Yurd Sevgisi, Söz Namusu

by Samir Asadli
 

İlham Tahirov
Bəşər övladının əli və imkanları ilə yaradıla bilən maddi nə varsa, sonludur, mənəvi olanlarsa sonsuz. Yerinmi, ya da Göyünmü qanunları ilə idarə olunan (?!) İnsan ruhu və Millət ruhu da sonsuzdur. Şairlərə şeir formasında gəlib çatan enerji torpaq və səma arasında dolaşan insan ruhunun, millət ruhunun işığıdır ki, “şeir bu işığın şəklidir, söz-söz hörülmüş ruh abidəsidir.” Ruh abidəsinin – şeirin dəyəri zamanla, özündə daşıdığı ictimai-siyasi, ictimai-sosial, milli-mədəni, milli-etnik məna və yüklə ölçülür. Söz və onun cəmiyyətin həyatındakı rolu haqqında tarixi təcrübənin gəldiyi qənaət belədir: “Qılınc əldə itilənir, söz dildə! Zaman sözü yoxlaya-yoxlaya, dişinə vura-vura gərəksiz bir şey kimi ata da bilər, hər gün milyon ağızda səslənən, milyon adamı birləşdirən anda da döndərə bilər”.
Dildə deyilmiş Sözü zaman və məkan daxilində milyon ağızda səslənən, milyon adamı birləşdirən anda döndərə bilən azsaylı Söz adamına rast gəlmək olar bəşər tarixində. Belə Söz adamlarından biri görkəmli Azərbaycan şairi, yazıçısı, publisiti, alimi, rəsmi və qeyri-rəsmi onlarla ad və mükafatların sahibi Sabir Rüstəmxanlıdır.
Sabir Rüstəmxanlı bəşər övladının özündə insanın, millətin ruh enerjisini toplaya, gəlişdirə və sonrakı nəsillərə ötürə bilmənin canlı nümunəsi sayıla bilər. Ən bəhrəli illəri ötən əsrin 70-80-ci illərini əhatə etsə də, Sabir Rüstəmxanlını XX yüzil Azərbaycan humanitar düşüncəsinin “60-ıncılar” adı ilə tanınan nəslinin görkəmli nümayəndələrindən hesab etmək olar. Yaradıcılıq üfüqlərinin ənginliyi, fəaliyyət göstərdiyi sahələrə bütün ruhu, əxlaqı, vicdanı ilə bağlılıq, mövzuları təkcə bir sahənin hüdudları çərçivəsində eninə deyil, interdissiplinar səviyyədə, dərin qatlara nüfuzetmə qabiliyyəti, istedadı və səriştəsilə, şövqlə təhlil və tədqiq etmək, araşdırmaq həmin nəslin nümayəndələrini birləşdirən universal xüsusiyyət və keyfiyyətdir. Həmin xüsusiyyət və keyfiyyətlər bütünlüyü ilə Sabir Rüstəmxanlıda müşahidə olunur…
Sabir Rüstəmxanlının da aid olduğu “60-ıncılar” və ondan sonrakı nəsillərin milli özünüdərk, milli şüurun oyanması və dirçəldilməsi uğrunda göstərdiyi səylər və digər obyektiv səbəblər nəticəsində böyük və mənhus bir imperiya daxilində Milli Azadlıq Hərəkatına start verilir, müstəqil Azərbaycan dövlətinin qurulması yoluna çıxılir. Yola şair, yazıçı-publisist, redaktor kimi varid olan Sabir Rüstəmxanlı milli dövlətçilik, azadlıq və istiqlal uğrunda mücadilənin liderləri arasında görünür, içindəki şairi, yazıçı-publisisti, redaktoru unudur, ictimai, siyasi xadim kimi özünü tapır:
Neçə yazılmamış şeirlərimi,
Atdım meydanların izdihamına,
Qatdım millətimin gur ilhamına.
Bircə söz saxladım – “Azadlıq” sözü,
Dönüb yumruq olmaq öyrətdim ona!..
Sabir Rüstəmxanlı yarım əsrdən artıq zaman kəsiyində yazdığı sanballı poetik, elmi, elmi-ədəbi, publisistik əsərləri, siyasi, ictimai fəaliyyəti ilə millətimizə, xalqımıza, dövlətimizə dövlətçiliyimizə, azərbaycançılıq düşüncəsinə fədakarlıqla xidmət göstərməkdədir. Onun çoxillik və çoxşaxəli fəaliyyətini universal düşüncə, professionallıq və yüksək vətəndaşlıq mövqeyi ilə xarakterizə etmək olar…
“Dünyada heç kim təkcə öz ömrünü yaşamır… Buna görə də mənə elə gəlir ki, öz ömrümdə həm də yurdumun tarixini yaşayıram. Doğulandan ölənə, öz neçə min illik yolu, təcrübəsi, dərdi, qələbə və itkiləri ilə Vətən bizim içimizdən, ömrümüzdən keçir…” Onun bütün yaradıcılıq və fəaliyyətinin mahiyyəti, qayəsi “Vətən məndən keçir!” tezisidir. Bu tezis xalqın, millətin tarixi taleyi, milli-tarixi yaddaş kimi ictimai-mənəvi məsələlərin poetik həllində Sabir Rüstəmxanlı üslubunun, yolunun məhək daşına çevrilir. Azərbaycan ədəbiyyatında yaradıcılığı, yolu, fəaliyyəti ilə Söz və Nüfuz sahibinə çevrilmiş Sabir Rüstəmxanlı poeziyası özünün mənsub olduğu qövmü, milləti ayaqda tutur, diri və canlı saxlayır, “Dərdə əyilmə”məyi təbliğ edir, torpağın bağrından cücərən azadlıq toxumları tək müqəddəs enerji – ruh enerjisi ilə nəsilləri yükləyir, onları layiqli, ləyaqətli gələcəyə kökləyir, hər bir misrası “vətən”, “yurd”, “ocaq”, “ana dili”, “azadlıq”, “istiqlal” hayqırtısı kimi vətənin hüdudları boyunca əbədi keşik çəkməyə, sərvaxt olmağa səsləyir.
Sabir Rüstəmxanlı poeziyası xalqımızın, millətimizin öz mənliyini, möhtəşəm və əzəmətli keçmişini dərk etməsi uğrunda mücadilə poeziyası, soy, nəsil, xalq, millət ölçülərində təbii fərd-insan birliklərinin aid olduğu toplumların genetik ruh qüvvəsini, enerjisini əsla tərk etməməyi, onu qorumağı, özündən sonrakı nəsillərə fərd və toplum şəklində ötürməyi aşılayan ruh poeziyası olaraq dəyərləndirilməlidir. Bu poeziyada mənsub olduğun xalqın maddi, mənəvi, dini, fəlsəfi, sosioloji, tarixi, etnoqrafik, psixoloji, etnik və s. dəyərləri tərənnüm edilir, milli şüur, milli oyanış, milli dirçəliş kimi mürəkkəb və qarışıq məsələlərə poetik yanaşma ortaya qoyulur. Xalqın dili, tarixi, mədəniyyəti kimi böyük fundamental məsələlərin bədii mətn, bədii zaman çərçivəsində həllinə yönəlik yanaşmaları baxımından Sabir Rüstəmxanlı poeziyasını həm də milli şüur poeziyası kimi dəyərləndirmək olar. Əgər belə dəyərləndirmək mümkündürsə, (ki, mümkündür) onda Sabir Rüstəmxanlı təkcə milli şair deyil. Fəaliyyətinin əhatə dairəsi və diapazonuna görə, o, həm də böyük milli şairdir. Bu böyüklük yalnız Azərbaycan məkanını deyil, həm də onun hüdudlarını aşaraq daha böyük Vətəni – Turanı, türk dünyasını əhatə edir.
Sabir Rüstəmxanlı özünün (bədii, elmi, publisistik, ictimai, siyasi və digər) yaradıcılığı ilə təkcə Azərbaycan ədəbiyyatı tarixində deyil, eyni zamanda Azərbaycan humanitar düşüncəsində, Azərbaycan mədəniyyətində, bütövlükdə isə Azərbaycan tarixində imzası olan şəxsiyyət olaraq qalacaqdır. “Zamanı Allah yaratmayıb; O, Zamanı yaratmaq iznini insana verib” kimi müdrik bir deyimdən çıxış etsək, “Azərbaycanın daxilində də, onun hüdudlarının kənarında da Sabir Rüstəmxanlı özünün Zamanını yaratmışdır” fikrini söyləməyə tam haqqımız çatır. Yəni Sabir Rüstəmxanlı Zamanını onun özündə, yaradıcılığında, fəaliyyətində, sözündə və əməllərində, məkan daxilində bulunduğu mövqeyində, etnik və sosial məsuliyyətində, sonrakı nəsillərə ötürə bilmək iqtidarında olduğu və özündə daşıdığı mənəvi irsində arayıb-axtarmaqla anlaya, dərk edə bilərik. Başqa bir müdrik deyimi parafraz edərək söyləyə bilərik ki, Sabir Rüstəmxanlı özünün yaradıcılığı, elmi, ictimai-siyasi fəaliyyəti ilə göstərir ki, Zaman deyilən nəsnə faktiki olaraq İnsanın aktiv varlığıdır. Yaşadığı ömrü ilə nümayiş etdirir ki, zaman təkcə insan həyatının ölçüsü deyil, həm də onun inkişafı üçün Məkandır.
Yurd Sevgisi, Söz Namusu
Bu gün görkəmli Azərbaycan şairi, yazıçı-publisisti, alimi, millət vəkili Sabir Rüstəmxanlının doğum günüdür. 77-yə yetmiş Sabir Rüstəmxanlıya ömür təyin etmək insan iradəsindən kənar, Uca Yaradanın əlindədir. Amma ömür, uzun ömür, sağlam ömür arzulamaq insana xas cəhətdir. Ömrünüz Sözünüz qədər olsun! Cənab Haqq Sizi qorusun! Amin.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK