
Milli mücadilə tariximizin görkəmli şəxsiyyətlərindən biri – Nəsib bəy Yusifbəyli cəmi 39 il yaşasa da, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri, daxili işlər, maarif və dini etiqad, xalq maarifi, maliyyə və xalq maarifi naziri və sair mühüm dövlət vəzifələrində fədakarcasına çalışaraq tarix yazmış fədailərdən olub. Vətəninin taleyüklü məsələlərinin həlli və xalqının mənafeyinin qorunması ilə bağlı çiyinlərində ciddi məsuliyyət yükü daşıyıb. Eyni zamanda, məmləkətdə türkçülük ideyasının yaranmasında və formalaşmasında onun böyük xidmətləri olub.
Nəsib bəy 1881-ci il iyulun 5-də Gəncədə dünyaya göz açıb. Gimnaziyada orta təhsil alıb, sonra Odessadakı Universitetin hüquq fakültəsinə daxil olub. Orada tələbə olan soydaşları Nəriman Nərimanov və Xosrov bəy Sultanovla yaxınlıq edib. Lakin siyasi təqiblərə görə nə Odessada, nə də köçürüldüyü Xarkov Universitetində ali təhsilini bitirə bilməyib, Krımın Bağçasaray şəhərinə gedərək “Dildə, fikirdə, işdə birlik!” ideyasının müəllifi İsmayıl bəy Qaspıralının əsasını qoyduğu “Tərcüman” qəzetində çalışıb. Siyasi düşüncə və fəaliyyətlərinə görə çar hökuməti onu təqib etdiyi üçün İstanbula köçməli olub. Orada Türk Dərnəyi cəmiyyətinə qoşulub. Bir müddət sonra yenidən Bağçasarayda “Tərcüman”da işləyib, eyni zamanda, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirib.
1909-cu ildə Gəncəyə qayıdan Nəsib bəy Şəhər Dumasında fəaliyyət göstərub. “Qana qan” şüarı ilə erməni terroruna qarşı savaş açan “Difai” milli təşkilatının qurucularından olub. “Molla Nəsrəddin” jurnalına məqalələr yazıb. Ümumiyyətlə, onun bədii-pulisistik fəaliyyəti geniş olub. “Təslim” adlı roman yazdığı da qeyd olunur. Müsəlman xeyriyyə cəmiyyəti, Müsəlmanların maariflənməsi cəmiyyəti, Aktyorlar cəmiyyətinin fəaliyyətlərində yaxından iştirak edib. Bu zaman Məhəmməd Əmin Rəsulzadə ilə tanış olub və ictimai-siyasi fəaliyyətə başlayıb. Maarifçilik işləri ilə də məşğul olub. 1918-ci ildə yaranan Zaqafqaziya Seyminə üzv seçilib. Ömrünün son 1 ilində AXC-nin Nazirlər Şurasının sədri kimi məhsuldar çalışan Nəsib bəyin şərəfinə bu təsisata Yusifbəyli hökumətin adı verilib. Onun baş nazir olduğu dövrdə xalqımızın tarixində ən mühüm hadisə 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin 23 böyük dövlət tərəfindən de-fakto tanınması olub.
Həmin tarixdən 3 gün sonra N.Yusifbəyli Azərbaycan xalqına müraciət edib. Müraciətdə deyilirdi: “Azərbaycanın müstəqilliyi Böyük Avropa millətlərinin Ali Şurası tərəfindən yekdilliklə tanınmışdır. Azərbaycanın Qərb xalqları ailəsinin tamhüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür. Bu gündən onun mənəvi qüvvələrinin yeni çiçəklənmə dövrü başlanır. Hökumət inanır ki, bütün vətəndaşlar yenidən hər hansı bir maneə və təhlükə yaranarsa belə, azad və müstəqil Vətənin xoşbəxtliyini təmin etmək üçün birləşəcəklər. Yaşasın müstəqil Azərbaycan xalqı!”
Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması, savadsızlıqla mübarizə kurslarının açılması, məktəb dərsliklərinin hazırlanması və nəşrinə başlanılması da Yusifbəyli hökuməti dövrünün mühüm hadisələri sırasındadır…
Müasirləri Nəsib bəyi son dərəcə səmimi insan, düzgünlüyü və demokratikliyi ilə fərqlənən dövlət xadimi kimi xatırlayıblar. Deyilənə görə, bir dəfə baş nazir olduğu vaxtlarda o, hansısa bir iş üçün atasından pul istəyir. Atası Yusif bəy Yusifbəyli oğluna deyir: “Tələbəliyində pul verdim, siyasətdə oldun, yenə pul verdim, indi ki, baş nazirsən, yenə pulun yoxdur?”
Azərbaycanın işğalından sonra bir sıra Cümhuriyyət qurucuları və siyasi xadimləri kimi, Nəsib bəy də Bakını tərk etmək məcburiyyətində qalıb. Nağı Şeyxzamanlı baş nazirlə son görüşü barədə yazmışdı: “Nəsib bəyin çöhrəsində kədərli cizgilər aydın hiss edilirdi. Bu sükutu Nəsib bəyin kədərli səsi pozdu: “Azərbaycanın istiqlalını qurduq, ancaq saxlaya bilmədik”.
Bir neçə mənbədə Nəsib bəy Yusifbəylinin AXC-nin süqutunun 33-cü günündə – 1920-ci ilin 31 mayında Yevlax istiqamətində, Kürdəmir yaxınlığındakı yolda faciəli surətdə gülləbaran edilməsi barədə məlumat verilsə də, məzarının olub-olmaması məsələsinə toxunulmur. Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyasının 2-ci cildində (Bakı-2005) yazılır ki, “Bakının 11-ci Qırmızı ordu tərəfindən iğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli yolda faciəli surətdə qətlə yetirildi”.
Bəzi mənbələrdə isə onun bolşevik xəfiyyələri tərəfindən gizli şəkildə Gəncədə və ya Gürcüstanda (Tiflis, Sığnak) öldürüldüyü və burada anonim bir yerdə dəfn olunduğu iddia edilir. M.Ə.Rəsulzadə də Nəsib bəylə bağlı yazısında onun Sığnakda öldürüldüyünü yazmışdı. Ancaq bunlardan heç biri öz təsdiqini tapmayıb. Amma Gəncənin “Köhnə Səbiskar” məzarlığında yerləşən “Difai fədailəri” kompleksində Nəsib bəy Yusifbəylinin büstü qoyulub. Dədə-baba evinin yerləşdiyi Səfərabad məhəlləsindəki küçə hazırda Nəsib bəy Yusifbəylinin adını daşıyır. Bakıda və Xankəndidə də onun adına küçələr var.
Yeri gəlmişkən, M.Ə.Rəsulzadə yaxın məsləkdaşı və silahdaşı haqqında yazırdı ki, Nəsib bəy Yusifbəyli xalqçı, idealist, millətpərvər, demokrat və liberal bir şəxsiyyət olmuşdu: “Nəsib bəyin Azərbaycan istiqlalındakı və istiqlal hərəkatındakı rolu sadə nazirliklə və Baş nazir olduğunu söyləməklə ifadə edilə bilməz. Onun istiqlal hərəkatındakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərindən çox daha əvvəl başlamışdı. Azərbaycan ideyasının siyasi bir mətləb maddəsi şəklində formula etmək tərifi Nəsib bəyindir. Sadəcə, bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir isim halına qoymaq üçün kafidir”.
Bağçasarayda İsmayıl bəy Qaspıralının böyük qızı Şəfiqə xanımla ailə qurmuş Nəsib bəyin Zöhrə və Niyazi adında 2 övladı vardı. Niyazi Qalatasaray Universitetini bitirib. Azərbaycanlı mühacirlər Türkiyəyə yığışdığı vaxt qurultaylarda aparıcı fiqurlardan olub. “Türk izi” dərgisində məqalələrlə çıxış edib. Zəhra 1995-ci ilə qədər İstanbulda yaşayıb, nəvələri Almaniyaya köçüblər. AXC-nin 2-ci baş nazirinin adını daşıyan nəvəsi Nəsib bəyin isə son dövrlərə qədər İzmirdə yaşadığı bildirilir.
Yekunda qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixli sərəncamı ilə milli mücadiləmizin şərəfli dövrü daha dolğun və layiqincə tədqiq edilib, çoxlu nəşrlər işıq üzü görüb və bayram tədbirləri, elmi konfranslar keçirilib. Milli tərəqqi yolunun cığırdaşı – zamanının görkəmli şəxsiyyəti olan Nəsib bəy Yusifbəylinin həyatı və ictimai-siyasi fəaliyyəti də geniş işıqlandırılaraq layiqli qiymətini alıb.
Ə.ƏLİYEV
XQ
