Cəmiyyətin yaddaşı və vicdanı sayılan ziyalılar hər zaman millətin inkişaf yolunda işıq saçan simalar olublar. Ziyalılıq yalnız biliklə ölçülmür. O, həm də məsuliyyət, insanlara sevgi və bu bilikləri cəmiyyətin rifahı naminə sərf etmək bacarığıdır. Ziyalı olmaq sadəcə savadlı olmaq deyil, cəmiyyətin yükünü çiyinlərində daşımaq, insanların taleyinə biganə qalmamaq, sözlə deyil, əməl ilə örnək olmaqdır.Məhz bu xüsusiyyətləri özündə birləşdirən insanlar cəmiyyətin mənəvi dayağına çevrilir, zaman keçsə də unudulmur, əksinə daha böyük ehtiramla xatırlanır.
Tarix boyu ziyalı təbəqə ictimai-siyasi proseslərin mərkəzində dayanaraq milli kimliyin qorunmasında mühüm rol oynayıblar. Onlar xalqın zəngin mədəni irsini, milli dəyərlər sistemini qoruyub inkişaf etdirərək gələcək nəsillərə çatdırmış, elmi və ədəbi yaradıcılıqları ilə ümumbəşəri dəyərlərə əhəmiyyətli töhfələr veriblar. Bu ziyalılıq ənənəsi canlı nümunələrlə nəsildən-nəslə ötürülüb. Ziyalıların fəaliyyəti nəticəsində formalaşan bu irs cəmiyyətin davamlı inkişafına və tərəqqisinə xidmət edən əsas amillərdən biri kimi çıxış edir.
Bu ənənənin davamçıları isə yalnız öz dövrünü deyil, gələcək nəsillərin düşüncə və həyat tərzini də formalaşdıran şəxsiyyətlər olur.
Bu nurlu yolun layiqli davamçılarından biri də ömrünü elmə, təhsilə və insanlara xidmətə həsr edən Yaşar Azad oğlu Rzayev olub. Onun həyat yolu ziyalılığın nə demək olduğunu sözlə deyil, əməli ilə sübut edən bir ömür salnaməsidir.
Onun ömür yolu sanki bir məktəb, bir həyat dərsliyi kimi hər kəs üçün nümunədir.
Yaşar Rzayev ixtisasca müəllim idi. Amma müəllim kimi o, yalnız dərs deyən deyil, ömrünü təhsilə, mədəniyyətə, insanlara xidmətə həsr etmiş, müəllimliyi peşədən daha çox bir missiya kimi qəbul edən, bu missiyanı son nəfəsinə qədər şərəflə daşıyan insanlardan biri idi. O, müəllim adının müqəddəsliyini ləyaqətlə qoruyub saxlamış, həyatda olduğu kimi məktəbdə də çoxlarına nümunə olub. Mənalı ömrü ilə onu tanıyanların qəlbində əlçatmaz bir heykəl ucaldan bu nurlu insan, sadəcə bir pedaqoq deyil, bütöv bir məktəb idi. Onun adı çəkiləndə təkcə bir insan yox, bir dəyər sistemi və bir müəllimlik fəlsəfəsi yada düşür. Onun həyat yolu bir insanın öz peşəsinə necə sədaqətlə bağlana biləcəyinin canlı nümunəsidir. Onun müəllimliyi yalnız sinif otağı ilə məhdudlaşmır, həyatın hər sahəsində özünü göstərirdi.
Yetirmələrinin uğurlarından ruhlanan müəllimlərimiz kimi, Yaşar müəllim də hər bir şagird nailiyyətini öz zəhmətinin bəhrəsi hesab edir, bundan mənəvi qürur duyurdu. Onu daim bir amal yaşadırdı: şəxsiyyət yetişdirmək, cəmiyyətə faydalı, savadlı və vətənpərvər insanlar qazandırmaq. Bu amal onun həyatının əsas xəttinə çevrilmişdi. O, şagirdlərinə sadəcə bilik vermirdi, onların xarakterini formalaşdırır, gələcək həyatlarına istiqamət verirdi. Bu baxımdan onun yetirmələri yalnız məzun deyil, həm də onun ideyalarının daşıyıcıları idilər.
Yaşar Rzayev 30 aprel 1936-cı ildə Yardımlının Arus kəndində anadan olub. Sadə kənd mühitində böyüyən Yaşar Rzayev elmə olan həvəsi onu müəllimlik yoluna gətirdi. Quba Müəllimlər İnstitutunda, daha sonra Pedaqoji İnstitutda aldığı təhsil onun peşəkar bir müəllim kimi formalaşmasına zəmin yaratdı. O, hər zaman öyrənməyi və öyrətməyi paralel aparan, öz üzərində işləməyi həyat tərzinə çevirən ziyalı idi.
Elm və təhsilə olan bu sonsuz bağlılıq onun bütün fəaliyyətində özünü aydın şəkildə göstərirdi. O, fəaliyyətə başladığı ilk gündən məsuliyyətini dərindən dərk edən, işinə vicdanla yanaşan bir ziyalı kimi seçilirdi. Arus kənd orta məktəbində müəllim, tədris hissə müdiri, direktor kimi çalışan Yaşar müəllim hər bir vəzifədə özünü doğrultmuş, kollektivin və ictimaiyyətin böyük rəğbətini qazandı. 1951-ci ildə Yardımlı rayon Xalq Maarif Şöbəsi yanında metodik kabinetdə katib kimi fəaliyyətinə başlaması isə onun gələcək taleyinin ilk addımı idi. Sonralar rayon Maarif şöbəsinin müdiri, Mədəniyyət şöbəsinin rəhbəri kimi daha geniş miqyasda fəaliyyət göstərərək təhsilin və mədəniyyətin inkişafına dəyərli töhfələr verib. Onun rəhbərliyi dövründə atılan addımlar yalnız həmin dövr üçün deyil, sonrakı illər üçün də möhkəm təməl yaratdı. Onun idarəçilik bacarığı, uzaqgörənliyi və təşkilatçılığı bu sahələrin inkişafında mühüm rol oynadı.
O, məktəbi yalnız dərs keçirilən məkan kimi görmürdü. Onun üçün məktəb insan yetişdirən müqəddəs ocaq idi. Müəllim isə bu ocağın ən məsuliyyətli daşıyıcısıdır. O, şagirdlərinin yalnız bilikli deyil, həm də mənəviyyatlı, vətəndaş mövqeyi olan insanlar kimi yetişməsinə çalışırdı. Hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə alar, onların daxili aləmini anlamağa səy göstərərdi. Onun pedaqoji yanaşmasının əsasında insanı anlamaq, ona dəyər vermək dayanırdı.
Bu yanaşma onu sadəcə müəllim deyil, həm də tərbiyəçi və yolgöstərən bir şəxsiyyətə çevirirdi.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli peşədir. Bu həqiqəti həyatının hər anında doğruldan Yaşar müəllim şagirdlərinin şıltaqlıqlarına səbrlə yanaşar, onların uğurlarına sevinər, çətinliklərinə isə həssaslıqla yanaşardı. O, şagirdlərinə yalnız dərs öyrətmirdi, onlara həyat dərsi verirdi. Davranışı, danışıq tərzi, sadəliyi və mədəniyyəti ilə seçilərək əsl müəllim nümunəsi idi. Onun sinfindən çıxan hər bir şagird təkcə savadlı deyil, həm də tərbiyəli bir insan kimi formalaşırdı. Onun dərsləri yadda qalan yalnız mövzularla deyil, həyat üçün verilən dəyərlərlə seçilirdi.
Əsrlər boyu müəllim cəmiyyətdə sayılıb-seçilən insanlar sırasında olub. Bu gün də bu ənənə davam edir və belə insanlar sayəsində müəllim adı uca tutulur. Yaşar Rzayev kimi ömrünü xalqına həsr edən ziyalılar cəmiyyətin mənəvi dayaqlarıdır. Onlar cəmiyyətin görünməyən, amma ən möhkəm sütunlarıdır.
Yaşar Rzayevin fəaliyyəti təkcə məktəblə məhdudlaşmırdı. Rayonda ibtidai məktəblərin orta məktəbə çevrilməsi, qiyabi təhsilin təşkili kimi mühüm təşəbbüslərin həyata keçirilməsində onun əməyi danılmazdır. O, hər zaman rayonun inkişafını düşünən, problemlərin həlli üçün təşəbbüs göstərən, xalqın yanında olan bir ziyalı idi. Haqq-ədalət uğrunda mübarizə aparmaq onun həyat prinsipinə çevrilmişdi. O, hər zaman məzlumun yanında dayanmağı üstün tutmuşdur. Onun üçün vəzifə nüfuz vasitəsi deyil, xalqa xidmət imkanı idi. Bu xüsusiyyətlər onu təkcə müəllim kimi deyil, həm də əsl vətəndaş kimi tanıdırdı.
O, həm də əsl ziyalı, gənclərin gələcəyi üçün yorulmadan çalışan böyük şəxsiyyət idi. Onun bütün həyatı və fəaliyyəti bir amala- Yardımlı gənclərinin təhsilə, mədəniyyətə, ədəbiyyata bağlı, savadlı, dünyagörüşlü və kamil insanlar kimi yetişməsinə xidmət edirdi. Bu yolda o, heç vaxt yorulmadı, heç bir çətinlikdən çəkinmədi, daim axtardı, yaratdı, təşəbbüs göstərdi. Onun üçün müəllimlik yalnız peşə deyil, xalqına, gələcəyə xidmət missiyası idi. Gənclərin uğurunu öz uğuru bilən, onların inkişafını həyatının mənası hesab edən bu nurlu insan ömrünün sonuna qədər bu müqəddəs yolda sədaqətlə çalışdı. Onun həyatı bir amalın, bir ideyanın necə sədaqətlə yaşana biləcəyinin bariz nümunəsidir.
Bu baxımdan o, bir ömrə sığan böyük bir missiyanın daşıyıcısı idi.
Onun zəhməti dövlət tərəfindən də yüksək qiymətləndirilib. “Xalq təhsili əlaçısı”, Təhsil Nazirliyinin “Əmək veteranı” kimi fəxri adlara layiq görülməsi onun uzun illər ərzində göstərdiyi xidmətlərin təsdiqidir. Lakin onu tanıyanlar yaxşı bilirdi ki, Yaşar müəllim üçün ən böyük mükafat insanların hörməti, şagirdlərinin qazandığı uğurlar idi. O, mükafatları deyil, insanların qəlbində qazandığı yeri daha dəyərli hesab edirdi. Bu isə onun təvazökarlığının və mənəvi böyüklüyünün ən bariz göstəricisi idi.
Yaşar müəllim həm də nümunəvi ailə başçısı idi. Tələbkar ata, qayğıkeş baba kimi ailəsində də böyük hörmət qazanmışdı. Onun insanlara olan diqqəti, səmimiyyəti və qayğıkeşliyi onu ətrafında hər kəs üçün doğma etmişdi. Ailəsində göstərdiyi qayğı və məsuliyyət onun şəxsiyyətinin ayrılmaz hissəsi idi. O, əsl kişi qeyrəti, sözübütövlüyü, ədaləti ilə seçilən, rayonun sayılıb-seçilən, hörmət və ehtiram qazanan ağsaqqallarından biri idi. Onun həyat yolu, insanlara münasibəti, əməyi və mənəvi irsi bu gün də onu tanıyanların yaddaşında yaşayır və gələcək nəsillər üçün örnək olaraq qalır. Belə şəxsiyyətlər zamanın fövqündə dayanır, onlar dünənin də, bu günün də, sabahın da insanıdır.
Onun ailədə və cəmiyyətdə tutduğu mövqe bir-birini tamamlayan dəyərlərin vəhdəti idi.
2012-ci il fevralın 13-də dünyasını dəyişən Yaşar Rzayev bu gün də hörmətlə yad edilir. O, yaddaşlarda yalnız bir müəllim kimi deyil, əsl insan, müdrik ziyalı, qayğıkeş ağsaqqal kimi yaşayır. Onun adı yetişdirdiyi nəsillərin uğurlarında, gördüyü işlərin bəhrəsində yaşayır və yaşayacaq. Belə insanlar dünyadan köçsələr də, onların izi silinmir, əksinə zaman keçdikcə daha da aydın görünür.
Onun xatirəsi isə onu tanıyanların qəlbində daim canlı qalır.
Hər dövrün öz sözü, öz səsi olur. Bu səsi isə adətən düşünən, axtaran və yol göstərən insanlar formalaşdırır. Onlar həyatın axarında yalnız müşahidəçi qalmır, baş verənlərə mənəvi çalar qatır, dəyərləri qoruyaraq yeniləşdirir və gələcəyə körpü salırlar. Beləliklə, ziyalılıq cəmiyyətin yaddaşı və vicdanı kimi onun sabaha doğru inamla addımlamasında mühüm rol oynayır. Yaşar müəllim də məhz bu səsi formalaşdıran, bu körpünü quran insanlardan biri idi.
Bu gün Yaşar Rzayevin anadan olmasının 90 ili tamam olur. Onun əziz xatirəsi daim ehtiramla anılır və gələcək nəsillərə örnək olaraq yaşayır. Bu yubiley yalnız bir tarix deyil, bir ömrün, bir məktəbin, bir ziyalılıq nümunəsinin yenidən xatırlanmasıdır.
Bu gün onu xatırlamaq, əslində, dəyərlərimizi, müəllimə və ziyalıya olan hörmətimizi bir daha xatırlamaq deməkdir.
Samir Əsədli