Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının baş müəllimi, tarixçi alim, gənc tədqiqatçı Elnur Nəciyevin “Səfəvi dövlətinin əhalisi” adlı monoqrafiyasının təqdimatı keçirilib.
XQ xəbər verir ki, BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov çıxış edərək monoqrafiyanın əhəmiyyətindən, belə tədqiqatların tariximizin araşdırılmasında, eləcə də Azərbaycanın qədim torpaqları, əhalisi, mədəniyyəti ilə bağlı həqiqətlərin üzə çıxarılmasında mühüm rolundan danışıb. Kitabı tələbələr üçün faydalı mənbə adlandıran prorektor BMU əməkdaşlarının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.
Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva Səfəvilər dövlətinin yaranması və inkişafının Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmasını önə çəkib, kitabın gənclərin milli ruhda yetişməsində böyük rol oynayacağını söyləyib.
Təqdimata virtual olaraq qoşulan nəşrin elmi redaktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov kitabı dövlətçilik tariximiz üçün mühüm tədqiqat işi kimi xarakterizə edib və müəllifə gələcək tədqiqatlarında uğurlar arzulayıb.
Sonra tədbirdə kafedranın professorları Şikar Qasımov, Abbas Seyidov və digərləri çıxış ediblər. Çıxışlarda orta əsr Azərbaycan dövlətlərinin, o cümlədən tarixi torpaqlarımızı ilk dəfə vahid mərkəzləşdirilmiş dövlət halında birləşdirməyə nail olan Azərbaycan Səfəvi dövlətinin əhali tarixinin öyrənilməsinin aktuallıq kəsb etdiyi vurğulanıb, bu baxımdan nəşrin önəminə diqqət çəkilib.
Sonda kitabın müəllifi Elnur Nəciyev monoqrafiyada Səfəvi dövlətinin əhalisinin ilk dəfə tarixi demoqrafik baxımdan işıqlandırıldığını, əhalisinin say dinamikası, yerləşməsi, inzibati-ərazi bölgüsü, etnik, dini, sosial tərkibi, əhali yerdəyişmələri, təbii fəlakətlərin və xəstəliklərin yaratdığı problemlər barədə məlumatların verildiyini nəzərə çatdırıb.