zalım fələk ruhunu almayınca yaxasını əldən buraxmadı.

 

Qah, gedəy xana kimin,

Fala baxana kimin,

Fələk yaxam salmadı,

Evim yıxana kimin.

Əridim ax çəkməydən,

Ruhum çıxana kimin.

 

Yaşadığı acı günlərdə “ölüm” sözü gənc xoyratçımızın düşüncəsindən heç bir zaman çıxmırdı. Aşağıdakı xoyratlar şairin daxili hisslərini açıq-aydın ifadə etməkdədir:

 

İşləsin, işdə tapsın,

Yaz bitdi, qışda tapsın,

Mən ölsəm, mənim təkin

Məgər, yar dişdə tapsın.

 

Apardılar eşimi,

Qəm salmırı peşimi,

Qorxuram, düşüm ölüm,

Qurd-quş yesin leşimi.

 

Nənə, bir şad olmadığ,

Mırazımız almadığ,

Aldığ musalla yolun,

Aləm kimin gülmədiğ.

 

Şairin vəsiyyətinə görə cənazəsini sevgilisinin qapısı önündən zurna-qaval ilə keçiriblər.

 

İçənlərə içirdin,

Biçənlərə biçirdin,

Öldüysəm, cənazəmi

Yar qapsınnan keçirdin.

 

İstedadlı bir xoyratçı olan Kamal Ömər bəy arabir heca vəznində şeirlər də yazardı, amma xoyrat ustalığı şeirlərindən daha üstün idi. Sevginin müqəddəsliyinə, ucalığına inanan bir insan idi.

 

Gör bağrım yarmağını,

Yaramın sarmağını,

Yeddi il yardan qaldım,

Sıxmadım barmağını.

 

Tükənməz eşqə sahib olan Kamalın duyğuları dördlüklərdən, xoyratlardan açıq-aydın bəlli idi. Qəlbi təmiz bir insan olduğu üçün içini ölüm duyğusu sarmışdı və yaxında öləcəyini təxmin edirdi. Bir gün yazdığım bu xoyratını ona söylədim:

 

“Dostlar məni başarsa,

Yad əlimdə çaşarsa,

Boyun əymərəm, yara

İçərimdə yaşarsa”, –

 

Dinləyəndən sonra mənə “Bu dördlük mənim olsaydı, üçüncü və dördüncü misralarını belə ifadə edərdim” – dedi:

 

Razıyam mən ölməyə,

Yar yerimə yaşarsa”.

Dostlarının sevimlisi olan Kamal sevgilisi üçün könlündə elə müqəddəs bir eşq bəsləyirdi ki, sanki ürəyindən həyəcanla xoyrat bulağı coşub-daşırdı. Amma təəssüf ki, bu müqəddəs eşq günəş görmədən öldü. Bu ilham qaynağı qurudu, bitdi, bu istedadlı gənc ozanın ulduzu şeir dünyamızdan axdı. Musalla məzarlığında igid şəhid Kamal Ömər bəyin təmiz bədəni torpağa dəfn olundu. Sonsuzluq yollarında dönməz karvanlara qatıldı.

 

Dostum, qurma əyləncə,

Yardan xəbər gəlincə,

Əcəl gələndə baxmaz

Uşaq, ixtiyar, gəncə.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK