Özbəkistanda keçirilən “Xalqların adət-ənənələri və mətbəxi” adlı beynəlxalq festivalda Azərbaycan geniş təqdimatla çıxış edib. Ölkəmizi tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Etnoqrafik festivalda Türkiyə, Qazaxıstan, Əlcəzair, Rusiya, İran, Belarus, Banqladeş, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Tacikistan iştirak edib. Hər ölkə milli ekspozosiyasında və çıxışlarda öz mədəniyyətini, mahnı və rəqslərini, mətbəx nümunələrini nümayiş etdirib.
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti, milli mətbəxi ilə bağlı çap məhsulları yer alıb. Festivalda Azərbaycan mədəniyyətinə dair suvenirlər, Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib.
Azərbaycan pavilyonuna gələnlərə ölkəmizin mədəniyyətinə, mətbəxinə dair müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub. Qonaqlar plov, dolma, qutab, dovğa və şirniyyatlarımızı həvəslə alıblar. Festival çərçivəsində təşkil edilən konsertdə AMM-in rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. Fəal iştiraka və zənginliyinə görə Azərbaycan stendi xüsusi diploma layiq görülüb.
