Neftçala rayon Mərkəzi Kitabxanasında tanınmış yazıçı-publisist Əlövsət Poladın “Ölümə hazırlıq” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Kitabda müəllifin xatirələri, məktubları, qeydləri və müxtəlif illərdə qələmə aldığı publisistik məqalələr yer alıb.
Tədbirdə Neftçala rayonunun tanınmış şair və yazıçıları, ziyalıları, ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Əlövsət Poladın çoxşaxəli yaradıcılığından, o cümlədən Neftçalanın tarixi, ictimai-siyasi həyatı, ədəbi-bədii və fəlsəfi mövzulara dair qələmə aldığı əsərlərindən danışıblar. Müəllifin publisistik fəaliyyəti, yerli mətbuata verdiyi töhfələr və rayonun ədəbi həyatında tutduğu yer yüksək qiymətləndirilib.
Təqdimat zamanı müəllif haqqında səmimi fikirlər, təbriklər və xoş arzular səsləndirilib.
Sonda çıxış edən Əlövsət Polad tədbirin yüksək səviyyədə təşkilinə və yaradılan səmimi mühitə görə bütün iştirakçılara və kitabxana kollektivinə təşəkkürünü bildirib.
