5 aylıq məhkəmə prosesləri və məhkəmə çəkişmələrindən sonra urmulu uşaq türkcə “Alp Arslan” adına şəhadətnamə almaq mümkün olub.
Qeyd edək ki, uşaq 2024-cü il sentyabrın 1-da dünyaya gəlib və valideynləri onun üçün Alp Arslan adını seçiblər. Lakin Urmiya Vətəndaşlıq Dairəsinin rəsmiləri bu ada şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edərək, bu adın Vətəndaşlıq Dairəsi tərəfindən təsdiqlənmiş adlar arasında olmadığını və “ad sistemi”ndə mövcud olmadığını əsas gətiriblər.
Xatırladaq ki, idarənin bu iddiası yanlışdır, çünki daha əvvəl bu ada doğum haqqında şəhadətnamə verilmə halları baş verib. Məsələn, 2022-ci ildə təbrizli Mustafa Avadpurun ailəsi 27 ay davam edən hüquqi mübahisələrdən sonra, 2023-cü ildə isə təbrizli Əhməd Ağayinin ailəsi 7 aylıq mübarizədən sonra bu ada doğum haqqında şəhadətnamə ala biliblər.
Daha öncə də bildirdiyimiz kimi İran rejiminin rəsmiləri valideynləri süründürməçiliyə salmaqla onları uşaqları üçün türk adları seçməkdən vaz keçirməyə, bezdirməyə çalışır.