Tanrının təbiət möcüzəsi – LAÇIN

by Samir Asadli

Azərbaycanın bütün  bölgələrinin özünəməxsus gözəlliyi var. Hər bir diyara yaradan  ilahi yaraşıq verib. Amma xüsusən Laçın şəhərini Tanrı   ən gözəl fırçaları ilə, ən gözəl anında yaradıb. Burda hər dağda, hər daşda, hər bulaqda təbiətin bir möcüzəsi var. Şəhərin yerləşdiyi məkan da   fərqlidir.   Laçının əzəmətli dağları rayona xüsusi gözəllik verdiyi kimi, çayları da   ecazkar melodiyaları ilə bu gözəlliyə rəng qatır.

Torpaqlarımız işğal altında olanda hər dəfə Laçını, Laçının dolanbac yollarını, Allahın yer üzünə bəxş etdiyi  gözəllikdə yerləşən bu möhtəşəm şəhəri, onun təbiətini görəndə kədərlə düşünərdim, görəsən nə vaxtsa o yerlərə gedə biləcəyikmi? Şəhərin mərkəzində yarı dağıdılmış beş mərtəbəli binanın fotosu ürəyimi daha çox  ağrıdar, sızıldadardı.

İkinci Qarabağ savaşında iştirak edən dostlarımı bu müqəddəs yola şəxsən uğurlayanda bir tərəfdən sevinirdim, Vətənə Azadlıq gətirməyə gedirlər. Əsir düşən torpaqlarıımızı azad eləməyə gedirlər. Digər tərəfdən də kədərlənirdim, görəsən bir də görəcəyəmmi onları? Yola düşəndə hər biriylə şəkil çəkdirmişdim. İçimdə bir  qorxu  var idi, kim nə bilir,  bəlkə bu son şəkilimiz olacaq.

Bacardığım qədər hər biri ilə   danışmağa çalışır,   ordumuzun zəfər yürüşü haqda xəbərlər alırdim. Qəhrəmancasəna döyüşürdülər, sözün əsl mənasında tarix yazırdılar. Hər dəfə  onlardan şad xəbərlər eşidəndə duyğulanır, qürur duyurdum.

 Döyüşün  qızğın vaxtlarında dostum və əqidə yoldaşım Nəsimi Şərəfxanlı ilə bir neçə gün əlaqə qura bilmədim, narahat idim. Günlərin birində  bir nömrədən zəng gəldi, açıb Nəsiminin səsini eşidəndə  çox sevindim. Hələ bir Nəsimi deyəndə ki, Laçındayam, Laçına gedən yola nəzarət edirik,  sanki dünyaları mənə verdilər. Nə vaxtsa bunca sevindiyimi xatırlamıram .  Bu zəng mənə edilən ən böyük hədiyyə idi,   sevdiyim yerdən,  Laçından həyatım boyu mənə gələn ilk zəng idi!

Özümə gələn kimi də ilk soruşduğum bu oldu: “Bəs Laçını nə vaxt alırsınız?”  Əminliklə dedi: “Az qalıb!” Ordumuza da, döyüşçülərimizə də inanırdım, amma əndişəliydim. Bu mənə yuxu kimi gəlirdi.

Yuxumuz çin oldu. Bu gün Laçın azaddır. Artıq başımızı hər yerdə dik tuta, alnı açıq, üzüağ gəzə bilərik. Bu sevinci, qüruru bizə yaşadan  vətən uğrunda canından keçən şəhidlərə, qazilərə və canını düşünmədən döyüşən qəhrəman igidlərimizə, Ordumuzun Ali Baş Komandanına  borcluyuq! İndi onların sayəsində bu möhtəşəm mənzərələri, gözəllikləri daha fotolardan, saytlardakı videolardan yox, canlı görə bilirik, öz gözlərimizlə.

Bu günlərdə Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və şəxsən şöbə müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə siyasi partiyaların işğaldan azad olunmuş yerlərə səfəri çərçivəsində  Laçın adlı vüqarımızı, əsirlikdən azad edilmiş torpaqlarımızı gördüm. Səfər haqqında qısa təəssratımı yazmazdan öncə onu bildirim ki, partiyaların, QHT və media rəhbərlərinin işğaldan azad olunmuş bölgələrimizə birgə səfəri həm siyasi, həm də ictimai baxımdan böyük əhəmiyyət kəsb edir. Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutan bu səfərlər ilk növbədə, kifayət qədər maraqlı, eyni zamanda, cəmiyyəti siyasətdə sağlam, rasional və peşəkar münasibətlərə alışdıran təcrübədir. Məhz milli birliyimizin təcəzümü olan Zəfərimiz sayəsində azad olunan yurd yerlərimizi bu şəkildə ziyarətlər sayəsində cəmiyyətdə həmrəylik mühiti qorunur, habelə siyasətçilər arasında milli maraqlar müstəvisində dövlət naminə şəxsi ambisiyalardan imtina olunması mədəniyyəti formalaşdırılır. Laçına son səfər də bu baxımdan yüksək bir nəticə oldu.

Hər şeydən öncə ağlımıza ilk gələn   çətin relyefdə, qış ayında döyüşlərdə qəhrəmanlıq göstərmiş igidlərimizin şücaəti idi… Və bir də   heç şübhəsiz Laçın gözəlliyi…

   Həkəri çayı boyunca gedirik,  bol suyu, azadlıqa qovuşmuş inamlı axarı ilə insana xoş ovqat gətirir. Zabux çayı, xırda dağ çayları sevinclə, şövqlə axıb Həkəriyə, ordan Araza tökülür,  vətənin digər yerlərinə azadlıq nəğmələri aparırlar. Füzuli, Cəbrayıl və Qubadlı rayon ərazilərindən keçərək Laçına doğru irəlilədikcə Qarabağ təbinətinə, bölgənin gözəlliyinə heyran olmamaq olmur. Bu gözəlliyə baxdıqca doymursan.

Sultan Fatih Mehmət İstanbulu fəth edəndə onu peyğəmbərin “İstanbulu fəth edən komutan nə gözəl komutan” müjdəsi ilə vəsf etmişdilər. Bu gün bizlər də bu möhtəşəm qələbəmizi: “Bu torpaqları azad edən ordu nə möhtəşəm ordu,  30 il düşmən əsarətində qalan Qarabağı azad edən komandan  nə xoşbəxt komandan!” sözləri tərcümeyi-halına yazılıb.

Samir Əsədli

 

 

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK