Bu gün günəş təqvimi ilə 21 Azər 1324-cü ildə (miladi təqvimi ilə 12 dekabr 1945) Azərbaycan Demokrat Firqəsinin rəhbəri Seyyid Cəfər Pişəvərinin başçılığı ilə Təbriz şəhəri mərkəz olmaqla Cənubi Azərbaycan Milli Hökuməti qurulub.
Cənubi Azərbaycan Milli hökuməti qısa fəaliyyəti ərzində mühüm əhəmiyyətli tədbirlər həyata keçirib. Azərbaycanlıların həyatı və hüquqları ilə bağlı əhəmiyyətli qanunlar qəbul edib.
Bu qanunlar əsasında dövlət kəndlərinin torpaqları və sular kəndlilər arasında əvəzsiz olaraq bölünüb, milli hökumətə qarşı mübarizə edənlərin və feodalların torpaqları kəndlilərə verilib.
Sənayeyə nəzarət mexanizmində ciddi dəyişiliklər edilib. Azərbaycan Milli Məclisinin 1946-cı il mayın 12-də qəbul etdiyi Əmək qanununda 8 saatlıq iş günü, əməkçilərin bir çox sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi nəzərdə tutulub.
Qənd zavodu, Təbrizin tütün və çay fabrikləri Milli hökumətin ixtiyarına keçib.
1946-cı il fevralın 6-dan xalq qoşunları yaradılmasına başlanılb, hərbi məktəb açılıb, az müddətdə xalq qoşunları üçün 250 nəfərdən çox zabit hazırlanıb. Azərbaycan Milli Hökuməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai dəstələri Milli ordunun əsasını təşkil edib.
Mədəniyyət sahəsində mühüm işlər görən Milli hökumət 1946-cı il 6 yanvar tarixli “Dil haqqında Azərbaycan Milli hökumətinin qərarı” ilə Azərbaycan dilini Cənubi Azərbaycanda rəsmi dövlət dili elan edib.
1946-cı il yanvarın 19-da Təbrizdə Ali İncəsənət və Rəssamlıq Məktəbi, martın 28-də Azərbaycan Dövlət Teatrı, aprelin 7-də Azərbaycan radiosu, iyulun 5 — də İncəsənət Muzeyi, sentyabrın 3-də Azərbaycan Milli orkestri və onun əsasında təşkil olunmuş Dövlət Filarmoniyası fəaliyyətə başlayıb.
Hökuməti hesabına 7 şəhərdə tərbiyə evləri, şəhər, qəsəbə və kəndlərdə çoxlu kitabxana və qiraətxana açılıb, Azərbaycan Rəssamlar və Heykəltəraşlar Cəmiyyəti təşkil olunub.
Ərdəbil, Astara, Marağa və digər şəhərlərdə teatr binaları tikilib, Əhalinin vəsaiti hesabına bir ildə 2000-dən artıq məktəb açılıb, Azərbaycan dilində 20-dən çox qəzet və jurnal nəşr edilməyə başlayıb.
1946-cı il yanvarın 6-da Azərbaycan Milli Hökuməti Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkil olunması haqqında qərar qəbul edib. 1946-cı ilin iyununda Təbrizdə ilk milli universitet açılıb.
Azərbaycan Milli Hökuməti dövründə aparılan mədənin islahatların mühüm bir hissəsini ana dilində mətbuatın formalaşması təşkil edib.
1945–1946-cı illərdə Azərbaycanın cənubunda müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuşdur.
Bu dövrdə 7 cilddən ibarət “Ana dili” adlı metodik dərs vəsaiti hazırlanıb və bu sonrakı dövrlərdə gizli şəkildə olsa da bu vəsaitdən Azərbaycan dilini öyrənmək üçün istifadə edilib.
Bir illik Milli Hökumət dövründə Azərbaycan dilinin tədrisi və kitabların nəşr edilməsi sonrakı dövrlərdə Azərbaycan dili və mədəniyyətinə qarşı tətbiq edilən bütün məhdudiyyətlərə baxmayaraq, Güney Azərbaycanda Azərbaycan dilinin qorunub saxlanılmasına səbəb olub.
Bütün tənqid və təqdir olunası cəhətlərinə rəğmən, Cənubi Azərbaycan Milli Hökuməti müasir dövrdə İranda azərbaycanlıların ilk müasir dövlətçilik təcrübələri olub.
Azərbaycan dili və mədəniyyəti yayqınlaşması, xalqın öz dilində təhsil ala bilmək şüurunun formalaşmasında misilsiz rol oynayıb.
Milli Hökumət 1946-cı ilin dekabrında süquta uğrayıb. İran ordusu Milli Hökumətin paytaxtı Təbriz şəhərini işğal edib və hökumətin çoxsaylı üzvləri güllələnib, on minlərlə insan mühacirət etməyə məcbur olub.
Seyyid Cəfər Pişəvəri də daxil olmaqla Milli Hökumət iştirakçıları o zamankı Sovet Azərbaycanına sığınmalı olublar.
Milli Hökumətin və Azərbaycan Demokrat Firqəsinin başçısı Seyyid Cəfər Pişəvəri 1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həyatını itirib.
Hazırda da fars miliyyətçiliyi ideologiyası üzərində qurulan Pəhləvi hakimiyyətinin Azərbaycan Milli ökumətinə və azərbaycanlılara qarşı münasibəti başqa formada davam edir.
1979-cu ildə İranda yaşayan xalqların əməyi nəticəsində baş verən inqilabı müsadirə və hakimiyyəti qəsb edən hazırkı rejim Azərbaycan, onun mədəniyyəti, dili və tarixinə qarşı münasibətdə Pəhləvi sülaləsinin sadiq varisi, davamçısıdır.
Bu gün də, ana dili hüququ və Azərbaycan mədəniyyətinin qorunması sahəsində dinc mədəni fəaliyyət edən onlarla azərbaycanlı fəal, saxta ittihamlarla məhkum edilib, İran həbsxanalarında uzun illik məhkumluq dövrü yaşayırlar.