Bu şəhərdə növbəti şanlı tarix yazılır…
Son aylarda işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” planı çərçivəsində məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçü daha da sürətlənib. Demək olar ki, hər həftə onlarla köç karvanı Qarabağa yola salınır.
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib. Onun sözlərinə görə, azad edilmiş ərazilərə ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır: “Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Tezliklə Şuşaya, bundan başqa, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq”.
Cəbrayıl rayonunun Horovlu kəndinə ilk köç cari ilin ikinci yarımilinə nəzərdə tutulub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır: “”Böyük Qayıdış”a dair 1-ci Dövlət Proqramının icrası çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndi yenidən salınır. Kəndə bu ilin ikinci yarısında 334 ailənin köçürülməsi nəzərdə tutulur”.
Həmçinin vurğulanıb ki, hazırda bərpa-quruculuq işlərinin davam etdiyi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 78 ailənin köçürülməsi planlanlaşdırılır.
Tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq. Artıq Şuşaya ilk qayıdacaq 20 ailə püşkatma yolu ilə müəyyən edilib.
Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.
Şuşa şəhərinə ilk köç mayın 8-də baş tutacaq və bunun da böyük bir tarixi əhəmiyyəti olacaq. Məhz 8 may 1992-ci ildə şəhər Ermənistan ordusu tərəfindən işğal edilmişdi.