Akademik nüfuzun və elmi uğurların ünvanı

by Samir Asadli

Arif Səlimov – 70

İnsanın ömür yolu yalnız yaşadığı illərlə ölçülmür, zaman keçdikcə, bütöv bir elmi məktəbin, mənəvi düşüncənin və ziyalı obrazının simvoluna çevrilir. Professor Arif Səlimovun Ağsudan başlayan ömür yolu sonralar Bakının, Kazanın elmi mühitinə, Türkiyənin nüfuzlu universitetlərinə və dünyanın elm məclislərinə qədər uzandı. O, riyaziyyatın sərt və mürəkkəb düsturlar dünyasında yalnız alim kimi deyil, həm də elmə mənəvi dəyər qazandıran ziyalı kimi tanındı.

Arif Səlimovun şəxsiyyətində alim təmkininin, müəllim qayğısının və Azərbaycan ziyalısına xas mənəvi bütövlüyün xüsusi harmoniyası var. O, riyaziyyatı, sadəcə, elm kimi deyil, düşüncə mədəniyyəti, intizam və mənəvi kamillik yolu kimi yaşadı. Buna görə də 70 illik ömür yolu təkcə yaşanmış illərin hesabatı deyil, zəhmətin, zəkanın və əsl ziyalılığın insan taleyində necə böyük dəyərə çevrildiyinin canlı nümunəsidir.

Söhbətlərinin birində uşaqlıq illərini xatırlayan Arif müəllim deyir:

– Ata babam Rəsul kişi elmə böyük maraq göstərən insan idi. Rayonda müxtəlif rəhbər vəzifələrdə çalışmışdı. Amma onu tanıdan yalnız vəzifəsi deyildi. Ehtiyacı olan tələbələrə kömək etməsi barədə çox eşitmişdim. 6-cı sinifdə oxuyurdum, bir gün mənə dedi ki, “çox istərdim ki, sən də oxuyub alim olasan”.

O illərdə “alim olmaq” sözünün mahiyyətini tam dərk etməsə də, bu arzu məktəbli Arifin daxilində sehirli bir yol açmışdı. Həmin dövrdə Ağsuda məktəbdə təmayül sinfi yaradılır. 1970-ci illərin rayon mühiti üçün belə bir sinfin açılması qeyri-adi hadisə idi. Pilot layihə əsasında seçilmiş 25 nəfərlik sinifdə riyaziyyata marağı olan şagirdlər toplanmışdı. Bu mühit Arif Səlimovun formalaşmasında xüsusi rol oynadı. Müəllimləri də, ailəsi də onun gələcəyini artıq bu sahədə görürdülər. Evdə yaxşı həkim, mühəndis olacağını söyləyirdilər. Amma heç vaxt seçimində təkid etməmişdilər. Əksinə, ona ömrü boyu unutmayacağı bir fikir demişdilər: seçimini özün et. Sənət insanın ömürlük yol yoldaşıdır. Seçimində də, sevgində də bu məsuliyyəti unutmamalısan. Bu sözlər, sadəcə, nəsihəti deyildi, həm də ona olan inamın ifadəsi idi. Arxasında dayandığını hiss etdiyi ailənin etibarı Arifin daxilindəki tərəddüdləri aradan qaldırmışdı. O gündən sonra ürəyində olan istəyə – riyaziyyata daha möhkəm bağlandı.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinin tələbəsi olduğu ilk günlərdən seçimində yanılmadığını hiss etdi. Tələbəlik illərindən Arif Səlimovun ən çox maraq göstərdiyi sahə həndəsə idi. O dövrdə Azərbaycanda həndəsə istiqamətində ciddi elmi boşluq hiss olunurdu. Hətta bu sahədə elmlər doktorunun olmaması gənc tədqiqatçıların tərəddüd keçirməsinə səbəb olurdu. Bir çoxları bu istiqamətin həm çətin, həm də perspektivsiz olduğunu düşünürdü. Arif Səlimov isə dostlarının “çətin olacaq” xəbərdarlıqlarına baxmayaraq, qərarını dəyişmədi. Bu seçimində ona universitet müəllimləri və kafedra mühiti də ciddi dəstək verdi. Görkəmli alim fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi və əməkdar müəllim, AMEA-nın müxbir üzvü Maqsud Cavadovun yaratdığı elmi mühit, eləcə də kafedra müdiri, professor Nazim Abbasovun diqqəti onun bu istiqamətdə daha inamla addımlamasına səbəb oldu. Beləcə, gənc tədqiqatçının Kazan Universitetində başlayan aspirantura illəri həyatında yeni mərhələ oldu.

Arif müəllimin formalaşmasında elmi rəhbəri, görkəmli riyaziyyatçı professor Vladimir Vişnevskinin xüsusi rolu olmuşdur. Onların münasibətləri rəhbər–aspirant çərçivəsini aşaraq qarşılıqlı hörmət, etimad və mənəvi bağlılıq səviyyəsinə yüksəlmişdi. Lobaçevski elmi məktəbinin tanınmış nümayəndələrindən olan professor Vişnevski Arif Səlimovun elmi potensialını yüksək qiymətləndirir, onu ən istedadlı tələbələrindən biri hesab edirdi. Təsadüfi deyil ki, Kazan həndəsə məktəbi uzun illərdir riyaziyyat dünyasında xüsusi nüfuza malikdir. Bu məktəb həndəsənin “Məkkəsi” hesab olunur. Belə bir elmi mühitdə yetişmək, böyük həndəsəçilərlə ünsiyyətdə olmaq Arif Səlimovun elmi fəaliyyətində mühüm rol oynadı. Kazan Dövlət Universitetində aspirantura təhsili alaraq görkəmli həndəsə professoru V. Vişnevskinin rəhbərliyi altında diferensial həndəsə sahəsində elmi araşdırmalar apardı. 1984-cü ildə namizədlik, 1998-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etdi.

Bu gün professor Arif Səlimov diferensial həndəsə sahəsində Türk dünyasının tanınmış alimlərindən hesab olunur. Onun elmi əsərləri dünyanın müxtəlif ölkələrində oxunur, yetirmələri müxtəlif universitetlərdə fəaliyyət göstərir, adı isə beynəlxalq konfranslarda hörmətlə çəkilir.

Uzun illər Türkiyənin Atatürk Universitetində çalışan alim burada həm pedaqoji, həm də elmi fəaliyyətlə məşğul olmuş, Türkiyə həndəsə məktəbinin inkişafında mühüm rol oynamışdır. O, bir çox magistr və doktorantın yetişməsinə töhfə vermiş, müxtəlif ölkələrdən olan gənc tədqiqatçıların elmi rəhbəri olmuşdur. Professorun rəhbərliyi ilə Azərbaycan və Türkiyədə onlarla fəlsəfə doktoru hazırlanmışdır ki, onların bir çoxu bu gün müxtəlif universitetlərdə məsul vəzifələrdə uğurla fəaliyyət göstərirlər.

2017-ci ildən Bakı Dövlət Universitetinin “Cəbr və həndəsə” kafedrasına rəhbərlik edən Arif Səlimov universitetin elmi mühitinin gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi və gənc alimlərin yetişdirilməsi istiqamətində mühüm işlər görməkdədir. Onun rəhbərliyi ilə kafedra beynəlxalq elmi layihələrə qoşulmuş, bir sıra nüfuzlu konfrans və seminarlar təşkil edilmişdir.

Professor Arif Səlimovun fəaliyyəti yalnız universitet auditoriyaları ilə məhdudlaşmır. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Riyaziyyat və mexanika” üzrə Ekspert Şurasının sədri kimi ölkədə riyaziyyat elminin inkişafına və elmi keyfiyyət meyarlarının yüksəldilməsinə töhfə verir. Eyni zamanda TÜBİTAK layihələrinin eksperti, Türk Dünyası Riyaziyyatçılar Cəmiyyəti idarə heyətinin, bir sıra nüfuzlu beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

Alimin elmi əsərləri sırasında monoqrafiyalar və dərsliklər xüsusi yer tutur. Onun elmi əsərləri həm Azərbaycan, həm də beynəlxalq elmi mühitdə böyük maraq doğurmuş və Azərbaycanda riyaziyyat üzrə ən çox istinad edilən alimlərindəndir. Bu əsərlər diferensial həndəsə sahəsində çalışan tədqiqatçılar üçün mühüm elmi mənbələrdən hesab edilir. Professor Arif Səlimovun elmi nailiyyətləri müxtəlif mükafat və fəxri adlarla qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, Türkiyənin TÜBİTAK qurumunun mükafatı ilə təltif edilmiş, Türk Dünyası Elm Mükafatı olan “Əl-Xarəzmi” mükafatını qazanmışdır. Onun adına İstanbul Aydın Universitetində və Ərzurum Texnik Universitetində beynəlxalq elmi konfransların keçirilməsi alimə olan ehtiramın göstəricisidir.

Amma bütün bu uğurların arxasında dəyişməyən bir insan xarakteri dayanır: sadəlik. Onu tanıyanların hamısı eyni fikirdədir: Arif müəllim böyük alim olmaqla yanaşı, həm də böyük ürək sahibidir. O, auditoriyada professor, elmi mühitdə nüfuzlu alim, gündəlik həyatda isə sadə və səmimi insan olaraq qalmağı bacarıb. Bu gün professor Arif Səlimov yalnız görkəmli alim deyil, həm də böyük elmi məktəb yaradan müəllim, Türk dünyası elmi əlaqələrinin inkişafına xidmət edən ziyalı kimi tanınır.

Namiq QƏDİMOĞLU

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK