Dekabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyinin iclası keçirilib. Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
İclasda bir neçə qərar qəbul edilib. Katibliyin qərarı ilə Güney Azərbaycan ədəbiyyatı komissiyasının yeni tərkibi formalaşdırılıb. Xalq şairi Sabir Rüstəmxanlı sözügedən komissiyanın sədri, şair Həmid Herisçi sədrin müavini, Pərvanə Məmmədli isə komissiyanın katibi təyin edilib.
Qeyd edək ki, bu qərara qədər Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri şair Sayman Aruz idi. Sayman Aruz AYB-nin sədri, Xalq yazıçısı Anarın müşaviri vəzifəsində qalıb.
Xatırladaq ki, bir müddət əvvəl bir sıra güney azərbaycanlı yazarların Sayman Aruzla bağlı narazılıqları ilə əlaqədar Xalq yazıçısı Anara ünvanlanan müraciətləri mediada yayılmışdı. Həmin müraciətlərdə səsləndirilən irad və narahatlıqlar geniş ictimai rezonans doğurmuş, mövzu həm ədəbi mühitdə, həm də mətbuatda ciddi müzakirə predmetinə çevrilmişdi.
Bəs Sabir Rüstəmxanlının əsas işi nədən ibarət olacaq? Güney Azərbaycan ədəbiyyatı ilə bağlı hazırda əsas problem nədir?
Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışaraq deyib ki, yeni təyinatın əslində vəzifə deyil, ictimai bir işdir və onun yükü artıb: “Açıq deyim ki, mənim AYB-də hansısa vəzifə tutmaq niyyətim olmayıb, buna nə xüsusi marağım, nə də vaxtım çatıb. Sözügedən komissiya ilə bağlı məsələ də AYB rəhbərliyinin təklifi ilə gündəmə gəlib. Mən bu təklifi yalnız ona görə qəbul etdim ki, Güney Azərbaycan yazıçıları ilə Sayman Aruz arasında müəyyən anlaşılmazlıq, konfliktiv bir vəziyyət yaranmışdı. Mənim məqsədim bu gərginliyin aradan qaldırılmasına kömək etmək idi və məhz buna görə komissiyanın sədrliyinə razılıq verdim.
Bir daha vurğulamaq istəyirəm ki, bu komissiyanın sədrliyi klassik mənada vəzifə deyil, onun xüsusi statusu da yoxdur. Bu, sadəcə, ictimai bir fəaliyyətdir. Məqsəd isə Güney Azərbaycan ədəbiyyatının burada, yəni müstəqil Azərbaycanda daha layiqli şəkildə təmsil olunmasına çalışmaq, oradakı yazıçıların burada daha yaxşı tanıdılması, əsərlərinin, kitablarının nəşri və ümumilikdə bu istiqamətdə görülən işlərin daha da gücləndirilməsidir.
Məlum olduğu kimi, mən ömrümün son 30-40 ilini daim Cənubi Azərbaycanla bağlı fəaliyyətə həsr etmişəm. Dünya Azərbaycanlıları Konqresinin sədriyəm, uzun illər “Bakı-Təbriz” jurnalını nəşr etmişəm. Güney Azərbaycandan olan soydaşlarımız zarafatla məni burada özlərinin qeyri-rəsmi səfiri hesab edirlər. Oradan Bakıya gələnlərin böyük əksəriyyəti də birbaşa mənimlə əlaqə saxlayır, mənim yanıma gəlir. Bu mənada məsuliyyətdən qaçmaq mümkün deyil. Elə buna görə də əsas məqsəd və niyyət Güney Azərbaycan ədəbiyyatının burada daha yaxşı, daha dolğun şəkildə təmsil olunmasıdır”.
Sabir Rüstəmxanlı Güney Azərbaycan ədəbiyyatının hazırkı problemlərindən də söz açıb: “Güney Azərbaycanda Azərbaycan dili rəsmi şəkildə qadağandır. Məktəblərdə bu dil tədris olunmur, bu dildə danışanlar müxtəlif formalarda cəzalandırılır. Əvvəllər Güney Azərbaycanın ucqar kəndlərində məktəblər yox idi, insanlar savadsız olsalar belə, heç olmasa öz övladları ilə ana dillərində danışa bilirdilər. İndi isə həmin ucqar kəndlərdə də məktəblər var və orada yalnız fars dili öyrədilir. Nəticədə ana dilinin imkanları getdikcə daha da daralır, sıxışdırılır.
Belə bir şəraitdə Güney Azərbaycanda bizim dilimizin varlığını qoruyub saxlayan əsas amil məhz ədəbiyyatdır. Üstəlik, bu ədəbiyyat bütün basqı və məhdudiyyətlərə baxmayaraq, çağdaş, müasir səviyyəli bir ədəbiyyatdır. Həm poeziyada, həm də nəsrdə son dərəcə dəyərli, sanballı əsərlər mövcuddur. Niyyət ondan ibarətdir ki, bu əsərlər və bu yazarlar burada daha yaxından tanıdılsın, ədəbi əlaqələr daha da möhkəmlənsin və Güney Azərbaycan ədəbiyyatı layiq olduğu yeri tutsun”.
Bəs Sayman Aruz Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri vəzifəsindən getməyini necə qarşılayır?
Sayman Aruz sorğumuza bu cür cavab verdi: “Hələlik gözləyirəm. Mənə də tam məlum deyil. Ona görə də gözləyək”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”