“S.Rüstəmxanlı poeziyası öz oxucusunu yalnız yeni duyğular, yeni arzular, yeni fikirlər ilə deyil, həm də ən başlıcası qeyrətlə silahlandırır.”
Xalq şairi Xəlil Rza Ulutürk.
YANDIRAR MƏNİ
Gеcikib payızda açılan çiçək,
Sеvinci qürubda оyanan ürək,
Qatardan ayrılıb yоl gеdən durna,
Sоnsuz düzənlərdən çоvuyan külək,
Sizin kədəriniz yandırar məni.
Övlad yоllarına göz dikə-dikə
Ömrü yоla vеrən, ay ata-ana!
Övlad qayğısına yеtə bilməmiş
Yеtdiniz оnların ayrılığına!
Ürək intizarda, qulaqlar səsdə.
Günlər хəbərlərdən asılı qaldı.
Dünyanı dоlandı ürəkparanız
Ömür bir оcağa qısılı qaldı.
Dağlar arхasında, ay balaca kənd,
Şеhli cığırları titrəyən çöllər,
İşığı sоzalmış ay dоğma оcaq,
Nağılı bitməmiş mеhriban еllər,
Sizin dözümünüz yandırar məni!
Gözü çеşmə оlmuş qardaşıma baх,
Sərhədlər üstündən yеnə əl еdir.
О Araz çayıdır – ağ şimşək kimi,
Ya hicran dağları əriyib gеdir?
Siz еy yеr üzünə dоğulmamışdan
Alnına ayrılıq sözü yazılan!
Özü bu dünyaya göz yummamışdan
Qəlbində ümidə məzar qazılan
Cənublu, şimallı – о tay, bu taylı
Hicranı əsrlə başabaş оlan,
Dərbəndli, kərküklü, qarayazılı,
“Türk”, “tatar”, “iranlı”, “əcəm”,
“müsəlman”,
Gah da “tərəkəmə”, “qızılbaş” оlan,
Qоlları Araza körpü оlmamış
Sınıq körpüləri su altda qalan
Fikirli qardaşlar, qəmli bacılar!
Sizin sükutunuz yandırar məni!
Qurbanı оlduğum, ay ata-ana,
Başına döndüyüm Vətən tоrpağı,
Körpüsü qırılan qəmli Arazım,
Ümidim, göz yaşım, həyatım, arzum!
Sizin sükutunuz yandırar məni,
Sizin kədəriniz yandırar məni,
Sizin dözümünüz yandırar məni!…
13 yanvar, Dubultu
Milli həsrətin poetik ifadəsi
…1982-ci ildə qələmə alınmış “Yandırar məni” şeiri Azərbaycan poeziyasında milli yaddaş, parçalanmış milli kimlik və tarixi ayrılıq mövzularının dərin poetik ifadələrindən biridir. Şeir dolğun bir əsər kimi marksizm-leninizmə əsaslanan SSRİ adlı böyük dövlətin ideoloji məkanında yazılmasına baxmayaraq, şair milli problemin mahiyyətinə ciddi toxunur və bunu açıq şüarçılıqdan uzaq, simvolik, lakin son dərəcə aydın bir poetik dillə ifadə edir. Bu əsər həm şairin fərdi qəlb çırpıntılarının, həm də ümummilli dərdin bədii sintezini aydın göstərir. Şeirin əsas semantik dayaqlarından biri ayrılıqdır. Bu ayrılıq konkret bir insanın yoxluğundan deyil, tarixən zorla parçalanmış bir millətin taleyindən qaynaqlanır. Şair ayrılıq hissini birbaşa deyil, təbiət və hərəkət obrazları vasitəsilə təqdim edir:
“Gecikib payızda açılan çiçək,
Qatardan ayrılıb yol gedən durna…”
Payızda açılan çiçək – təbiətin ritmindən kənar düşmüş həyat, qatardan ayrılan durna isə ümumi taleyindən qoparılmış xalqın simvoludur. Burada “qatardan ayrılma” ifadəsi təsadüfi deyil; qatar zamanın, tarixin və tərəqqinin rəmzidir. Ondan ayrılan durna isə öz iradəsindən asılı olmayan bir taleyin daşıyıcısıdır.
Şeirdə ata-ana motivi fərdi ailə çərçivəsindən çıxaraq Vətən və xalq anlayışına yüksəlir:
“Övlad yollarına göz dikə-dikə,
Ömrü yola verən, ay ata-ana!”
Burada valideyn obrazı əsrlərlə yol gözləyən millətin metaforasıdır. “Ömrü yola vermək” ifadəsi isə yalnız gözləməyi deyil, ümidin zamanla aşınmasını bildirir. Bu, fiziki ayrılıqdan daha çox siyasi – ideoloji baryer və ya süni tıxaclarla möhkəmləndirilmiş bir hicrandır. Elə bir hicran ki, qan qohumu olan insanların həyatında illərlə silinməz izlər qoyub.
Şeirin ideya yükünü daşıyan əsas məkan obrazı Araz çayıdır:
“Körpüsü qırılan gəmli Arazım,
Ümidim, göz yaşım, həyatım, arzum…”
Azərbaycan ədəbiyyatında ayrılıq simvoluna çevrilən Araz burada yalnız coğrafi anlayış deyil, parçalanmış milli bədənin şah damarıdır. “Körpüsü qırılan” Araz — əlaqənin, birliyin, qovuşmanın mümkünsüzlüyünü və ya çətinliyini simvolizə edir. Körpünün qırılması təkcə fiziki yox, tarixi və siyasi ayrılığı ifadə edir. İllər sonra Sabir bəy KİV-ə verdiyi müsahibələrinin birində qeyd edir ki, Araz bir simvoldur, ayrılıq varsa, Araz da var. Xalq şairinin fikrincə, Araz olmasaydı, Savalan dağı, Muğan çölləri deyəcəkdik, ayrılığı rəmzləşdirən bir sərvətimiz olacaqdı. Araz ədəbiyyatımızın parlaq obrazıdır, ayrılığı yox, həm də birliyi, bütövlüyü bildirir. Ona görə Araza yalnız ayrılığın rəmzi kimi baxmaq lazım deyil, biz ona həm də birləşdirici çay kimi baxmalıyıq. Çünki üstündən salınan Xudafərin körpüsü ilə bizi birləşdirir. Araz tarix üçün andır, Savalanlı, Şahdağlı, Mil-Muğanlı… ”
Qayıdaq “Yandırar məni” şeirinə. Bu şeirin ən kəskin ideoloji qatlarından biri millətin müxtəlif adlarla parçalanmasına qarşı üsyandır:
“Türk”, “tatar”, “iranlı”…
“müsəlman”,
Biri də “törəmə”, “qızılbaş” olan…”
Bu misralarda şair adların çoxaldılması yolu ilə mahiyyətin gizlədilməsini ifşa edir. Burada problem etnik müxtəliflik deyil, süni kimlik bölgüsüdür. Eyni kökdən gələn xalqın müxtəlif siyasi-etnik etiketlərlə təqdim olunması milli özünüdərkin parçalanmasına xidmət edən tarixi proses kimi təqdim edilir.
Şeirin emosional kulminasiyası “sükut” anlayışı ilə bağlıdır:
“Sizin sükutunuz yandırar məni!”
Rəhmətlik Xəlil Rza Ulutürk yazırdı ki, “Bu, fəryaddır, milli şüurun ləngiməsinə qarşı ŞAİR FƏRYADI” Bu lal sükut qorxunun, təzyiqin və senzuranın nəticəsi olsa da, şair onu məsuliyyətsizliyin poetik ittihamına çevirir. Burada açıq mübarizə çağırışı yoxdur, lakin mənəvi narahatlıq yaratmaqla oyatma cəhdi mövcuddur. Şeir oxucunu birbaşa hərəkətə çağırmasa da, oxucunu məlumatlandırır, onun daxili yanğısını alovlandırır.
…1982-ci il SSRİ məkanında milli birlik, Araz həsrəti, türk kimliyi kimi anlayışların bu qədər aydın poetik şəkildə ifadəsi ədəbi cəsarətin göstəricisidir. Şair ideoloji baryerləri birbaşa dağıtmır, lakin onları simvol, metafora və emosional yüklü obrazlar vasitəsilə aşır. Bu baxımdan “Yandırar məni” senzura dövrü poeziyasının səciyyəvi nümunələrindən biridir.
Göründüyü kimi, şairin vətəndaş yanğısı ilə ərsəyə gətirdiyi “Yandırar məni” şeiri milli həsrətin poetik ifadəsi, parçalanmış kimliyə poetik etiraz, səssiz, lakin dərin bir birlik və özünüdərk çağırışıdır. Bu əsər oxucunu yanğı ilə silkələyir. Şeir göstərir ki, millət sussa da, danışmasa da, onun yaddaşı susmur, danışır. Və bu yaddaş susduqca yox, sılkələnib yana-yana danışdıqca yaşayır. Və bu problemi gələcəyə daşıyır.
HAŞİYƏ: Sabir bəy Cənubi Azərbaycanla bağlı “Yandırar məni” şeirini və ən çox sevilən əsərlərindən olan “Sağ ol, ana dilim!” şerini uzaq Latviyanın Yurmala şəhərinin inzibati mərkəzi və ən qədim hissəsi olan Dubultuda – yaradıcılıq еvində qələmə almışdır. “Torpağım ikiyə bölünən zaman, Bu dil bölünməyən torpağım oldu” – deyən şair “Vətən” şeirini də sovet dövründə, bu mövzuda qələmə alınan əsərlərin Sabir bəyin öz təbirincə desək, “qapılar dalına qoyulduğu” illərdə yazılıb. O dövrün qadağa və yasaqlarının olduğu bir vaxtda Sabir Rüstəmxanlı gənclik enerjisi ilə yazıb – yaratdığı şeirlərində milli istiqlal ideyasını bəyan etməkdən çəkinməmişdir. Cənub mövzusunda yazdığı əsərlərdə xüsusilə bu ideya-fikir mükəmməlliyi daha aydın görünür. Sabir Rüstəmxanlının həm lirik duyğularını əks etdirən şeirləri, həm də epik lövhələri ilə yaddaqalan iri həcmli əsərləri Azərbaycan xalqının müstəqilliyə qovuşmaq idealının poetik ifadəsi ilə nə dərəcədə fərqləndiyini və səsləşdiyini göstərir.
Zaman göstərdi ki, Azərbaycan poeziyasının daimi mövzusu olan milli yaddaşın oyanışı müstəqilliyə, suverenliyə çağırışdır, milli həsrətin poetik ifadəsi olmaqla yanaşı həm də milli düşüncəni, azadlıq ideyalarını və vətən sevgisinin ədəbi təcəssümüdür. Bir xalqın tarixinin, varlığının unutdurulması, onun digər xalqın içərisində əridilib yox edilməsi siyasətinə qarşı barışmazlığa səsləyiş, özünüdərkə və özünütəsdiqə cəsarətli çağırış idi.
…Hələ 1970-ci illərdə, yaradıcılığının yüksəlişli dövründə kommunist rejiminin həm ölkədə, həm də beynəlxalq aləmdə tüğyan etdiyi zaman yazdığı “Müstəqillik” şeirində də milli müstəqillik, azadlıq ideyaları diqqəti cəlb edirdi:
Müstəqillik! İlk inamım, ilk həsrətim,
Müstəqillik! Xalqın məslək bayrağıdır.
Müstəqillik – hər ölkənin, məmləkətin,
Zülm, əsarət orbitindən çıxmağıdır!
…Ötən əsrin 80-ci illərinin əvvəllərində Moskva altındakı “Peredelkino” yazıçıların yaradıcılıq evində tərcüməçisinə xitabən yazırdı ki: “Məni bir ocağa, kəndə, rayona, Bir dağ arasına, dərə dibinə, Balaca vadiyə, balaca yola, Balaca dünyaya bağlama əsla!” Siyasi xəritələrdə bölünmüş VƏTƏNİN gerçəkliyini, onun qəlbdə və mənəvi dünyada daha böyük olduğunu vurğulayan şair “Tərcüməçimə” şeirində Vətənimizin coğrafi hüdudları ilə yanaşı, onun nüfuz dairəsini doğru, düzgün dərk etməyə səsləyirdi:
Sən mənim dünyamın üfüqlərini,
Axtarma siyasi xəritələrdə!
Mən orda bölünmüş,
əyalət, azlıq…
Kağızın üstündə parça-tikəyəm,
Siyasi xəritə – siyasətbazlıq!..
Mənim taleyimə kağız biganə,
Mən bu bölgülərə üsyan səsiyəm.
Mən öz istəyimlə, sözüm, ruhumla,
Yurdumun bölünməz xəritəsiyəm!
Göründüyü kimi, şair bu şeirdə ayrı-qyrı dövlətlərə parçalanan türk dünyasının, o camlədən ikiyə ayrılan Azərbaycan ziyalısının poetik “məninin” timsalında bölünməzliyini və bu ayrılıqların müfəqqəti olduğunu ifadə edir.
Nurəddin ƏDİLOĞLU,
26.04.26.