Zəlimxan Məmmədli
DAK İdarə Heyəti üzvü
Suriyda baş verən proseslər son 100 ilin ən pozitiv və ümid verici hərbi-siyasi prosesdir. Suriya üzərində böyük güclərin oynadığı oyunlar Suriya xalqına böyük faciələr yaşatmışdır. Suriya parçalanmış, vətəndaş müharibəsi və ümidsizlik girdabına yuvarladılmışdı.
Ərəb inqilabının Suriyada iflası, Rusiya və İranın himayəsi ilə Bəşir Əsəd yüz minlərlə Suriyalını məhv etmiş, həbsə atmış və ölkədən didərgin salmışdır.
Suriya xalqının yardımına Türkiyə çatdı. Dörd milyona yaxın Əsəd rejimindən qaçqın suriyalını öz çətiri altına almış, onları öz vətəndaşı qədər himayə edərək, humanizm nümunəsi göstərmişdir.
Nəhayət, Suriyanı qəsbkarlardan azad etmək məqamı çatdı. Əsəd rejimi devrildi, İran və Rusiya iflas oldu, müvəqqəti Əhməd əs Şəra hakimiyyəti formalaşdırıldı. Silahlı müxalifət mürtəce Əsəd rejimini devirdi. Həmin dönəm müvəqqəti hakimiyyət məntiq etibarı ilə prosesi başladan qüvvə olmalı idi. Əhməd əs Şəranın bu baxımdan müvəqqəti hakimiyyət zirvəsində qərar tutması anlaşılan olmalıdır. Əhməd əs Şəranın dövlətçilik ənənələri, dövlət ağlı yetkin olan Türkiyə siyasi sistemi ilə koordinasiya olunmuş fəaliyyəti ümidvericidir. Onun verdiyi bəyanatlar, ölkəiçi qüvvələrə əməkdaşlıq təklifi və bu istiqamətdə PYD ilə əldə olunmuş razılaşma faktı, etnik, dini, məzhəb ayrımçılığının mümükünsüzlüyü və unitar Suriya çağrıları yeni Suriyanın gələcəyinə ümidlər doğurur. Bu hakimiyyətin oturuşması və legitimləşməsi üçün Türkiyənin diplomatik çabaları mümkün olmayanları reallaşdırmaqdadır. Türkiyə prezidenti Ərdoğanla Əhməd əs Şəranın son Ankara görüşü də çevrə və dünya güclərinə strateji tərəfdaşlıq mesajı kimi yozulmalıdır. Odur ki, hətta, kifayət qədər Orta Doğudan məsafə saxlamaqda maraqlı olan Avropa dövlətləri Türkiyənin bölgədə rolunu dəyərləndirməkdə, yeni Suriya hakimiyyəti ilə diplomatik əlaqələr qurmaqda maraqlı görünürlər. Bu ayın(mart) 17-də Əhməd əs Şarə Brüsselə Avropa yetkililəri ilə mötəbər görüşə dəvət olunub. Suriyaya qarşı tətbiq olunmuş müəyyən embarqolar aradan qalxmaqdadır, tamamilə izolyasiyadan çıxma imkanları genişdir.
Bu arada Suriya üzərində oyunlar quran əski şər qüvvələr təxribatlara əl ataraq Suriyanı yenidən məzhəb, etnik savaşa sürükləmək kimi antiinsani işə əl qoyublar. Bu təxribatların başında İran və Rusiya, eyni zamanda İsrail izi görünməkdədir. Maraqlıdır ki, bəzi mənbələrə görə bu təxribatlarda İran və İsrail müttəfiq kimi davranmaqdadır. Təxribatçıların əsas hədəfi Bəşir Əsədi təkrar hakimiyyət qaytarmaq, Türkiyənin Suriya üzərində nəzarət imkanlarını əlindən almaq, bölgədən sıxışdırıb çıxartmaqdır. İnanmaq istərdik ki, Azərbaycan və Türkiyə diplomatiyasının birgə səyi ilə İsraillə anlaşma mümükün olacaqdır.
Suriya yönətimi və silahlı qüvvələri təxribatçı qiyamçılara qarşı layiq olduqları cavabları vermişdir. Terrorçuların məskunlaşdığı ərazilər Rusiya hərbi bazalarının yerləşdiyi ərazilərdədir.
Artıq həmin ərazilər Suriya qüvvələri tərəfindən nəzarətə götürülmüşdür. Eyni zamanda, İrana bağlı qüvvələr neytrallaşdırılmış, İrana bu cür metodlardan imtina təklif edilmişdir. Amma təxribatları təkrar olma ehtimalı az deyildir. Müşahidələrimiz onu deməyə əsas verir ki, prosesi Suriya-Türkiyə ittifaqının nəzarətindən çıxara bilməyəcəklər.
Maraqlı məqam ondan ibarətdir ki, artık adını çəkdiyimiz mərkəzlər haray-həşir salmaqdadırlar ki, sən demə Əs Şəra hakimiyyəti ələvilərə qarşı soyqırım həyata keçiriblər. Yalan, yalan olduğu qədər də riyakar dezinformasiyadır. Bunun birbaşa hədəfi Türkiyə -Suriya əməkdaşlığını zədələmək, eyni zamanda məzhəb çatışması obrazını yaradaraq təxribatın ömrünü uzatmaq, prosesi Türkiyənin içərisinə daşımaqdır. Ayrı-ayrı dini təşkilatlar da bu dezinformasiyalara uyaraq və ya bəlli qüvvələrin təsiri altında bu feyklərin əsirinə çevrilməkdədirlər.
Ən dəhşətlisi isə ondan ibarətdir ki, Azərbaycanda özünü politoloq hesab edən bəziləri də, Türkiyə-Suriya ittifaqına düşmən olan qüvvələrin havasını çalmaqdadırlar. Terrorçulara qarşı sərt mövqe sərgiləyən Suriya rejimini və onu himayə edən Türkiyəni açağılamaqla düşmən dəyirmanına su tökməkdədirlər. U nudulmamalıdır ki, terrorçunun məzhəbi, etnik kimliyi olmur. Həmin şəxslər Qərbin, İsrailin, İran və Rusiyanın, o cümlədən siyasiləşmiş dini qurumların sərsəm bəyanatlarını mötəbər hesab etməklə, Türkiyə və Suriyanın rəsmi mövqelərini şübhə altına almaqdadırlar. Zaman-zaman beşinci kalon dediyimiz bunlardır.
Bu azmış kimi Azərbaycanı Türkiyənin yanından aralanmağa, Orta Şərqdən uzaq durmağa çağırış edirlər. Azərbaycan Türkiyənin və onun müttəfiqi, dirçəlməsində rolu olan və nəhayət Orta Şərqdə demokratikləşməyə şansı olan Suriyanın yanında olmalıdır. Bu bizim etnik, dini və mənəvi borcumuzdur. Xırda duyğulara milli, strateji maraqları qurban edənlərə isə aramızda yer olmamalıdır. Unudulmamalıdır ki, Türkiyə artıq, yalnız regional güc deyil. Türkiyəni dünyada baş verən proseslərdən kənarda saxlamaq mümkün olmayacaqdır. Zaman bunu diktə edir.