Xəbər verdiyimiz kimi, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyi (AYB) təbiət mövzusunda şeirlərdən ibarət “Yaşılım, yaşılım, hara gedirsən” adlı toplu nəşr etdirib.
Xalq yazıçısı, AYB-nin sədri Anar kitaba “Dünyanın yaşıllıq həsrəti” adlı Ön söz yazıb. Nəşrin ideya müəllifi AYB sədrinin müavini Rəşad Məcid, tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət işçisi şair Vaqif Bəhmənlidir. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq Xalq yazıçısı Anarın toplu üçün yazdığı Ön sözü təqdim edirik.
Dünyanın yaşıllıq həsrəti
Anar, AYB-nin sədri, Xalq yazıçısı
Bakıda iqlim problemlərinə həsr olunmuş xalqlararası tədbir ərəfəsində belə bir kitabın çapdan çıxması yerinə düşür. Rəşad Məcidin təşəbbüsü ilə nəşr olunan bu kitab təbiətə həsr olunmuş şeirlər toplusudur.
Bütün sənət növlərindən təbiətə ən yaxın olan rəssamlıq və poeziyadır. Dağların və meşələrin, dənizlərin və göllərin, çayların və dərələrin təsviri olmasaydı, rəssamlığımız və söz sənətimiz nə qədər kasıb olardı. Eyni zamanda, yağlı ya sulu boyalarla çəkilmiş mənzərələr, ilin rəngini dəyişən fəsilləri, güllərin, çiçəklərin rayihəsi ən incə, ecazkar şeir diliylə vəsf edilməsəydi, insanlar bu gözəllikləri bu qədər dərindən duya bilərdilərmi?
Kitabın adı unudulmaz şairimiz Eldar Baxışın misralarındandır: “Yaşılım, yaşılım, hara gedirsən?”. Alimlər dəqiq müəyyənləşdirmişlər ki, haçansa yer üzünün ən böyük səhrası Saxara – yaşıl ormanlardan ibarət imiş. Bu gün dünya həyəcan təbili çalır: Amandır, iqlim dəyişir.
Afrikanın göbəyinə qar yağır, cənub ölkələrinin sakinləri yayda isti dənizdə çimmək üçün şimala üz tuturlar. Dənizlər (Xəzər, Aral), göllər (Urmiya) Qurunun qabağından qaçır, geri çəkilir, get-gedə daralır. Bəlkə bir gün Bakıdan Narginə piyada getməli oldular. Kürreyi-ərzin ciyərləri Braziliyanın Amazon cəngəllikləri Səhrayi-kəbirəmi çevriləcək?
Kosmonavtlar “göyün yeddinci qatından” planetimizə baxanda onu mavi rəngdə görürlər. Bu təbiidir, kürəmizin dörddə üçünü okeanlar, dənizlər tutur. Amma axı yer üzündə narın qumlu sarı səhralar, zirvələri bəyaz qarla örtülmüş dağlar, yam-yaşıl meşələr, bağlar, tarlalar da var… Nədən tör-töküntülər okeanda balıqlara qənim kəsiləndə, nüvə artıqları çayları zəhərləyəndə, gözəl qərənfillərin əndazəsiz çoxluğu (və ifrat gəlir mənbəyi olması), Abşeron torpağının dadını qaçıranda – üzümün, tutun, əncirin, tərəvəzin təmi dəyişəndə Göy Qurşağının bütün rənglərindən daha çox sarının, qırmızının yox, yaşılın həsrətini çəkirik?
“Yaşılım, yaşılım, hara gedirsən?”
Hara qeyb olursan, dünyanın yaşıl libası? Nədən təbiətin qorunması üçün ayaqlananlar məhz yaşıl rəngi rəmz seçdilər. Dünyanın bir çox ölkələrində “Yaşıllar partiyaları” meydana çıxdı və söz sahibi oldular.
Yaşıl həm də İslamın rəngidir. Hər bir böyük dində sağlam meyllərlə bərabər ifrat xurafat da yer alır. Məşhur türk yazıçısı Rəşad Nuri Güntəkin məhz belə xurafatı nəzərdə tutaraq “Yaşıl gecə” romanını qələmə almışdı. Rəşad Nuri Stalin rejimiylə tanış olsaydı yəqin ki “Qırmızı gecə” əsərini yaradardı. (Daha doğrusu “Krasnaya ploşad”, “Krasnaya armiya” dilimizə “Qızıl meydan”, “Qızıl ordu” kimi çevrildiyi üçün belə bir yazılmamış roman da “Qızıl gecə” adlana bilərdi)
Amma deyəsən mətləbdən uzaq düşdüm. Xalqımızın Yaşıla meyli İslamdan çox-çox qabaqlardan yaranıb.
Səməni saxla məni
İldə göyərdərəm səni.
Fikrimcə, bu sadədən sadə “məni-səni” qafiyəli misralarda çox ciddi ekoloji problem əks olunub.
Səməni yaşıllığın, cücərib boy verən bərəkətin, ağappaq qış yuxusundan sonra bahar oyanışının, həyatın dirçəlməsinin rəmzidir. Bütün bunlar insanı saxlamağa, qorumağa, yaşatmağa qadirdilər.
Amma Mən – insan da sənin qayğını çəkməliyəm, vaxtı gələndə göyərtməliyəm. İnsanla təbiətin sazişi bax bu sadəlövh beytdə dəqiq ifadə olunub.
Ədəbiyyatımızın Ana “Kitabi Dədə Qorqud” oğuznamələri narın təbiət təsviriylə başlayır:
Salqum-salqum dan yelləri əsdiyində,
Saqqalı bozac turağay sayrıdıqda
Ağla qaralı seçilən çağda
Köysü gözəl qaya dağlara gün dəyəndə
Ala sabah Dirsə xan qalxıbanı yerindən uru durub,
Qırx igidin boynuna alıb
Bayandır xanın söhbətinə gəlirdi.
“Kitabi Dədə Qorqud”da qadın gözəlliyini təbiətlə bağlayan ecazkar təşbehlər var:
qar üzərinə qan dammış kimi al yanaqlım,
qoşa badam sığmayan dar ağızlım.
İnsan taleyinin, insan qismətinin təbiətlə bağlamağın bariz örnəkləri xalq şerimizdə, bayatılarımızda saysız-hesabsızdır.
Bu dağlar ulu dağlar
Çeşməli sulu dağlar
Burda bir qərib ölüb
Göy kişnər, bulud ağlar
Təşbehin əzəmətinə heyran qalmamaq olmur,
Su axdı,su dayandı
Süsənbər suda yandı
Dərdimi suya dedim
Alışdı su da yandı.
Yaxud ən modern şeiri kölgədə qoya bilən ifadə:
Əzizim, bəxtiyarım
Bəxtimin təxti yarım
Üzündə göz izi var
Sənə kim baxdı yarım.
Dirili Qurbaninin bənövşəyə həsr etdiyi qoşması bu bəndlə bitir:
Qurbanı der: könlüm bundan sayrıdı,
Nə etmişəm yarım məndən ayrıdı?
Ayrılıqmı çəkmiş boynu əyridi,
Heç yerdə görmədim düz bənövşəni.
Elə bil, Qurbaninin bu qoşmasına Qaracaoğlan cavab verir, bənövşənin boynunun əyri olmasının səbəbini açır.
Bitirsən güllərin xari içində
Qorxuram üzünə batar, bənövşə
Yavrum, neçin boynun əyri tutarsan
Sənin dərdin məndən betər bənövşə.
Qədrini bilməyənlər alır əlinə
Onun üçün əyri bitər bənövşə.
Yeri gəlmişkən, bu kitabın tərtibçiləri çox düzgün olaraq Azərbaycan şairləriylə bərabər topluya ənənəvi şəkildə ancaq Türkiyə sənətkarları sayılan yaradıcıları da daxil ediblər. Bizim Füzulisiz Türkiyə ədəbiyyatı kəm olursa, Yunis İmrəsiz də Azərbaycan şeri bütöv görünməz.
Əgər Azərbaycanın və Anadolunun Orta əsr divan ədəbiyyatı ərəb-fars kəlmələri, izafetləriylə yaxındırsa, el şairlərinin, ozanların, aşıqların misraları cüzi fərqlərlə eyni dilin örnəkləridir. “Çərşənbə günündə çeşmə başında” “alagöz xanıma gözü düşən” Aşıq Ələsgərin qoşmaları, gəraylıları, təcnisləriylə Türkiyəli Aşıq Veysəlin yaratdıqları dil baxımından çoxmu fərqlidirlər?
Yenə məktub aldım gül üzlü yardan
Gözlətmə yolları, gəl deyə yazmış
Sirvələn köyündən, bizim diyardan
Dağlar mor bənövşə, gül-deyə yazmış.
Bəşərəkdə lalə sümbül yürüdü,
Güldədəni çayır-çəmən bürüdü
Qaradaşda qar qalmadı, əridi,
Axar gözüm yaşı sel – deyə yazmış.
Əylənmə qürbətdə yayla zamanı
Mevlanı sevərsən ağlatma məni
Bənək-bənək məktubdadır nişanı
Göz yaşım məktubda pul – deyə yazmış.
Anadoluya aid yer adlarından başqa Aşıq Veysəlin bu qoşmasını həm də Azərbaycan şeiri saymağa nə əngəl ola bilər? Dağların, çöllərin, çiçəklərin, otların ətri gələn bu qoşmada yalnız bir sözü izah etmək lazımdır, çünki bu söz şeirin bəlkə də ən təsirli təşbehidir. “Pul” Türkiyə türkcəsində “poçt markası” deməkdir. Aşıqın aldığı məktubda poçt markası sevgilsinin bir damla göz yaşıdır.
Aşıq Veysəldən söz düşmüşkən torpağa müraciətlə yazılmış ən gözəl şeirlərdən biri də onun qoşmasıdır:
Dost-dost deyə neçəsinə sarıldım
Mənim sadiq dostum qara torpaqdır
Beyhudə dolandım, boşa yoruldum
Mənim sadiq dostum qara torpaqdır.
Qarnın yardım, qazmaq ilən, bel ilən
Üzün yırtdım dırnağınan, əlinən
Yenə məni qarşıladı gül ilən
Mənim sadiq yarım qara torpaqdır.
Amma onu da unutmayaq ki, torpaq, təbiət insanın sadiq dostu, hayanı da ola bilər, düşməni, qənimi də.
Bütöv şəhərləri yerlə-yeksan edən vulkanların odu-alovu torpağın təkindən püskürür. Kəndləri, obaları yuyub aparan sellər dağlardan axıb gəlir. Şahə qalxmış dalğaları insan məskənlərinin üstünə yürüdən tufanlar, fırtınalar, sunamilər, tornadolar dənizlərdən quruya hücum çəkir. Qurular da dənizləri, günahsız gölləri qurutmaqla “qisas alırlar”. Uduzan yenə də insan olur. Amma axı insanın özünün öz əliylə, əməliylə, zəkasıyla, axtarışları və tapıntılarıyla yaratdığı bəlalar da var.
Bu kitabda toplanan şeirlərin böyük qismi dağlara həsr olunub. Dağlardan sonra şairlərin təbini ən çox coşduran yağışlardır (Kitaba elə mənim də “yağışlı şeirim” daxil olunub).
Amma bu kitaba daxil edilməmiş bir şeir də var. Bu şeir böyük Nazım Hikmətin bəşəriyyətə xəbərdarlığıdır.
Əcaibləşdi havalar
Gah gün çıxır, gah yağış yağır, gah qar,
Atom sınaqlarındandır deyirlər
Stransium doxsan yağır ətə, südə,
Ümidə, hürriyyətə
Qapısını çaldığımız böyük həsrətə
Öz-özümüzlə yarışdayıq gülüm
Ya ölü ulduzlara həyat aparacayıq
Ya yerimizə enəcək ölüm.
Bu gün insanlığın, planetimizin həyatına son qoyacaq nüvə savaşının qara kabusu dünyanın başının üstünü aldığı çağda gözümüzü, qəlbimizi, yaddaşımızı sığallayıb oxşayan yaşıllığa və bu yaşıllığın şeir misralarında vəsfinə daha çox ehtiyacımız var. Bu kitab da həmin ehtiyacdan yaranıb – insanları təbiətin, həyatın, gözəlliyin qədrini bilməyə çağırır.
Yaşıllığı haraylayır.