Koreya Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türkşünaslıq İnstitutunun direktoru Eunkyung Oh yeni layihəsini reallaşdırıb. Onun rəhbərliyi ilə 21 müəllifin koreya dilində hazırlanmış “Türk Humanitar Elmlər Ensiklopediyası” nəşr edilib.
Kitabda türkologiyanın bütün sahələrinə aid əsas anlayışlar yer alıb. Ensiklopediya Koreya Milli Araşdırmalar Fondunun dəstəyi ilə universitetin Avrasiya Türkşünaslıq İnstitutu tərəfindən son 5 ildə (2018–2023) aparılan fundamental tədqiqatın yekunudur. Həm print, həm də elektron kitab (PDF) kimi yayılan ensklopediya 8 cilddən ibarətdir. Ümumilikdə isə 4500 səhifədən ibarət böyük həcmli bu əsərin türk dünyasının Koreyada tanıdılmasında əhəmiyyətli rolu olacaq.
Ensiklopediyanın hazırlanmasında azərbaycanlı alimlərin də əməyi var. Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı, AMEA-nın Ədəbiyyat İnstitutunun professoru Bədirxan Əhmədov və Folklor İnstitutunun şöbə müdüri Əli Şamil, Koreyada təhsil alan azərbaycanlı tələbə Leyla Məsimli türk dünyasının önəmli bir hissəsi olan Azərbaycanla bağlı məlumatların toplanıb dəqiqləşdirilməsində və tərcüməsində yaxından iştirak etmişlər.
Layihənin rəhbəri Eunkyung Oh Koreya Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türkşünaslıq İnstitutunun direktoru, ingilisdilli Türkşünaslıq jurnalının baş redaktorudur. Türkiyənin Hacəttəpə Unversitetində fəlsəfə doktoru və Özbəkistanın Daşkənd Elmlər Akademiyasında elmlər doktoru elmi dərəcəsi və professor adı alıb. O, həm də YUNESCO-nun himayəsi altında Asiya–Sakit Okean regionunun qeyri-maddi mədəni irs mərkəzinin məsləhətçisidir. Özbəkistan Turan Elmlər Akademiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.