Urmu gölünün quruma səbəbləri arasında bölgədə şəkər çuğunduru əkininin həddindən artıq olması da önəmli yerlərdən birini tutur.
Məlumata görə, ötən əkin ilində əyalətdə ümumilikdə 2.1 milyon ton şəkər çuğunduru istehsal olunub.
“Bu, ölkənin şəkər çuğunduru istehsalının 35%-i təşkil etməklə İranda birinci yeri tutur”,- məlumatda bildirilib.
Şəkər çuğunduru çox su aparan məhsul olduğuna görə, əksər ölkələrdə bu məhsul payız fəslində əkilir.
Ancaq Qərbi Azərbaycan əyalətinin iqliminin sərt olması səbəbindən burada şəkər çuğundurunun əkini yaz aylarında baş tutur.
Bu isə yeraltı və yerüstü su ehtiyatlarının daha çox tükənməsinə təsir göstərir.
İranın şəkər çuğunduru isə suyun istehlakına görə dünya üzrə orta göstəricidən 3 dəfə, suvarma üçün tələb olunan suya görə isə dünya standartından təxminən 9 dəfə artıq su tələb edir!
Bölgədə su çatışmazlığı və Urmu gölünün qurumasına baxmayaraq, son illər İran hökumətinin yerli əkinçiləri şəkər çuğundurunun əkini üçün daha çox təşviq etməsi, bunun xeyriə hesablanmadığına dəlalət edir.
Ekoloqlar bölgədə çox su tələb edən məhsulların əkininin qəti yığışdırılmasını və onların yerinə az su tələb edən məhsulların əkilməsini təklif etsələr də, İran Kənd Təsərrüfatı Nazirliyi bunu quaq ardına vurmaqda davam edir.
Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr olmalıdır.
hazırda göldə 500 milyon kubmetr su mövcuddur. Ekoloqlar həmin suyun da yayın sonuna kimi tamamilə quruyacağını bildirirlər.