Rafael HÜSEYNOV
Akademik
O, ölkə-ölkə, şəhər-şəhər gəzib-dolaşırdı ki, dünyanı tanısın, insanlara bir az da yaxından bələd olsun. Tanıdıqca, dünya və insanlar haqda bilgiləri artdıqca da, başqalarının da dünyanı və insanları yaxşı yanıyıb-bilməsindən ötrü görüb-eşitdiklərini qələmə alırdı, müşahidələrini kitablaşdırırdı. Ömrü boyu belə nəcib vəzifəni yerinə yetirmiş insanı, əlbəttə, gərək dünya, daha əvvəlsə öz nəvə-nəticələri – azərbaycanlılar yaxşı tanıya və bilə.
Onun adı yalnız Azərbaycanın deyil, dünya elmi, ədəbiyyatı və mədəniyyətinin nadir simaları sırasında yaşamağa layiqdir. Hacı Zeynalabdin Şirvani universal biliklər sahibi olan nadir bir şəxsiyyət kimi ilk növbədə Azərbaycan coğrafiyaşünaslıq elminin banisidir. 58 illik ömrünün 40 ilədək müddətində 60 min kilometrdən artıq yol qət edərək Asiya və Afrikanın bir çox ölkələrini gəzib-dolaşmış Zeynalabdin Şirvani səyahətlərini qiymətli kitablarda əks etdirmişdir. Lakin onun qələmə aldığı kitablar digər Qərb və Şərq səyyahlarının yazdığı səyahətnamələrdən əsaslı şəkildə fərqlənir. Onun “Riyaz üs-siyahə”, “Hədayiq üs-siyahə”, “Bustan üs-siyahə”, “Kəşf ül-məarif” əsərlərinin hər biri çoxsahəli biliklər sahibi müəllifin özü kimi universal səciyyə daşımaqdadır. Bu əsərlərdə coğrafiyaşünaslıq, tarix, etnoqrafiya, cəmiyyətşünaslıq və kulturologiya kimi elm sahələri qovuşur və həmin səbəbdən də Zeynalabdin Şirvaninin əsərləri bütün digər məziyyətlərindən savayı sadalanan istiqamətlərdən hər biri üçün mötəbər məxəz vəzifəsini daşıyır.
Onun ayrı-ayrı ölkələr və xalqlarla bağlı qeydləri sadəcə təsvirdən ibarət deyildir. Bunlar dərin, müfəssəl müşahidələr əsasında aparılan təhlillərdən yaranmış sanballı elmi araşdırmalardır. Elə həmin səbəbdən də Zeynalabdin Şirvaninin əsərləri artıq XVIII yüzilin sonları, XIX əsrin əvvəllərindən etibarən hind, rus, polyak, ingilis, fransız, əfqan, türk, çinli, iranlı alimlərin mütəmadi istinad etdiyi mötəbər mənbələrə çevrilmişdir.
“Təmkin” təxəllüsü ilə yazdığı şeirlərlə farsdilli klassik ədəbiyyatın tarixində də özünəməxsus yer tutan bu böyük alim və səyyahın poeziyası da elmi əsərləri kimi çoxrənglidir. Onun şeirlərində də ənənəvi lirika ilə yanaşı, elmi, fəlsəfi xətt qabarıq görünməkdədir.
Zeynalabdin Şirvaninin haqqında indiyədək müxtəlif araşdırmalar aparılsa, bir sıra əsərlərinin elmi-tənqidi mətnlərinin nəşri və tərcüməsi sahəsində işlər görülsə də, bu fəaliyyətlər qənaətbəxş sayıla bilməz. Çünki indiyədək onun zəngin irsi heç də tam halda nə nəşr, nə də tədqiq edilib. Həllini gözləyən bu məsələlər yalnız böyük coğrafiyaşünas, tarixçi, etnoqraf və şair Zeynalabdin Şirvaninin özünü və irsini daha yaxından və genişliyi ilə tanımaq üçün əhəmiyyət kəsb etmir, həm də onun səyahətlərinin, keçdiyi nəhəng ərazidəki ölkələr və xalqlar haqqında bir çox gərəkli biliklərin elmi dövriyyəyə daxil edilməsi üçün də fövqəladə dəyər daşıyır.
…Sığmazlıq insanın cövhərindədir və insana həmişə içərisində olduğu mühit dar gəlib. İnsan həmişə daha gen üfüqlərə doğru can atıb. Bir dağın kənarında yaşayan insan çalışıb ki, dağın o tayındakı kənd-kəsəkdən xəbər tutsun. Bir çayın kənarında ömür sürmüş insan çalışıb ki, bir qayıqla o çay boyu üzsün, həmin çaya qovuşan başqa çayları görsün, çayın böyründəki ayrı-ayrı yurdları seyr eləsin, insanlarla təmasda olsun. Dənizlərin sahilində dünyaya gələn insan hökmən günlərin birində dəniz səyahətinə çıxmağı arzulayıb və istəyib ki, dəniz onu yeni dənizlərə doğru aparsın, yeni ölkələrə sarı irəlilətsin. Gəzmək, görmək, öyrənmək, daha çox bilmək insanın həmişə daxili ehtiyacı olub və insanın gəzdiyi, gördüyü yerlər çoxaldıqca, bilikləri artdıqca gözləri daha geniş açılıb, dünyanı daha gözəl görüb. Və gözləri daha geniş açılan, dünyanı daha gözəl görən insan çalışıb ki, bildiklərini başqaları ilə də bölüşsün. Bunu sadə insanların əksəriyyəti edib, ancaq onların arasından elə seçilmişləri də çıxıb ki, istəyiblər başqaları da qaibanə olsa belə onların gəzmiş olduğu yerlərdən keçsinlər, onların gördüklərini görmüş olsunlar, onların bildiklərindən xəbər tutsunlar. Bəs necə? Oturub başlayıblar yazmağa və gəzdiklərini, gördüklərini təsvir ediblər. Beləcə, Azərbaycanda da, dünyanın dörd bucağında da sıra-sıra səyahətnamələr, səfərnamələr yaranıb. O səyahətnamələri, o səfərnamələri yazanların neçəsi elə məşhur ədiblər, şairlər olublar. XII yüzildə Xaqani Şirvani “Töhfət ul-İraqeyn” yazmışdı və bu, elə ilk mənzum səfərnamə idi. Ancaq peşəkarcasına, bir coğrafiyaçı kimi, bir səyyah olaraq bu işə başlayanlar da olub və Azərbaycan xoşbəxtdir ki, dünya tarixində qalan ən məşhur səyyahların sırasında bizim də məşhur bir səyyahın adı var – Hacı Zeynalabdin Şirvaninin.
Hacı Zeynalabdin Şirvani Şamaxıda doğuldu. O yerdə ki, oradan Azərbaycanın tarix boyu neçə-neçə böyük şəxsiyyətləri, bir-birindən üstün şairlər, elm adamları, mütəfəkkirlər çıxıb. Hacı Zeynalabdin Şirvanini onların hamısından seçdirən və müstəsna edən əsas cəhət bundan ibarətdir ki, o, tarixdə Şirvandan, Azərbaycandan çıxmış ən məşhur səyyah kimi qaldı. Amma Hacı Zeynalabdin Şirvani yalnız səyyah da deyildi. O həm də şair idi, “Təmkin” təxəllüsü ilə gözəl şeirlər yazırdı. O həm də alim idi. O həm də bir mütəfəkkir idi, düşüncə adamı idi, filosof idi. Özündə bu qədər parlaq istedadları qovuşduran Hacı Zeynalabdin Şirvani yalnız özünü ədəbiyyata həsr etsəydi, ömrü boyu şeirlər yazsaydı, Şirvanın və Azərbaycanın, Yaxın-Orta Şərqin ən məşhur şairləri sırasında mütləq aparıcı yer alardı.
Əgər yeniyetməliyindən, ilk gəncliyindən aludəsi olduğu elmin ardınca getsəydi, bir-birinin ardınca yalnız elmi risalələr doğursaydı, əlbəttə ki, elm aləmində imzası həmişə yaşayanlardan olardı. Allahın ona bəxş etdiyi qabiliyyətlərin hansı birini daha dərininə və eninə inkişaf etdirmək istəsəydi, heç şübhəsiz, o sahədə ən birincilərdən olardı. Ancaq Hacı Zeynalabdin Şirvaninin üstünlüyü, fərqliliyi, seçkinliyi ondan ibarət oldu ki, bu qədər qabiliyyətlərin hamısını məhz səyyahlığına yönəltdi. Bir-birindən gözəl səyahətnamələr yazdı. Elə əsərlər ki, XIX yüzildə yazılsalar da, o vaxtdan bəri dünya çox dəyişsə də, həmin kitabların heç biri köhnəlməyib. Hacı Zeynalabdin Şirvaninin bizlərə yadigar qoyub getdiyi “Riyazü-s-siyahə” də, “Hədaiqü-s-siyahə” də, “Bustanu-s-siyahə” də zamanlar keçdikcə dönə-dönə vərəqlənəcək, oxunacaq, seviləcək və insanları heç vaxt bitib-tükənməyən, həmişə də yeni macəralar, yeni biliklərlə dolu təzə səyahətlərə aparacaq.
Körpülərə həmişə insanların ehtiyacı olub və insan sıra-sıra körpülər yaradıb. Müxtəlif körpülər bir-birindən nə qədər fərqlənsə də, onların hamısını birləşdirən bir fəlsəfə var: körpülər birləşdirir, qovuşdurur. Amma bir də var körpü-insanlar. Azərbaycanın ən uca övladlarından olmuş Abbasqulu ağa Bakıxanov bütün məziyyətlərindən savayı həm də körpü adam idi. O, böyük alim idi. Həm də elmin yalnız bir sahəsində yox, ən müxtəlif sahələrində yaradırdı və sübutları ortadadır. Tarixə dair də əsər yazıb, coğrafiyaşünaslıq əsəri də var, nücum elmindən də bəhs eləyən kitab qələmə alıb, şair olub, “Divan” bağlayıb və doğurduqlarını bir neçə dildə yazıb-yaradıb. Ancaq bütün bunlardan daha əvvəl və daha vacibi onun öz şəxsiyyəti və irsi ilə körpü olmasıdır. Əlbəttə, hər bir yaradıcı ortaya qoyduğu əsərlə, şübhəsiz ki, istənilən halda körpüdür. Amma Abbasqulu ağa Bakıxanovun başqa körpülüyü də olub. Hacı Zeynalabdin Şirvanini bu gün tanıyırıqsa, hələ sağlığında məşhur bir səyyah kimi tanıdılarsa, Rusiyada və Rusiyanın vasitəsilə oçağkı Avropada belə bir səyyahın varlığından xəbər tutuldusa, bunun əsas səbəbkarı o körpü-insan – Abbasqulu ağa Bakıxanovdur.
“Gülüstan-i İrəm” Abbasqulu ağa Bakıxanovun şah əsəridir. Ən əski əyyamlardan özünün yaşadığı XIX yüzilin əvvəllərinə qədərki Yaxın-Orta Şərqin, Qafqazın, Azərbaycanın tarixi. Amma “Gülüstan-i İrəm” Abbasqulu ağa Bakıxanova qədər yazılmış tarixi kitabların, salnamələrin hamısından fərqlənirdi. Bu, elmi əsaslarla, çoxsaylı mənbələrin müqayisəli təhlilləri ilə yazılmış ilk tarixi əsər idi. Çünki ən müxtəlif dillərdəki mənbələrdən istifadə eləmişdi, onları bir-biri ilə müqayisə edərək, faktları tutuşduraraq ən dəqiqlərinin üstündə dayanmışdı və Abbasqulu ağa Bakıxanov bu kitabında – “Gülüstan-i İrəm”ində Hacı Zeynalabdin Şirvanidən də bəhs edir.
Abbasqulu ağa Bakıxanov “Gülüstan-i İrəm”i farsca yazmışdı, amma özü də rus dilinə tərcümə eləmişdi (Həmin kitab ilk dəfə 1926-cı ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti nəşriyyatı tərəfindən buraxılmışdı). Elə həmin kitab yazıldığı zamanlarda artıq Rusiyada, Polşada onun haqqında danışmağa başlamışdılar və əsəri başqa dillərə tərcümə etmək barədə də düşünürdülər.
Hacı Zeynalabdin Şirvani haqqındakı ilk müfəssəl bilgi məhz bu kitabda – “Gülüstan-i İrəm”dədir. Abbasqulu ağa Bakıxanov “Gülüstan-i İrəm”ində Hacı Zeynalabdin Şirvanidən yazmağı nəzərdə tutarkən onun barəsində öncə ən müxtəlif qaynaqlardan məlumatları toplamışdı, onun haqqında söylənilən hekayətləri bir yerə cəmləmişdi. Ancaq ən əvvəl “Riyazü-s-siyahə”yə arxalanırdı. Çünki “Riyazü-s-siyahə”də Hacı Zeynalabdin Şirvani öz əli ilə tərcümeyi-halını yazır. Və Abbasqulu ağa Bakıxanov ilk dəfə olaraq hələ həyatda olan, yaşayan bu səyyah, alim, şair haqqında geniş bilgilər verir. Onun bütün əsərlərini ayrıca təhlil edir. Keçdiyi yollardan, olduğu ölkələrdən bəhs edir.
Abbasqulu ağa Bakıxanovun Hacı Zeynalabdin Şirvani haqqında ürəklə, şövqlə yazdıqlarının təsiri ilə o çağın məşhur şərqşünasları – Nikolay Xanıkov, Bernhard Dorn bu şəxsiyyətə maraq göstərməyə, onun əsərlərini aramağa başladılar.
Hacı Zeynalabdin Şirvanini oçağkı mədəni dünyanın, elm aləminin yaxşı tanımasının, elə soydaşlarının, yurddaşlarının da yaxşı bilməsinin əsas və bəlkə də birinci səbəbkarlarından olmuş Abbasqulu ağa Bakıxanovun ayrı bir nəcib xidməti də var. Günlərin birində oturub Hacı Zeynalabdin Şirvaninin “Riyazü-s-siyahə”sini öz xətti ilə əvvəlindən-sonuna qədər köçürür. Həm də bu, “Riyazü-s-siyahə”nin tam bir mətni idi. 1852-ci ildə Abbasqulu ağa Bakıxanovun həyat yoldaşı Səkinə xanım Qüdsinin öz əli ilə köçürdüyü həmin kitabı – “Riyazü-s-siyahə”nin əlyazmasının orijinalını Sankt-Peterburqda İmperator Kitabxanasına hədiyyə edir.
Bu da Abbasqulu ağa Bakıxanovun daha bir körpülüyü olur. O məşhur kitab əlyazma xəzinəsinə “Riyazü-s-siyahə” əlavə ediləndən sonra bu qaynağı araşdırmağa başlayanların, demək, bu vəsilə ilə də Hacı Zeynalabdin Şirvanini daha yaxşı tanıyacaq və tanıdacaq elm, qələm adamlarının sayı artmağa başladı.
Nə qədər ki Hacı Zeynalabdin Şirvaninin səyahətnamələrinin nüsxələri köçürülərək geniş yayılmamışdı, onun haqqında bilgilər almağın əsas qaynağı Abbasqulu ağa Bakıxanovun “Gülüstan-i İrəm”i idi. Ancaq indi Hacı Zeynalabdin Şirvaninin qələmindən çıxmış “Riyazü-s-siyahə” də qarşımızdadır, “Hədaiqü-s-siyahə” də əlimizin altındadır, “Bustanu-s-siyahə”ni də oxuya bilirik. Bundan əlavə, onun ömür yolunun hansısa məqamlarının əks-sədalandığı şeirləri də var. Beləcə, bu dayaqlar üzərində yüksələrək, vaxtın hündürlüyündən baxaraq Hacı Zeynalabdin Şirvaninin yaşadığı, keçdiyi ömür yolunu da təsəvvür eləmək mümkündür.
O, 1780-ci ildə Şamaxıda doğuldu. Atası Axund İsgəndər o çağın Şamaxıda, Şirvanda tanınan insanlarından biri idi.
Bir tərəfdən güzəran çətinlikləri, yaşayış sıxıntıları, digər tərəfdən il-il böyüyən övladına yaxşı təhsil vermək arzusu Axund İsgəndəri sövq eləyir ki, oralardan aralansın, İraq-i Ərəbə üz tutsun. Hacı Zeynalabdin Şirvani bu köçün dəqiq tarixini də verir. “Bustan üs-siyahə”də yazır ki, mən beş yaşında olanda atam ailəmizi də götürüb Kərbəlaya yola düşdü.
Bu, əslində gələcəyin böyük səyyahının, böyük coğrafiyaşünasının ilk səyahəti, ilk uzun səfəri idi. Gəlirlər Kərbəlaya və Hacı Zeynalabdin Şirvani “Riyaz üs-siyahə”də bunu da yazır ki, o gündən mənim təhsil həyatım başladı. Mən düz 12 il atamın və digər böyük alimlərin yanında rəsmi və ədəbi elmləri öyrənməyə başladım.
Rəsmi və ədəbi elmləri deyəndə nəyi nəzərdə tuturdu? O, yalnız ruhani təhsil almırdı. Bu təhsilin içərisində fiqh də vardı, yəni müsəlman hüququ. Bu təhsilin içərisində nücum da vardı, yəni o çağın təsəvvürləri ilə astronomiya. Bu təhsil şəbəkəsinin içərisində musiqi elmi də, riyaziyyat da, məntiq də, fəlsəfə də vardı. Bu 12 il ərzində alınan təhsil, həm də sadə müəllimlərdən deyil, o ətrafın ən seçmə alimlərindən alınan savad 17 yaşına çatanda artıq Zeynalabdini içəridən doldurur. Bunu da yenə “Riyaz üs-siyahə”də özü yazır və məxsusi olaraq vurğulayır ki, mənə dərs deyən müəllimlərin hamısı alim adamlar idilər, çox şeyləri bilirdilər. Ancaq onların heç biri yaşadığı yerdən kənara çıxmamışdı, dünyanı görməmişdi. Mənimsə içərimdə bir həvəs yarandı, bir şövq əmələ gəldi ki, buralardan aralanım, səyahətə çıxım. Dünyanı gəzim-görüm, o gəzdiklərim, gördüklərim bu bildiklərimi, kitablardan oxuduqlarımı bir az da zənginləşdirsin.
Və 17 yaşında ikən Zeynalabdin Şirvani ilk böyük səfərinə çıxır. Əvvəlcə İraq-i Ərəbin neçə-neçə şəhərlərini gəzib dolaşır. Sonra üz tutur İraq-i Əcəm sarı. Gəlib çatır Rəştə, Gilana, o yerin insanları ilə təmasda olur, söhbətlər edir. Gəlib yetişir haqqında çox eşitdiyi və görməyi arzuladığı Təbrizə. Oradan baş alır Urmiyəyə, oradan Xoya yollanır. Bu təfərrüatları da yenə “Ruyaz üs-siyahə”də şatdırır.
Onun səfər etməsi, səyahəti başqa adamların səfərindən fərqlənirdi. Bu, yalnız gedib görmək səfəri deyildi. Harada olurdusa, can atırdı ki, həmin yerin məşhur adamları, tanınmış alimləri ilə görüşsün, ünsiyyətə girsin. Gəzdiyi yerlərdə gördüklərinin hamısının qeydiyyatını aparır, təsvirini yazırdı ki, sonra bunları kitabının səhifələrində əks etdirsin. Və gəlib yetişir ata-baba yurduna – Şirvana. O, Şamaxıdan ayrılanda vur-tut beş yaşında idi (Onların Şamaxıdan köç tarixləri müxtəlif cür nişan verilsə də, özü “Hədayiq üs-siyahə”sində məhz beş yaşında köçdüklərini bildirir). Onda, təbii ki, hələ dünyanı dərk edəcək halda deyildi. Ancaq indi Şamaxıya 17 yaşında oxumuş, bilgin bir cavan kimi qayıtmışdı. Şamaxı ona büsbütün başqa çöhrədə görünür və sonra “Riyazü-s-siyahə”sində Şirvanda müşahidə etdiklərini, Şamaxıda seyr olunanları başqa yerlər haqqında yazdıqlarından daha məhəbbətlə qələmə alır. Şirvanın gözəllikləri haqqında yazdıqları öz yerində, amma Şirvanın özünün gözəlliyindən az olmayan gözəlliyin insanlarında olduğunu təsdiqləyir. Yazır ki, buranın insanları çox nəvazişkar, mərd, xeyirxahdırlar. Onların qapısı həmişə qonaq üzünə açıqdır.
Hacı Zeynalabdin Şirvanini biz görməmişik. Nə fotosu, nə çağının hansısa rəssamının çəkdiyi surəti bizə gəlib çatıb. Ancaq XX yüzildə bizim məşhur rəssamımız və sənətşünasımız yaşadı – Əli Minayi. Onun 1960-cı illərin əvvəllərində yaratdığı Hacı Zeynalabdin portretinin diqqətəlayiq cəhəti bundan ibarətdir ki, farsdilli mənbələrə yaxşı bələd olan Əli Minayi portreti fırçaya alarkən görkəmli səyyahın zahirən necə göründüyü haqda qaynaqlardan gələn soraqlara arxalanmış, onları diqqətlə saf-çürük etmiş, müasirlərinin müşahidələrinə və sözlə təsvirlərinə əsaslanaraq işləmişdir. Nəticədə həm rəssamlıq – sənət baxımından, həm də elmi dəqiqlik nöqteyi-nəzərindən təqdirlərlə qarşılanan portret doğuldu və o vaxta qədər digər məşhur rəssamımız Oqtay Sadıqzadənin yaratdığı Hacı Zeynalabdin portretindən daha bəyənimli alındı.
“Bustanu-s-siyahə”sində Hacı Zeynalabdin Şirvani yazırdı ki, o insanlar ki millətin tarixində, yurdun keçmişində iz qoyub gediblər, istəyirsən ki, onların surəti də gözünün önündə olsun, ürəyindən keçir onların həyat yolunu da yaxşı biləsən. Ona görə də təxəyyüldən yaransa belə, Hacı Zeynalabdin Şirvaninin Əli Minayi yadigarı bu surəti insana çox doğma gəlir. Ancaq Hacı Zeynalabdin Şirvaninin özünün başqa bir tövsiyəsi də var. Deyir: “Kim ki məni yaxından tanımaq istəyir, kim ki istəyir mənim həyat yoluma yaxşı bələd olsun, “Bustan us-siyahə”ni oxusun”.
Yəni hər bir əsəri onun gördüyü yerlərin tərcümeyi-halı olmaqdan savayı həm də özünün keçdiyi həyat yolu haqqında bir hekayət sayılmalıdır.
Gəlib çıxmışdı Bakıya, yollanmışdı Salyana, Kürü, Arazı seyr eləmişdi. Başqa bir çox səyyahlardan fərqli olaraq, Hacı Zeynalabdin Şirvani həm də alim olduğundan gördüyü yerlərin heç birini, o cümlədən Bakını da, Kürü də, Arazı da, Salyanı da sadəcə təsvir edib keçmir. Bakının, Kürün, Salyanın keçmişi ilə bağlı tarixi qaynaqları qaldırır. “Bakı”, “Kür”, “Salyan” kəlmələrinin özlərinin haradan əmələ gəlməsi ilə bağlı apardığı araşdırmaların nəticəsini oxucu ilə bölüşür.
Yəni gördüyü hər şeyə səyyahdan daha artıq – bir alim kimi yanaşırdı.
Gedib çıxmışdı İranın qədim Tus şəhərinə – Əbülqasım Firdovsinin – o böyük “Şahnamə” müəllifinin vətəninə. Yenə bu şəhər, o yerin insanları, onların özünəməxsus xüsusiyyətləri ilə bağlı elə bilgilər verir ki, üstündən böyük zamanlar keçəndən sonra da o məlumatların heç biri əhəmiyyətini, dəyərini itirməyib, bu gün də insana, araşdırıcıya xüsusən maraqlı gəlir.
Hacı Zeynalabdin Şirvani – bu cavan insan artıq beş il idi ki, yollarda idi. İraq-i Ərəbin, İraq-i Əcəmin və onun ətrafındakı çox yerlərin mənzərəsi və tarixi onun üçün artıq aydın idi, düşünürdü ki, bu, artıq elə bir kitablıq bilgi deməkdir. Ancaq onu yeni, hələ görmədiyi sərhədlər cəzb eləyirdi.
Səyahət belədir, aşiqlik kimi bir şeydir, ürəyinə o sevda düşdümü, daha onun sehrindən qurtula bilməyəcəksən və 22 yaşına çatanda – 1802-ci ildə Hacı Zeynalabdin Şirvani yenə uzun bir yola, çoxdan arzusunda olduğu səfərə çıxır. Artıq beş ildi ki, yollardaydı, yollar onu yormamışdı, əksinə, səyahətlərə olan sevgisini artırmışdı və nağıllar, əfsanələr diyarı Hindistana tərəf səmt götürür.
Hacı Zeynalabdin Şirvani Hindistanda səkkiz il olacaq. Bu qədim diyarı başdan-sonacan gəzib dolaşacaq. O yerin sıra-sıra insanları ilə görüşəcək. Bu yurd onun üçün çox doğmalaşacaq və illər boyu Hindistan xatirələrini unutmayacaq. Onun yazdıqları da Hindistan haqqındakı ən qiymətli Hindistannamələrdən biridir.
İş ondadır ki, Hacı Zeynalabdin Şirvani yalnız səyahətnamə yazmayıb, yalnız gördüklərini təsvir eləməyib. O çağlardakı Hindistanın ictimai-siyasi həyatının çox düyünlü məqamını da öz səyahətnamələrində əks etdirib. O çağlar idi ki, Hindistan ingilislərin müstəmləkə siyasətindən çox əziyyət çəkirdi və yaşının az olmasına baxmayaraq, bir ağsaqqal kimi düşünən Hacı Zeynalabdin Şirvani bu gözəl ölkənin həyatının alt qatını bütün ağrıları ilə hiss edirdi. Yaxşını da görürdü, yamanı da – bir tərəfdən seyr edirdi ki, bu gəlmələr ölkəni istismar edir, milyonlarla insan aclıq çəkir, əziyyət içərisində dolanır, amma digər tərəfdən görürdü ki, həmin gəlmələr yeni Hindistan quruculuğu, dünya ilə qaynayıb-qarışacaq ayrı bir ölkə yaratmaq istiqamətində səy göstərirlər və bütün bunları “Bustan üs-siyahə”sində yerli-yataqlı əks etdirirdi.
Yollanır Pəncaba, oradan gəlir Dehliyə. Üz tutduğu hər yerdə olduğu kimi, burada da öz şakərinə sadiq qalır. Ağlı ilə, zəkası ilə, istedadları ilə seçilən insanları arayır, onlarla ünsiyyətə girir və çox oxuduğundan, çox bildiyindən, artıq arxada qalan illərdə də gəzib-dolaşdığı yerlərdən yığdığı həyat təcrübəsindən o, daxilən xeyli zənginləşmişdi. Həm də onun gözəl natiqlik qabiliyyəti vardı, söhbətcil adam idi. Onu görmüş müasirlərinin sözləridir bu. Hindistanda hansı qapını açırsa, hansı məşhurla görüşürsə, elə söhbətlərinin ilk dəqiqələrindən ona heyran qalırlar.
Dehlidə olarkən o, Şah Aləmgir adlı hökmdar və Şərifxan adlı həkimlə görüşür. Bu görüşün təəssüratları uzun zaman yadından çıxmayacaq, amma tarixin də yadında qalsın deyə bu barədə “Bustan üs-siyahə”sində qeydlər edəcək.
Hacı Zeynalabdin Şirvani ömrü boyu oxumağa, öyrənməyə mail olmuşdu. Elə burada da Şərifxanla görüşəndən sonra içərisində ayrı bir istək yaranır. Şərifxan məşhur həkim idi və onun yanında bir müddət qalaraq həkimliyin sirlərini öyrənməyə başlayır.
Hacı Zeynalabdin Şirvanini Hacı Zeynalabdin Şirvani edən, üstün edən elə bu keyfiyyəti idi. O, mahiyyəti etibarilə narahat olan, yollarda keçən ömrü boyu şəraitsizliyə rəğmən heç vaxt oxumaqdan, öyrənməkdən usanmadı. Ən dar macalda da həmişə əlində kitab oldu və qazandığı biliklər, təcrübələr də həmişə dadına yetdi. Elə burada – Hindistanda da məşhur Şərifxanın yanında keçirdiyi aylar, ondan yığdığı təcrübələr həm digər insanlara ehtiyac duyulanda həkim olaraq yardımçıya çevrilməsinə kömək etdi, həm də yolların narahatlığında tez-tez üzləşdiyi müəyyən səhhət böhranlarında artıq bişkin həkim kimi özü-özünün müalici olmasına imkan yaratdı.
Hindistanda səkkiz il qalandan sonra Hacı Zeynalabdin Şirvani İrana qayıdacaq. İstəyəcək ki, burada birdəfəlik məskən salsın, ailə qursun, həyatını rahat bir şəkildə davam etdirsin. Ancaq İranda müxtəlif şəhərlərdə onun başına elə müsibətlər gətiriləcək ki, o, Hindistanda keçirdiyi səkkiz ilin hər gününü sonra xiffətlə yad edəcək. Orada görmüş olduğu hörmət-izzəti, diqqəti, qayğını həmişə sayğı ilə anacaq.
Hindistanda hansı insanları görmüşdü, hansı qayğılarla qarşılaşmışdı? Bir-bir bunların ayrıntılarını açır. Yetişmişdi Cinəgər şəhərinə. Əvvəl o, Cinəgər şəhərini valehliklə təsvir edir ki, buradakı bütün evlər, ellik binalar şahmat qaydasında tikilib. Bu şəhərin xüsusi bir səliqəsi var.
Zahirən oxucuya bu, adi təsir bağışlayacaq bir məlumat kimi gələ bilər. Ancaq Hindistana o çağlarda hər adamın yolu düşmürdü ki. XIX əsr yenicə başlayırdı. İnsanlar məlumat acı idilər. Hindistanın hər şəhəri, hər kəndi, hər yaşayış məntəqəsi, o yerin adət-ənənələri, geyim-kecimi, yeməkləri, süfrəsi, insanlarının xasiyyətləri haqqında Hacı Zeynalabdin Şirvaninin yazdığı, insanlara kitabı vasitəsilə ötürdüyü hər bir bilginin mənası çox böyük idi. Elə çağlar idi ki, insanlar hələ Hindistanı yaxşı tanımırdılar. Hacı Zeynalabdinin səyahətnaməsi bir ekran idi ki, genişliyi ilə açılırdı və insanlara hətta özləri buralara gələ bilsələr belə, asanca görə bilməyəcəkləri Hindistanı göstərirdi.
Həmin Cinəgər şəhərində Hacı Zeynalabdin Şirvani o yerin hökmdarı Rac Portabçəndin evində üç ay qonaq olur. Rac səyyah qonaqla görüşəndən sonra anlayır ki, onun qarşısında dayanan sadə bir adam deyil, xəzinə-adamdır və onu üç ay öz malikanəsində saxlayır, ona olmazın hörmətlər göstərir.
Hacı Zeynalabdin Şirvani İrana qayıdıb burada başından qovğalar keçəndən sonra, insan münasibətlərinin ən sərt, ən qaba üzləri ilə qarşılaşandan sonra Hindistandakı o gözəl camalları həsrətlə anırdı. Rac Portabçənd haqqında yazırdı ki, evində, malikanəsində qonaq olduğum üç ay ərzində mənə elə diqqətlər, elə qayğılar göstərdi ki, hamısını yazsam, iri bir kitab olar.
Ya Hindistanda olanda Nəsirüddövlə adlı başqa bir əmirlə görüşmüşdü. Əmir də onun biliklərinə, söhbətlərinə heyran qalandan sonra bir xeyli müddət evində qonaq qalmasını rica edir və hər axşam Hacı Zeynalabdin Şirvanini məmnuniyyətlə dinləyirmiş. Bir var Hacı Zeynalabdin Şirvaninin gəzdiyi, gördüyü yerlər haqqındakı təəssüratlarını onun kitablarından, əlyazmalarından oxuyasan, bir də var onun öz dilindən eşidəsən. Ona görə Nəsirüddövlə Zeynalabdini günlərlə özünə həmsöhbət etməklə feyz alır, hər dəfə biliklərinə heyran qalırmış.
Hacı Zeynalabdin Şirvani yazır ki, bu Nəsirüddövlənin on iki min əlyazmadan ibarət çox zəngin bir kitabxanası vardı.
Nəhayət ki, bir neçə gün əmirə qonaq olandan sonra ayrılmaq məqamı yetişir və Nəsirüddövlə heç ayrılmaq istəmədiyi bu əziz qonağa məhəbbətinin ifadəsi olaraq pul, ənam, töhfələr təklif edir. Ancaq Hacı Zeynalabdin Şirvani gözütox bir adam idi, hamısından imtina edir. Nəsirüddövlə də aqil adammış və Hacı Zeynalabdin Şirvani onun haqqında yazır ki, Nəsirüddövlə kitabxanasında olan on iki min əlyazmanın hamısını oxumuşdu. Əmir göstəriş verir ki, kitabxanamda olan həmin əlyazmaların siyahısını gətirin. Siyahını verirlər Hacı Zeynalabdin Şirvaniyə. Əmir qayıdır ki, tanış ol, buradakı hansı əlyazmaları istəyirsənsə, bəyənirsənsə, sənə hədiyyə edirəm. Bu, müdrik bir adamın elə hədiyyə təklifi idi ki, Hacı Zeynalabdin Şirvani kimi kitab aşiqinin, bilik vurğununun ondan vaz keçməsi mümkünsüz idi.
Hacı Zeynalabdin Şirvaninin “Riyaz üs-siyahə”si də, “Hədaiq us-siyahə”si də, “Bustan us-siyahə”si də hərəsi özünə görə bir ensiklopediya idi. Elə bir ensiklopediya ki, insanlar qarşısında gəzib-gördüyü yerlərin dəqiq, gerçəkçi mənzərəsini yaradırdı. O kitabları oxuyan insan Hindistanın ən ucqarlarından tutmuş Mavərənnəhrə qədər, Qafqazlardan tutmuş Yaxın-Orta Şərqin ən çeşidli ölkələrinə qədər çox yerləri görmüş kimi olurdu. Amma eyni zamanda Hacı Zeynalabdin Şirvaninin ustalığı ondan ibarətdir ki, bu qiymətli əsərlərini yarada-yarada həm də bir insanlıq ensiklopediyasını ora əlavə etməyi bacarıb. O, verdiyi coğrafi məlumatların arasında yeri düşdükcə rast gəldiyi insanlardan, onların yüksək mənəvi keyfiyyətlərindən də bəhs açıb.
Hindistanda daha bir dəyərli insanla, daha bir aqil əmirlə – Kəriməli xanla qarşılaşmışdı. Kəriməli xan da günlər boyu Hacı Zeynalabdin Şirvanini malikanəsindən buraxmır, evində qonaq saxlayır.
Hər axşam Hacı Zeynalabdin Şirvaninin ətrafına o yerin tanınmış insanlarını, ziyalılarını, elm adamlarını toplayır ki, onun söhbətlərindən feyziyab olsunlar, fikir mübadilələri aparsınlar.
Axşamlardan birində ikiləri üzbəüz qalanda Hacı Zeynalabdin Şirvani Kəriməli xandan bir söz soruşur. Bu sözü axşamlardan birində ondan soruşmağının izi də elə Hacı Zeynalabdin Şirvaninin əsərində, qələmində yadigar qalıb: “Soruşdum ki, axı nəyə görə mənə ifrat görünəcək dərəcədə diqqət göstərirsiniz? Kəriməli xan cavab verdi ki, ifrat deyil, sənə diqqətimin ən azı səkkiz səbəbi var. Birinci səbəb insanpərvərlikdi, insanlar gərək bir-birlərinə diqqət göstərsinlər, qayğı göstərsinlər. İkinci səbəb odur ki, siz qəribsiniz, ayrı bir diyardan gəlmisiniz, bu diyarda olduğunuz müddətdə gərək elə nəcibliklər, elə yaxşılıqlar görəsiniz ki, qayıdıb gedəndən sonra da bu ölkə, bu ölkənin insanları haqqında xoş sözlər danışasınız. Üçüncü səbəb odur ki, siz qonaqsınız. Qonaq hansı evə gəlsə, o evin bəzəyidir. Qonağın həmişə pişvazında durmaq lazımdır, ona diqqət göstərmək vacibdir. Dördüncü səbəb odur ki, sizi bizim məmləkətə məhəbbət gətirib. Bizim yurda, bizim insanlara məhəbbət bəsləyənə məhəbbətlə cavab vermək borcumuzdur. Beşinci səbəb odur ki, siz alim bir adamsınız. Alimin qulluğunda durmaq hər bir insan üçün şərəfdir. Altıncı səbəb odur ki, siz arif adamsınız. Hər alim ariflik mərtəbəsinə ucalmır. Yeddinci səbəb odur ki, siz elə bir təriqətin yolunu tutub gedirsiniz ki, amalınız kasıblara, köməyə ehtiyacı olanlara yardım etməkdir, insana dayaq durmaqdır. Köməyə ehtiyacı olanlara dayaq durmağa çalışan insanlara ehtiram, əlbəttə ki, borcumuzdur. Səkkizinci səbəb odur ki, siz doyulmaz bir insansınız. Sizin şirin söhbətlərinizin dadı bizim damağımızdan hələ illər boyu getməyəcək”.
Şəhər-şəhər, ölkə-ölkə gəzdikcə o yerləri təsvir etməklə yanaşı, Hacı Zeynalabdin Şirvani bu məqamlara, insanların səciyyəvi keyfiyyətlərini qələmə almağa da üstünlük verməyi unutmur. Həm də bunu məqsədli şəkildə edir. Çünki o insanlar həmin yerlərin mənzərəsini tamamlayan cizgilərdir. O insanlarsız o yerlərin gözəlliyi bəlkə də o cür tamlığı ilə görünməzdi.
Yollardan keçə-keçə Misirə gəlib çatmışdı və Misirdə yolu bir gün İbrahim bəy adlı əmirlə kəsişir. İbrahim bəy zəki, həssas bir insan idi. Qısa ünsiyyət əsnasında anlayır ki, Hacı Zeynalabdin Şirvani həddən ziyadə qiymətli şəxsiyyətdir. Təklif edir ki, qal mənim yanımda. Sənin üçün nə şərait istəyirsən yaradım. Onsuz da kifayət qədər səyahətlər etmisən. Ardınca da deyir ki, mənim tabeliyimdə olan əyalətlərdən biri Qamusdur. O Qamus əyalətində 70 kənd var. Həmin 70 kəndi, o Qamus əyalətini bağışlayıram sənə. Bütün sərvəti, hər nəyi varsa səninki olsun. Təki sən qal burada, mənim yanımda. Hacı Zeynalabdin Şirvani imtina edir.
Tək burada yox ki, bundan əvvəl ayağı dəymiş çox yerlərdə də ona təklif edilən hədiyyələrdən, sərvətdən, naz-nemətdən həmişə imtina eləmişdi. O, çoxdandı ki, bir pak dərviş, sufi mərtəbəsinə ucalmış insan idi. Daxilən elə zənginləşmişdi ki, dünya malının onun nəzərində dəyəri yox idi. Onun üçün əziz olan insan münasibətləri, insan mənəviyyatının saf tərəfləri idi.
Gözümüzün önünə oçağkı çətin keçilən yolları, yurdlar arasındakı uzun məsafələri gətirincə bunun da fikrini etməliyik ki, həmin əyyamlarda o məsafələr məhz indiki kimi rahat qət edilən olmadığından mahiyyətcə bugünkündən qat-qat uzunmuş. Bu məntəqədən o məntəqəyə aparan nəqliyyat vasitələrinin imkanları məhdudmuş, yüz cür əziyyətlə, təhlükələrdən adlayaraq bir yerdən başqa bir yerə gedib çatanda dincəlmək imkanları da məhdudmuş. Ara-sıra gözə dəyən karvansaralar da yuyunmaq, rahatlanmaq, ürəyin istəyən rahatlıq tapmaqçün imkan verən deyildi, sadəcə, gecələmək fürsəti idi.
Ancaq bütün bu əziyyətlərə rəğmən, Hacı Zeynalabdin Şirvani içərisinin bütün şövqü ilə yollara doğru həmişə can atdı. Çünki bu təmin və təmiz mənəviyyatlı insan gəzdiyi-gördüyü yerlərdən içərisinə işıq toplayırdı və daxilində daim bu ehtiyac da vardı ki, həmin işığı başqalarına da yaysın.