Kürd terror qrupları ilə əlaqəli elementlərin ictimai fəaliyyətinə etiraz etdiklərinə görə saxlanılan Azərbaycan Milli Hərəkatının iki fəalı Əta Kərimi və Əmir İbrahimli hələ də şəhərin Kəşfiyyat İdarəsinin təcridxanasında qeyri-müəyyən halda saxlanılırlar.
25 Oktobr şənbə günü Əta Kərimi və Əmir İbrahimlinin ailələri yenidən Urmiya İctimai və İnqilab Prokurorluğunun Altıncı İstintaq Şöbəsinə müraciət edərək fəalların saxlanmalarının səbəbi, irəli sürülən ittihamlar barədə aydın izahat tələb ediblər.
Bundan sonra, məhkəmə orqanı Əta Kərimiyə qarşı irəli sürülən ittihamları açıqlayıb. O, Stadionda ictimai asayişi pozmaq ittihamına görə, 200 milyon tümən və Kürd xalqını təhqir etmək ittihamına görə isə 2 milyard tümən girov qarşılığında müvəqqəti azad edilə biləcək.
Qeyd edək ki, Əta Kərimi 3-cü dərəcəli qaraciyər piylənməsi xəstəliyindən əziyyət çəkir, digər milli fəal Əmir İbrahimli isə disk yırtığı səbəbindən tibbi nəzarət altında olmalıdır.
Əta Kərimi və Əmir İbrahimli əvvəllər Azərbaycan xalqının hüquqlarının müdafiəsi uğrunda vətəndaşlıq fəaliyyətlərinə və hökumətin Urmiya gölünün qurudulması siyasətinə etiraz etdiklərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təzyiqlərə məruz qalıblar.