Kazım Əliverdibəyov – 90

by Samir Asadli

Qafqazın konservatoriyası” adlanan Şuşa çox sayda istedadlı musiqiçilər yetirib. Tanınmışlar sırasında Əliverdibəyovlar sülaləsinin, ilk növbədə, Üzeyir Hacıbəylinin dayısı və ilk musiqi müəllimi Ağalar Əliverdibəyovun adı çəkilir. O, bəstəkar Nazim, skripkaçı Rasim, pianoçu Nüşabə Əliverdibəyovlar kimi məşhur musiqiçilərin atası idi. Onun digər oğlu – bu gün 90 illik yubileyi olan dirijor Kazım Əliverdibəyov da sülalənin adına şərəf gətirənlərdən idi.

…Bu ilin bir yaz axşamı idi. Şəxsi minik maşınımda rayondan Bakıya qayıdırdım. Radioqəbuledicini açanda akademik Rafael Hüseynovun məşhur “Axşam görüşləri” verilişinin başlanması elan edildi. Maraqla qulaq asdım. Söhbət Kazım Əliverdibəyovdan gedirdi. Rafael müəllim ondan hələ 1974-cü ildə radio üçün 1 saatlıq müsahibə aldığını xatırladı, söhbətlərinin ən maraqlı nüanslarını misal gətirdi. Dedi ki, tamaşaçılar Üzeyir Hacıbəylinin və bir çox məşhurların əsərlərini Kazım Əliverdibəyovun təqdimatındə həmişə alqışlarla qarşılayıblar. O, xüsusi zövq sahibi olub, həmişə məlum və məşhur əsərlərə dirijorluq edib.

Doğrusu, həmin günə qədər Kazım Əliverdibəyov haqqında elə də geniş məlumatlı deyildim. Amma “Axşam görüşləri”ndən sonra bu baxımdan xeyli zənginləşdim. Onu da öyrəndim ki, əksər həmkarları kimi, Kazım Əliverdibəyov da çox danışmağı sevmirmiş. Haradansa bu barədə oxumuşam: “Axı, dirijor çox zaman susur. Danışan çubuğu, mimikaları, əlləri və gözləri olur. O, sadəcə, orkestrlə danışır ki, bunu da tamaşaçı görmür”.

Kazım Əliverdibəyov deyirdi ki, onların ailəlikcə musiqiçi olması atasının arzusu, Üzeyir bəyin təkidi ilə baş tutub. O, 1944-54-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacibəyli adna Bakı Musiqi Akademiyası) nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin skripka sinfində oxuyub. Böyük qardaşı Nazimlə tez-tez Niyazinin, eləcə də məşhur rus, belorus, ukraynalı dirijorların Bakıdakı çıxışlarına baxmağa gedib və bu sənətə könül verib. Niyazinin daha çox vurğunu olub.

Orta təhsilini bitirdikdən sonra konservatoriyanın xor dirijorluğu fakültəsinə daxil olan gənc musiqiçi hələ tələbə ikən Süleyman Ələsgərovun təklifi ilə musiqili komediya teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dirijor vəzifəsinə dəvət olunub. 1959-cu ildə ali təhsilini başa vurub. Bir il sonra dirijorluq fəaliyyətini Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrında davam etdirib. Teatr tariximizdə ilk dəfə Adanın “Jizel” baletini səhnəyə qoyub. Özü də o zaman baletin yalnız klavirləri varmış, partituranı gənc dirijor özü yaradıb. 1996-cı ildə Türkiyədən dəvət alan Kazım Əliverdibəyov 10 il İzmir Konservatoriyası Böyük Simfonik Orkestrinə rəhbərlik edib və eyni zamanda dirijorluqdan dərs deyib. Orada işləyərkən dəfələrlə Fransaya dəvət edilərək, konsertlər verib. Sonra Bakıya qayıdaraq, Musiqi Akademiyasında çalışıb, solo oxuma va opera hazırlığı kafedrasının professoru olub, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Kazım Əliverdibəyov vaxtaşırı keçmiş ittifaqın şəhərlərində – Moskva, Leninqrad, Soçi, Daşkənd, Kiyev, Kislovodsk, Qorkidə qastrollarda olub, Azərbaycan musiqisini şöhrətləndirib.

On il əvvəl BMA-da onun 80 illik yubileyi təntənə ilə qeyd edilib. Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Rafael Hüseynov, Xuraman Qasımova, Rəfiqə Axundova, Sərdar Fərəcov və başqaları onun haqqında yüksək fikirlər söyləyiblər. Müslüm Maqomayev, Tamara Sinyavskaya, Yelena Obraztsova, Bella Rudenko kimi səs ustalarının ifalarına dirijorluq etdiyi bildirilib. Xatırlanıb ki, Kazım Əliverdibəyov Pyotr Çaykovskinin “Qu gölü” və “Şelkunçik” (“Fındıqqıran”), Fikrət Əmirovun “Şur”, Frederik Şopenin “Şopeniana”, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Qaetano Donizettinin “Sevgi içkisi” və sair baletlərinə quruluş verib. Üzeyir bəyin “Əsli və Kərəm” operasının partiturası da ona məxsusdur. Bir qayda olaraq, bütün solistlərə xoş münasibət bəsləyib, özünü yetərli qədər sadə aparıb.

Özü danışırdı ki, dostu, SSRİ Xalq artisti Müslüm Maqomayevlə dəfələrlə birgə çıxış edib. “Ulu öndər Heydər Əliyev Müslümün bütün tamaşalarına gələrdi. İllər sonra görüşlərinin birində dahi şəxsiyyət üzünü Müslümə tutaraq dedi ki, yaxşı xatırlayıram, sən bizim opera teatrında “Seviliya bərbəri”ndə gözəl oxudun. Sonra məclis iştirkçılarından “Dirijor kim idi?” – deyə soruşdu. Kimsə “Rauf Abdullayev idi” deyə cavab verəndə Heydər Əliyev ona düzəliş verdi: “Yox, Rauf deyildi, onda dirijor Kazım idi”. Müslüm də təsdiqlədi”.

Kazım Əliverdibəyov dirijor kimi şux, gümrah görünməyində, heç vaxt pult arxasında, necə deyərlər, taqətdən düşməməyində idmanın da rolu böyük olub. Yeniyetmə vaxtlarından voleybol və şahmatla məşğul olub, yarışlarda mükafatlar qazana bilib. Hətta 3-cü kursda oxuyarkən Tbilisidə keçirilən şahmat yarışında sənət institutlarının tələbələri və gənc müəllimlər arasında 2-ci yeri tutub.

Kazım Əliverdibəyov Prezidentin fərdi təqaüdçüsü idi. 2022-ci il dekabrın 19-da dünyasını dəyişib. Amma ömrü xatirələrdə hələ də davam edir.

Əli NƏCƏFXANLI

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK