Əli Şamilə həsr edilmiş xatirə kitablarının təqdimat mərasimi

by Samir Asadli

Azərbaycan Yaziçılar Birliyinin Natəvan klubunda tədqiqatçı-jurnalist, folklorşünas,  AMEA Folklor İnstitutunun  xarici əlaqələr bölməsinin rəhbəri Əli Şamilə həsr edilmiş “Türk dünyasının Əli Şamil hocası ” və “Turan sevdalısı ” kitablarının təqdimat mərasimi keçirildi.

Mərasimi giriş sözü ilə açan tədqiqatçı alim Nazir Əhmədli təqdim olunan kitabların ərsəyə gətirilməsindən, Əli Şamilin Türkiyə, Rusiya, Almaniya, Ukray­na, İsveç, Albaniya, Suriya və başqa ölkələrdə yaşayan qələm dostlarının ona olan sevgisindən və  Azərbaycandan da əvvəl Türkiyədə bu kitabların necə böyük maraqla qarşılandığından danışdı.

Folklorşünas alim  Aynur Qəzənfərqızı  Türk dünyası sevdalısı olan Əli Şamilin 75 illik yubileyi ərəfəsində nəşr edilən bu ki­tablarda xatirələrlə yanaşı, Əli Şamilin araşdır­maları vasitəsilə türk xalqları tarixinin maraqlı səhifələrinin, azadlıq mücadiləsi fədailəri haqqında geniş məlumatların yer aldığını bildirdi və çıxışını Əli Şamilə həsr olunmuş video slaydı təqdim edərək yekunlaşdırdı.

Mərasimdə çıxış edən xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycanın İrandakı sabiq səfiri, tarixçi-professor  Nəsib Nəsibli,  tanınmış telejurnalist və publicist, BDU-nun kafedra müdiri Qulu Məhərrəmli, yazıçı və tərcüməçi alim, BDU-nun professoru Vaqif Sultanlı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, ədəbiyyatşünas Bədirxan Əhmədov, “Xalq qəzeti” baş redaktorunun müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu və başqaları Əli Şamillə  bağlı xatirə və dəyərli fikirlərini bölüşdülər.

Mərasimin sonunda söz verilən Əli Şamil və həyat yoldaşı Əzizə Şamil   təqdimatı təşkil edənlərə və  kitabların ərsəyə gətirilməsində xidmətləri olan Nəzir Əhmədliyə, Aynur Qəzənfərqızına, eləcə də zəhməti olan hər kəsə təşəkkür etdilər.

Təqdimat  xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.

XQ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK