Türkologiya sahəsində zəngin akademik təcrübəsi olan, ABŞ-ın Berneli Universitetinin keçmiş qonaq professoru bir sıra əsərlərin müəllifi, dünyanın nüfuzlu universitetlərində, o cümlədən Stenford və Kaliforniya universitetlərində mühazirələr oxumuş, məruzə və çıxışlar etmiş tanınmış türkoloq A.Sanduçinin “Qədim alimlər türk xalqları haqqında” ikicildlik kitabı ABŞ-da “World Scholarly Press” tərəfindən nəşr olunmuşdur. Monoqrafiya “ön söz”, səkkiz fəsil və biblioqrafiyadan ibarətdir.
“Ön söz”də “türk” etnonimi, eləcə də ən qədim dövrlərdən başlayaraq, müxtəlif türk adları barədə yığcam məlumat verildikdən sonra latın əsaslı müasir türk əlifbası beynəlxalq ingilis əlifbası ilə müqayisədə təqdim edilir. Əsərdə verilmiş türk sözləri oxucuya, xüsusilə müxtəlifdilli mütəxəssislərə mümkün qədər düzgün fonetik tərkibdə çatdırılır.
Çoxsaylı, çoxdilli və son dərəcə zəngin mənbələrə əsaslanmış tədqiqatçı mükəmməl elmi-metodoloji quruluşu ilə seçilən monoqrafiyasında türklər (və türkologiya) üçün artıq müəyyənləşmiş, mübahisə doğurmayan məsələlərdən bəhs etməklə yanaşı, olduqca mübahisəli, polemik problemlərə geniş yer verir.
Birinci fəsildə türklərin Bibliyaya görə tarixşünaslığı araşdırılır. İkinci fəsildə bu qədim etnosun tanrıları, ana yurdları və ilkin tayfa diferensiasiyası barədə təsəvvür yaradılır. Üçüncü fəsil isə türk tayfalarının qədim əlaqələrinə, etnik inteqrasiya məsələlərinə həsr olunmuşdur.
Türk və İran tarixşünaslığında tamamilə əks mövqelərdən yanaşılmış Midiya məsələsini A.Sanduçi məhz bir türkoloq kimi, həll edərək əsərin dördüncü fəslində göstərir ki, midiyalılar türk mənşəli olmuşlar. Müəllif eyni fikri sonrakı, beşinci fəsildə skiflər, saklar, parfiyalılar, baktriyalılar, hunlar, sarmatlar və b. xalqlar haqqında da deyir. Və bu zaman, təbii ki, qədim müəlliflərin mötəbər mülahizələrinə istinad edir.
“Qədim alimlər türk xalqları haqqında” kitabının altıncı fəsli qədim türklərin əlifba və yazı mədəniyyətindən, yeddinci fəsli isə doğrudan da, türk tarixinin unikal hadisəsi olub, əsərdə də ətraflı təhlil edildiyi kimi, ictimai-siyasi (dövlətçilik), dini-ideoloji (mənəvi), iqtisadi-təsərrüfat və s. sahələrə nüfuz etmiş türk damğalarından söhbət açır. Nəhayət, sonuncu, səkkizinci fəsildə qədim Amerika türklərindən bəhs olunur ki, bu mövzu son dövrlərdə türkologiyada xüsusi aktuallıq qazanmışdır.
A.Sanduçinin zəngin linqvistik, arxeoloji, etnoqrafik və s. materiallarla təchiz olunmuş “Qədim alimlər türk xalqları haqqında” əsəri, heç şübhəsiz, türk xalqları tarixi ilə maraqlanan hər kəsə dəyərli bir töhfədir.
Aysel Qəribli,
“Türkologiya” jurnalının məsul katibi