Əziz Əliyev yaddaşlarda yüksək amallara və humanist ideallara sadiq vətənpərvər ziyalı kimi yaşayır
Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Əziz Əliyev xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, müxtəlif məsul vəzifələrdə çalışarkən daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərib. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu var.
İkinci Dünya müharibəsi illərində Əziz Əliyev bir sıra hərbi-siyasi əhəmiyyətli mühüm işlərə uğurla rəhbərlik edib. Ulu öndər Heydər Əliyev Əziz Məmmədkərim oğlu Əliyevin 100 illik yubiley mərasimindəki çıxışında bu xidmətləri layiqincə dəyərləndirib: “Faşizmə qarşı vuruşanlar, qələbənin təmin olunması işinə öz töhfəsini verənlər, öz fəaliyyəti ilə bu qələbənin çalınmasına kömək edənlər, şübhəsiz, ən yüksək qiymətə və ən yüksək hörmətə layiqdirlər.
Belə görkəmli insanlardan biri də Əziz Əliyev idi. O, ön xətdə, Dağıstanda olmuşdur. Onun qismətinə olduqca çox çətin vəzifələr düşmüş və o, bu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. Dağıstanlılar 1942-ci ilin sentyabrında onların respublikasında vəziyyətin necə olduğunu yaxşı bilirlər. Orada əvvəllər yaşamamış, işləməmiş olan bu adam oraya gəldi və qısa müddətdə bu çoxmillətli diyarı öz ətrafında sıx birləşdirməyə, hamını öz ətrafına toplamağa və onları Dağıstanın müdafiəsinə, deməli, həm də Zaqafqaziyanın, Bakı neftinin müdafiəsinə qaldırmağa müvəffəq oldu. Bu, böyük iş idi və həmin işi Əziz Əliyev gördü. Bu işi o özünün qeyri-adi insani keyfiyyətləri, istedadı, ağıl-zəkası sayəsində həyata keçirdi”.
Yaddaşlarda əbədi yaşayan Əziz Əliyev milli tariximizin həlledici məqamlarında xalqın taleyüklü məsələləri ilə bağlı atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirib. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr onun adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirib…
Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci ilin yanvar ayında İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. Qədim İrəvanın elmi-mədəni mühitində böyüyüb. İbadulla bəy Muğanlinskinin məktəbində dövrünün görkəmli alimi Cabbar Məmmədzadədən dərs alıb. İrəvan Gimnaziyasını əla qiymətlərlə başa vurduqdan sonra böyük mesenat Hacı Zeynalabdin Tağiyevin dəstəyi ilə Petroqrad Hərbi Tibbi Akademiyasında oxuyub. 1923-cü ildə Bakıya köçərək, müxtəlif vəzifələrdə işləyib və yarımçıq qalmış ali tibb təhsilini dövlət universitetinin (indiki BDU) tibb fakültəsində davam etdirib. Diplom aldıqdan sonra isə universitetin daxili xəstəliklər kafedrasında saxlanılıb. Ardınca Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə təyin olunub.
Əziz Əliyev İkinci Dünya müharibəsindən əvvəl və sonra Azərbaycanda səhiyyənin təşkili məsələsində əvəzsiz xidmətlər göstərib. Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin, Bakı səhiyyə bölməsinin müdiri, Xalq Səhiyyə Komissarının müavini və xalq səhiyyə komissarı çalışarkən respublikanın bütün rayonlarını gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb, namizədlik və doktorluq dissertasiyasını uğurla müdafiə edib. 1937-ci ildə Azərbaycan Dövlət Universitetinin rektoru olub. Daha sonra professor elmi adına layiq görülüb.
Onun haqqında çox yazılıb. 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) nəşr olunmuş “Əziz Əliyev. Görkəmli elm və dövlət xadimi” adlı yeni kitabda isə Əziz Əliyevin zəngin həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti, səhiyyə və tibb təhsilinin inkişafına verdiyi mühüm töhfələr, eləcə də müharibə illərində göstərdiyi xidmətlər haqqında daha dolğun məlumatlar toplanıb.
“Böyük Azərbaycan naminə Əziz Əliyev” adlı tarixi-publisistik və bioqrafik kitab da 3 dildə nəşr edilib. Böyük insanın portret cizgilərini layiqincə tamamlayan kitabın müəllifləri onun çətinliklərlə dolu həyatını Vətənə və xalqa xidmətə həsr olunan ömrün parlaq nümunəsi kimi təqdim ediblər. Arxiv sənədləri əsasında Əziz Əliyevin Güney Azərbaycanda və Dağıstanda işlədiyi illər tarixi rakursdan işıqlandırılıb.
İkinci Dünya müharibəsinin ilk dövründə o, qəlbinin dərinliyində Bütöv Azərbaycan istəyi ilə İranın şimalında xüsusi dövlət missiyasına bacarıqla rəhbərlik edib. Orada birbaşa vəzifəsinin icrası ilə bərabər, Qulam Məmmədli, Ənvər Məmmədxanlı, Mehdixan Vəkilov, Osman Sarıvəlli ilə birlikdə müəyyən təbliğat işləri aparıb.
Müharibənin qızğın vaxtında – 1942-ci ildə Krım tatarlarının deportasiyasından sonra, Moskvadakı müəyyən qüvvələr Qafqaz xalqlarının Orta Asiyaya köçürülməsi məsələsini SSRİ Dövlət Müdafiə Şurası qarşısında qoymuşdular və ilk seçim Dağıstanın üzərinə düşmüşdü. Belə bir çətin vaxtda Dağıstan Vilayət Partiya Komitəsinin 1-ci katibi vəzifəsinə təyin edilmiş Əziz Əliyev rəsmi şəxslərin böyük bir qrupu ilə Dağıstana göndərilib.
Buna qədər çeçen, inquş, qaracay, balkar və Krım tatarlarının ağlasığmaz deportasiyası “nümunə”ləri vardı. Həmin dəhşət Dağıstan xalqlarının, o cümlədən Dərbənd türklərinin də qapısı ağzındaydı. Bəlkə də Sibirdə çadırlar qurmağa yer də ayrılmışdı. Amma Əziz Əliyevin fədakarlığı sayəsində bu respublikada heç bir neqativ fakt aşkarlanmayıb və beləliklə, Mikoyan-Beriya cütlüyünün təhriki ilə Dağıstan xalqlarının köçürülməsinə dair məxfi qərar birdəfəlik gündəmdən çıxarılıb. Təsadüfi deyil ki, yerli xalqlar Əziz Əliyevə “Dağıstanı xilas edən azərbaycanlı” deyirlər.
O, qüdrətli şəxsiyyətlərdən, təşkilatçı rəhbərlərdən idi. Mürəkkəb vəziyyətlərdə ən düzgün qərarlar qəbul edər, problemlərin kökündən həllinə nail olardı. Məsələn, Dağıstanda çalışdığı vaxt oradakı xalqların və etnik qrupların kompakt yaşadıqları məntəqələri, Çeçen-İnquş Muxtar Respublikası ilə sərhəd zonaların zəif nöqtələrini kökündən araşdırıb və vəziyyətə lazımi, operativ nəzarəti təşkil edə bilib. Nəticədə müxtəlif xarakterli, adət-ənənələri olan xalq və qruplar yekdil bir ailədə birləşib, ümumi işin qələbəsinə səfərbər ediliblər.
Əziz Əliyevin idarəçilik məktəbinin yetirməsi olmuş Maqomedsalam Umaxanov “Xatirələr” kitabına təqdim etdiyi yazıda onun müsbət keyfiyyətlərini sadalayaraq qeyd edib: “Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi diqqət yetirdiyi ən mühüm sahələrdən biri respublikada ideoloji işin daha da təkmilləşdirilməsi idi. Onun rəhbərlik etdiyi vilayət partiya komitəsi, olduqca çətin hərbi şəraitdə çox münasib və əlverişli ideya-siyasi iş üsulları axtarıb tapırdı. Məsələn, Əziz Məmmədkərim oğlunun təşəbbüsü ilə vilayət partiya komitəsi döyüşən ordunun qızıl əsgərləri qarşısında öz ana dillərində çıxış etmək üçün Dağıstanın bütün xalqlarını təmsil edən ən yaxşı təbliğatçı və mühazirəçiləri seçib ön xətlərə göndərirdi. 1943-cü ilin sentyabrınadək Dağıstan təbliğatçılarının və təşviqat briqadalarının cəbhəyə 111 səfəri təşkil olunmuşdu”.
Xalqın qəlbində əbədi heykəli ucalan Əziz Əliyevin haqqında Azərbaycanın görkəmli şəxsiyyətləri də yüksək fikirlər söyləyiblər. Bu, İmran Qasımovun, Süleyman Rüstəmin, Mirzə İbrahimovun, Rəsul Həmzətovun, Zəhra Quliyevanın, Böyükkişi Ağayevin və başqalarının xatirələrindən aydın görünür. Akademik Mustafa Topçubaşov öz xatirəsində Əziz Əliyevi çox dəqiq xarakterizə edib: “Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi. Təbabətin atası Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə baxıb yazmışdır”.
Həmkarımız Şərəf Cəlilli yazır ki, İkinci Dünya müharibəsindən sonra Əziz Əliyev tükənməz enerji ilə Vətən və xalq naminə çalışmalarını davam etdirib. Dağıstanlılar iqtisadiyyatın, mədəniyyətin, elm və təhsilin inkişafına onun göstərdiyi böyük qayğını minnətdarlıqla yad edirlər. 1947-ci ildə Sov.İKP-nin “Kənd təsərrüfatının müharibədən sonrakı illərdə yüksəldilməsinə, ölkə iqtisadiyyatının bu vacib sahəsinin tərəqqisi”nə həsr olunan plenumunda Dağıstan Vilayət Partiya Komitəsinin 1-ci katibi Əziz Məmmədkərim oğlu Əliyevin çıxış etməsi onun nüfuzunun, söz sahibinə çevrilməsinin göstəricisi idi.
Əməkdar jurnalist Tahir Talıblı onun haqqında “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti” monoqrafiyasını yazarkən Bakı və Mahaçqala arxivlərində xeyli çalışıb, unudulmaz insanla təmasda olmuş müxtəlif peşə sahibləri, onun qohumları ilə görüşüb və sanballı bir əsəri ərsəyə gətirib. Bu barədə deyir ki, Əziz Əliyevin 100 illiyi ərəfəsində qısa müddətdə kitabı tamamlamalı idim, amma bu, çox çətin idi: “Onun ailəsinə yaxın olan dostlarımın sayəsində Əziz Əliyevin doğmaları, yaxın qohumlarıyla tanış oldum. Bütün ev arxivlərini, ailə fotolarını mənə etibar etdilər. Mən Azərbaycan xalqının ailə modelinin bütün üstünlüklərinə sahib olan, millətə şərəf sayılacaq bu böyük ailənin ağsaqqallığına, ziyalılığına, kübarlığına heyran qaldım, yüksək dəyərlərə sahibliyin dəfələrlə şahidi oldum”.
Onun tibb elminin inkişafına göstərdiyi xidmətlər misilsiz olub. Ötən ilin sonunda görkəmli şəxsiyyətin adını daşıyan yüksək tibb təhsili mərkəzinin – Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda bu elm ocağının tarixinin bir çox şanlı səhifələrini məhz görkəmli dövlət xadimi və unudulmaz səhiyyə təşkilatçısı Əziz Əliyevin yazdığı xüsusi vurğulanıb. Sözügedən məclisdə Türkiyə, Böyük Britaniya, Özbəkistan, Rusiya, Gürcüstan, İran, Danimarka, Almaniya və digər ölkələrdən olan mütəxəssislər də onun xidmətləri ilə bağlı söylənənləri heyranlıqla dinləyib, ürəkdən alqışlayıblar.
Hələ 1932-35-ci illərdə Əziz Əliyevin rəhbərliyi ilə Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilib. Onun özünün çox sanballı “Klinik analizlər” kitabı bu sıradandır. Böyük alim başqa dillərdə alternativi olmayan tibbi kitablardan ən vaciblərinin də qısa müddətdə Azərbaycan dilinə tərcüməsinə nail olub. Tibb İnstitutuna rəhərlik etdiyi dövrdə kollektivin köməyilə “Tibb nəşriyyatı” yaradıb, 5 il ərzində orada 55 vacib dərs vəsaiti işıq üzü görüb.
Əziz Əliyevin həkimliyə sevgisi tükənməz olub. O, ömür-gün dostu Leyla xanımla birgə yüksək insani keyfiyyətlərə malik övladlar yetişdirib və uşaqlar öz atalarının bu peşəyə olan şövqünü görərək, onun kimi tibb sahəsinə könül veriblər. Tamerlan Əliyev terapevt, Cəmil Əliyev onkoloq, Zərifə və Ləzifə Əliyevalar oftalmoloq ixtisasını seçiblər. Hamısı da bu sahənin görkəmli nümayəndələri kimi böyük ad-san qazanıblar.
Mahaçqala şəhərində Vətənə xidmətlərə görə çoxsaylı dövlət təltiflərinə layiq görülmüş Əziz Əliyevin abidəsi (müəllifi heykəltəraş Ömər Eldarovdur) ucaldılıb. Xatırladaq ki, ötən ilin aprel ayında “Xalq qəzeti”ndə mərhum yazıçı Hidayət Orucovun “Əziz Əliyevin heykəli hardadır?” başlıqlı məqaləsi dərc edilib. Yazıda müəllif “zamanın özünün heykəlləşdirdiyi ölməz şəxsiyyət” Əziz Əliyevin xatirəsinə Bakıda abidə ucaldılması zərurətini önə çəkilib. Bu barədə rəylərdə də onun milli dəyərlərimizin qorunmasındakı rolu, eləcə də xalqın yaddaşında əbədiləşən xatirəsinin real abidə ilə də təsdiqini tapmasının vacibliyi vurğulanıb, xoş məramın tezliklə gerçəkləşəcəyinə inam ifadə olunub.
Bakının mərkəzində Əziz Əliyevin adını daşıyan küçə paytaxtın yaddaşında iz buraxan məkanlardandır. Küçəyə onun adının verilməsi elmin və əməyi, ictimai fəaliyyəti yüksək dəyərləndirməyin göstəricisidir.
Nəhayət, qeyd edək ki, Prezidentin görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında sərəncamı onun zəngin irsinə bir daha dərindən nəzər salmaq və xidmətlərini dəyərləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.
Əli NƏCƏFXANLI