Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Yazıçılar Birliyi (AYB) və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun 100 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.
G.Hüseynoğlu barədə fikirlərini bölüşən AYB-nin sədri Xalq yazıçısı Anar onun yazıçı kimi istedadlı olması ilə yanaşı, saf ürəkli, sakit təbiətli insan olduğunu bildirib: “Çox şadam ki, onun Xalq yazıçısı adına layiq görülməsi və Prezident təqaüdü almasına vəsilə olmuşam. Şərt qoymuşdum ki, sizin üçün bunları edirəm, qarşılığında isə başınıza gələn hadisələri qələmə alacaqsınız. Lakin tale elə gətirdi ki, o, bunları yaza bilmədi. Bəlkə də o faciəli günləri yenidən xatırlamaq və yaşamaq istəmirdi. Amma yazdığı əsərlər hər zaman xatırlanacaq, işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq”.
Xalq yazıçıları Çingiz Adullayev, Elmira Axundova, AYB katibi İlqar Fəhmi, deputat Hikmət Babaoğlu, BDU-nun dosenti Fikrət Şiriyev də G.Hüseynoğlu haqqında xatirələrini bölüşüblər.
Sonra, tədbir iştirakçılarına Mədinə Abdullayeva və Qəmər Məmmədzadənin ifasında G.Hüseynoğlunun şeirləri əsasında “Yuxun şirin olsun” adlı səhnəcik təqdim olunub. Aktyorlar Firəngiz Babayeva, Gülər Nəbiyeva, Hüseynağa Aslanov, Jalə Novruzova yazıçının şeirlərindən nümunələr səsləndiriblər. Ədibin “Ana” hekayəsinin motivləri əsasında qısametrajlı film nümayiş olunub.