Hacıbəylilər şəcərəsini zənginləşdirmiş bəstəkar

by Samir Asadli

İsmayıl Hacıbəyov – 75

Onun haqqında düşündükcə, nədənsə, atası Soltan Hacıbəyovun “Kar­van” simfonik lövhələri gözlərim önündə canlandı. Düz 18 il əvvəl “Dünya duracaq yer deyil”, – deyərək harasa tələsən karvan ünlü sənətkarlar nəsli­nin son yadigarını da aparıb, əbədiyyətə qovuşdurub. Amma zaman və sənət karvanının ötdüyü yerlərdə cəmi 57 il yaşamış bəstəkar, Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun da silinməz izləri qalıb. 

Mayası musiqi ilə yoğrulmuş yeniyet­mə İsmayılın sənət yanğısı onu Azərbay­can Dövlət Konservatoriyasına gətirib. Orada professor Qara Qarayevin tələbəsi olub, az müddətdə peşəkarcasına yazdığı musiqiləri ilə nəslinin şöhrət çələnginə sol­maz güllər taxıb. Dahi Üzeyir bəyin qar­daşı nəvəsi olan İsmayıl Hacıbəyov ömrü boyu konservatoriyada çalışıb. Hətta ötən əsrin təbəddülatlarla dolu olan son dövr-lərində, klassik musiqi sənətinin bir növ qiymətdən düşdüyü vaxtda o, əmisinin, atasının nəfəsi ilə qızınmış doğma ocağını – konservatoriyanı tərk etməyib.

Bəstəkar kimi formalaşmasında Sol­tan Hacıbəyovun, Qara Qarayevin böyük zəhməti olduğunu daim vurğulayan İsma­yılın yaradıcılığı çoxşaxəli idi. Hələ tələ­bə olarkən müxtəlif janrlı əsərlər yaradıb. Onun simfonik və kamera əsərləri, piano üçün yazdığı musiqilər diqqət çəkib. İsma­yıl Hacıbəyov böyük Üzeyir bəydən gələn ənənəni özünəməxsus şəkildə davam və in­kişaf etdirib. Mütəxəssislər onun yaradıcı­lığı mədəniyyət tariximizdə bir hadisə he­sab ediblər. Neçə-neçə əsərini Azərbaycan musiqisinin incisi kimi dəyərləndiriblər.

Gəlin, haqqında söylənilənləri unudul­maz bəstəkarın doğum günündə bir daha xatırlayaq.

Azərbaycan Milli Elmlər Akademi­yasının müxbir üzvü, Xalq artisti, bəstə­kar Arif Məlikov: “Bütöv bir əsrdir ki, Hacıbəyov familiyası musiqinin, musiqi mədəniyyətinin, incəsənətin, xalq məhəb­bətinin, ölməzliyin, keçmişin, bugünün və gələcəyin rəmzi kimi səslənir. Həqiqətən də, adlara fikir verəndə bu soyadın məna yükü daha da artır: dahi Üzeyir bəy, Zül­füqar, Niyazi, Çingiz, Soltan, İsmayıl… O, 1949-cu ildə Üzeyir Hacıbəylinin ölümün­dən bir il sonra (əgər belə demək olarsa) dünyaya gəlib. Qəribədir ki, atası Soltan Hacıbəyov dünyasını dəyişməmişdən bir neçə saat əvvəl mənə öz kabinetində belə dedi: “Gözün İsmayılın üstündə olsun”. Mən çox fərəhlənirdim ki, bu tanınmış və məşhur nəslin belə istedadlı nümayəndəsi ilə uzun illər dostluq etdim”.

Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova: “İsmayıl çox təmiz adam olub. Sənətdən başqa ayrı düşüncəsi yox idi. Bir devizi var idi – “Əsər o zaman ölməzlik qazanır ki, böyük mübarizələrin nəticəsində yaransın”. O, təkcə tələbələrinə yox, həmkarlarına da nümunə və örnək idi. Hələ də İsmayılı soruşanlar, axtaranlar var. Heç kim onun vəfat etdiyinə inanmır. Bu da görkəmli bəstəkarımızın əbədiyaşarlığı­na bir mesajdır”.

Bəstəkar Xəyyam Mirzəzadə: “İntel­lektuallığı ilə seçilən sənətkarların əsər­lərinin müqəddəratı həmişə qəribə olur. İsmayılın isə elə əsərləri var ki, hələ üzə çıxmayıb. O, həmişə iş prosesində idi. Hət­ta bir müddət filarmoniyada musiqi rəhbə­ri işləyib, amma heç zaman bu fürsətdən bəhrələnməyib. Bir dəfə də olsun bu böyük səhnədə öz əsərini ifa etdirməyib. Bu da tə­vazökarlığına bir misaldır”.

Musiqişünas Vəfa Abbasova: “İs­mayıl Hacıbəyovun “Memorial” kanta­tası bəstəkarın böyük yaradıcılıq tapın­tısı olan texniki vasitələrin kompleksli istifadəsi, onların musiqi obrazları və əsərin dramaturgiyasının tərkib hissələ­ri kimi çıxış etməsi və nəticədə, hüdud­suz musiqi sferası effektinin yaranması, maraqlı tembr tapıntıları və təzadları, emosional baxımdan çox səmimi, insani ümumbəşər xeyir və şər anlamları üzə­rində düşünməyə vadar edir. “Memorial”kantatası Azərbaycan musiqi sənətinin ən dəyərli nümunələrindən biridir”.

Bu isə onun həyat və sənət yoldaşı, pi­anoçu və bəstəkar, Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyo­vanın xatirəsidir: “İsmayılın təkcə həmkar­larının, dostlarının, yaxınlarının deyil, tələ­bələrinin də qəlbində böyük məhəbbəti, sevgisi olub. Bu hörməti, bu etibarı hər kəs qazana bilmir. İsmayıl bütün ömrü boyu Hacıbəylilər nəslinin övladı olduğunu və bu doğma ocaqda işləməyin məsuliyyətini heç vaxt unutmayıb. Xüsusilə də soyadı üçün çox həyəcan keçirirdi. Haradasa bir afişada, qəzet məqaləsində, kitabda öz fa­miliyalarını oxuyanda çox sevinirdi. Mən onu başa düşürdüm. Üzərində dahi Üzeyi­rin, atası Soltanın, maestro Niyazinin mə­suliyyəti var idi”.

İsmayıl Hacıbəyovun simfonik orkestr üçün bəstələdiyi “Naxışlar” fantaziya­sı xüsusilə cəlbedicidir. Digər əsərləri – “Albomdan səhifələr” süitası, piano üçün “Üç idilliya”, fleyta və simli orkestr üçün “Konsertştük”, libretto müəllifi olduğu “Füruzə” operası, fleyta, klarnet və piano üçün “İstəklər”, nəfəs alətləri üçün kvintet və sairə onun adının musiqi mədəniyyəti tariximizə düşməsini təmin edib.

Maraqlıdır ki, o həm musiqi ladları ilə gözəl əsərlər yaradan rəssam, həm də fırça və rənglərlə dəyərli portretlər cızan rəssam olub. Böyük ustalıqla Üzeyir bəyin, Qara Qarayevin, atası Soltan Hacıbəyovun, Dmitri Şostakoviçin, həyat yoldaşı Ülviy­yə xanımın, eləcə də özünün avtoportretini çəkib, obrazları yağlı boya ilə kətan üzə­rinə köçürüb. Qəribədir ki, həmin gözox­şayan əsərlərə baxanda adamın qulağına sanki onun könüloxşayan musiqisinin səsi gəlir. Təbiət mənzərələri, natürmortları da eyni hisslər yaradır.

İsmayıl Hacıbəyov 57 illik ömrünün hər gününü mənalı keçirib, sənətə xidmət edib. Buna görə də ürəklərdə özünə taxt qura bilib. Ruhu şad olsun.

Ə.ƏLİYEV

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK