Hacı Zeynalabdin Tağıyevin ömrünün son 4 ili

by Samir Asadli
Fərhad Cabbarov, 
tarix elmləri doktoru
 
  Sentyabrın 1-də Azərbaycanın ən tanınmış sahibkarı, xeyriyyəçisi, sağlığında “millət atası” adını qazanmış Hacı Zeynalabdin Tağıyevin vəfatının 100-cü ildönümü tamam olur. Tağıyev haqqında yüzlərlə kitab, məqalə, oçerk, bədii əsər yazılıb, sənədli və bədii filmlər çəkilib, teatr tamaşası qoyulub, hətta əfsanələr yaranıb. Onun həyatının son illərindən bəhs edən bu yazımızda oxuculara indiyədək naməlum olan bəzi faktlar da təqdim ediləcək.
 
      
  1920-ci ilin aprelində Azərbaycan sərhədlərini keçən rus ordusu ölkəni işğal etdi və müstəqil cümhuriyyəti yıxdı. Hakimiyyət bolşeviklərin əlinə keçdi. Ölkədə terror, həbslər və talanlar başladı. H.Z.Tağıyevin qızı Sara xanım 1920-ci ilin mayında baş vermiş bir hadisəni xatırlayırdı. Onun sözlərinə görə, bir dəfə axşam Tağıyevin evinə özlərini Fövqəladə Komissiyanın əməkdaşları kimi təqdim etmiş adamlar gəldilər. Sara xanım sovet Azərbaycanının hökumət rəhbəri N.Nərimanovun Yuxarı Təzəpir küçəsindəki (indiki Nabat Aşurbəyova küçəsi) mənzilinə gedərək ona məlumat verir ki, FK evlərindədir, axtarış aparılır və H.Z.Tağıyevi həbs edə bilərlər. N.Nərimanov zəng edərək FK əməkdaşını telefona çağırır və onunla danışıb “Tağıyevə toxunmayın” deyir. Sara xanım atasının evinə qayıtdıqdan sonra FK işçiləri artıq orada yox idilər.
  Lakin N.Nərimanov H.Z.Tağıyevi həbsdən xilas etsə də, onu bolşeviklərin apardığı “kütləvi müsadirə” siyasətindən qurtara bilmək iqtidarında deyildi. Zorakı yollarla aparılan bu siyasət nəticəsində “sinfi düşmən” elan edilən sahibkarların varidatı əllərindən alınır, onlar yaşadıqları evlərdən çıxarılırdılar. H.Z.Tağıyevin ailəsini də bu tale gözləyirdi. Hacının qızı Sürəyya xanımın xatirələrinə görə, ailəni evdən çıxaranda atası onlara demişdi: “Yalnız özünüzə məxsus əşyaları götürün, qalan hər şey xalqa qalacaq”. Ailə üzvləri də onun sözünə əməl edərək, ancaq şəxsi əşyalarını özləri ilə götürüb evdən çıxır və açarı qapıdan asırlar.
  Arxiv sənədləri və qohumlarının xatirələri Tağıyevlərin yaşadıqları evdən nə vaxt, hansı şərtlərlə çıxarıldığını dəqiq müəyyənləşdirməyə imkan verir.  H.Z.Tağıyevin Azərbaycan İnqilab Komitəsinə 1920-ci ilin avqustunda yazdığı ərizədən bəlli olur ki, Mərkəzi Mənzil Komissiyasının 30 may tarixli qərarı ilə Qorçakov küçəsindəki (indiki H.Z.Tağıyev küçəsi) ev uşaq evi və digər təşkilatların xeyrinə müsadirə edilib. Məktubdan həmçinin aydınlaşır ki, evin 20 otağı Hacının yaşadığı hissə idi və bu mənzillə bərabər bütün avadanlıq da ondan alınaraq yeni sakinlərə verilib. Evin keçmiş sahibinə isə yeni hökumətdən “lütfkarlıqla” iki çarpayı, yazı masası, beş stul və bir trümo qalıb. Evdən çıxarılarkən Tağıyevlər ailəsi 14 nəfər idi və bu 14 nəfərə yaşadıqları mənzildən yalnız bunları götürməyə icazə verildi.
  Qorçakov küçəsindəki evi tərk etdikdən sonra ailə çox güman ki, bir neçə gün hələ də müsadirə olunmayan Mərdəkandakı bağ evində qalırdı. Professor Feyzulla Qasımzadə öz xatirələrində yazırdı: “1920-ci il aprel ayının axırında Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Tağıyev Mərdəkanda öz bağında yaşayırdı. Bağın ondan alınması ehtimalı vardı. Mərdəkan camaatı Tağıyevin kasıblara əl tutmasını, maarifpərvərliyini nəzərə alaraq sovet hökumətindən xahiş edir ki, bağ Tağıyevin vəfatına qədər ondan alınmasın. Mərdəkan kəndinin hökumətə müraciətini rusca mən yazmışdım”. F.Qasımzadənin haqqında bəhs etdiyi müraciəti üzə çıxarmaq mümkün olmasa da, Sara Sarayeva-Tağıyevanın topladığı materiallar arasında bu məsələyə birbaşa aydınlıq gətirən maraqlı sənəd var: bu, Mərdəkan əhalisinin 1957-ci il iyunun 28-də Azərbaycan SSR hökumətinə müraciətidir. Sənəddə deyilir: “37 il bundan əvvəl professor Mirzə F. [Feyzulla – F.C.] Qasımzadə əhalinin xahişi ilə hökumətə əsasnamə [müraciət –F.C.] yazıb. Əsasnamədə göstərilirdi ki, Hacı Zeynalabdin Tağıyevin bağı ölənə qədər onun ixtiyarında olsun. N.Nərimanovun başçılığı ilə Azərbaycan SSR-in birinci hökuməti Hacı Zeynalabdinin xalqa və mədəniyyətə göstərdiyi xidmətlərini nəzərə alaraq, bağını ölənə qədər ona vermişdi. Hacı Zeynalabdin öləndə kənd əhalisindən xahiş etmişdi ki, onu dediyi yerdə basdırsınlar. İndi biz Sizdən xahiş edirik ki, əgər onun basdırılmış olduğu yer hər hansı bir plana düşsə, yəni bağ və ya park salınsa, Hacının dəfn olunduğu balaca yerə toxunulmasın”.
  Sənəddən göründüyü kimi, Mərdəkan əhalisinin müraciətinə cavab olaraq sovet hökuməti H.Z.Tağıyevə bağ evində yaşamağa icazə vermişdi. Qeyd edim ki, keçmiş milyonçular arasında belə bir imtiyaz yalnız Hacıya verilmişdi, digərlərinin bütün mülkləri kimi, bağları da əllərindən alınmışdı. Belə ki, Abşeron bağlarının yeni sərəncamçısı – Xalq Torpaq Komissarlığının 31 avqust 1920-ci il tarixli əmri ilə 27 bağ mülkü dövlət əhəmiyyətli elan olundu və orada sovet təsərrüfatları yaradıldı. 1921-ci ildən etibarən isə bağlar Bakı Şəhər İcraiyyə Komitəsinin sərəncamına verildi. Bu qərarlar yalnız H.Z.Tağıyevin bağına şamil edilmirdi.
  Mərdəkanda olarkən H.Z.Tağıyev İnqilab Komitəsinə müraciət edərək, şəhərdə yaşamaq üçün icazə istəyir və buna cavab olaraq Hacıya kürəkəni Zeynal bəy Səlimxanovun Polis (indiki Yusif Məmmədəliyev) küçəsindəki evinin üçüncü mərtəbəsində 6 otaq ayrılır. Yeri gəlmişkən, bu evi də hökumət müsadirə etmişdi və Z.Səlimxanov həyat yoldaşı Sara və qızı Səfiyyə ilə birlikdə evin yalnız bir neçə otağında yaşayırdı.
Hacı daha sonra ərizədə göstərirdi ki, xəstə olduğu üçün o, yayda Mərdəkana gedib, ailəsinin bir hissəsi isə Z.Səlimxanovun evindəki həmin mənzilində qalmışdı. Avqustun 1-də Azərbaycan İnqilab Komitəsi H.Z.Tağıyevin bu mənzilə olan hüquqlarını bir daha təsdiq edərək, ona N.Nərimanovun imzası ilə müvafiq vəsiqə vermişdi. Lakin buna baxmayaraq, mənzil şöbəsinin müdiri Sevastyanov avqustun 15-də H.Z.Tağıyevin mənzilinə gələrək, Zeynal bəy Səlimxanovdan açarları alıb, qapıları kilidləyib və bildirib ki, mənzil bütün avadanlıqla bir yerdə müsadirə olunur. Ərizənin sonunda pullarını milləti üçün sərf etmiş böyük xeyriyyəçi sovet hökumətindən acizanə xahiş etməyə məcbur qalaraq yazırdı: “Ən yaxın vaxtlarda mən Bakıya qayıtmalı olacam, çünki mənim Mərdəkandakı evim qışda yaşamaq üçün uyğun deyil və mənə – qoca və xəstə adama tibbi yardım lazımdır, Mərdəkanda isə bu yoxdur. Ailəm böyük olduğu və şəhərdə başqa evim olmadığı üçün mən, İnqilab Komitəsinin əvvəlki qərarının bir daha təsdiq olunmasını və ailəmin bir hissəsinin yaşadığı həmin mənzilin mənim sərəncamımda saxlanılmasını xahiş edirəm”.
  H.Z.Tağıyevin xahişinə əsasən 1922-ci ilin payızında ona ailəsi ilə birlikdə yaşamaq üçün Kommunist (indiki İstiqlaliyyət) küçəsi, ev 27 ünvanında mənzil verilmişdi. 1922-ci il dekabrın 22-də H.Z.Tağıyev Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə ərizə göndərərək, ondan mənzil haqqının alınmamasını xahiş etmişdi. Vaxtilə böyük var-dövlətə sahib olan, xeyriyyə işlərinə yüz minlərlə pul xərcləyən “millət atası”nın onu hər şeydən məhrum edən hökumətə yazdığı həmin ərizəni oxuyarkən Hacının keçirdiyi acı hissləri yalnız təsəvvür etmək olar. Bütün mülk, ev, müəssisə və kapitallarından məhrum olunduğu, heç bir gəliri, əmanəti qalmadığı üçün mənzil haqqını ödəyə bilməyəcəyini deyən H.Z.Tağıyev sanki fəhlə-kəndli hökuməti nümayəndələrindən üzrxahlıq edərək yazır ki, “hansısa qazanc əldə etməyimə mənim ahıl yaşım və səhhətimin həddindən artıq pis durumu imkan vermir”. Məktubun sonunda Hacı sovet hökumətinin onun “acınacaqlı vəziyyətini nəzərə alıb”, müstəsna hal kimi mənzil haqqından azad edəcəyinə və həmin mənzildə pulsuz qalmağa icazə verəcəyinə ümid etdiyini bildirirdi. H.Z.Tağıyevin ərizəsinə 1923-cü il yanvarın 27-də Azərbaycan MİK-in Rəyasət Heyətində baxılır və müsbət qərar qəbul olunur.
  H.Z.Tağıyev öz ailəsi ilə birgə Qorçakov küçəsindəki evindən çıxarılandan sonra bura ayrı-ayrı şəxslərə yaşamaq üçün kirayə verilir, habelə evdəki bəzi otaqlar müxtəlif təşkilatlar tərəfindən tutulur. Binanı sovet dövrünün ilk illərində yaranmış “upravdom” (rusca “upravlyauşşiy domom”, yəni evin işlər müdiri) idarə edirdi. Məhz həmin illərdə milyonçunun evindəki bir çox əşyalar pərən-pərən oldu, müxtəlif yerlərə daşındı. Arxiv sənədində bildirilirdi ki, sakinlər və təşkilatlar H.Z.Tağıyevin evindən başqa yerə köçərkən sanki belə olmalı imiş kimi özləri ilə mebel, qab-qacaq, çil-çıraqlar, asılqanlar aparırdılar. RSFSR Xarici Ticarət Komissarlığının Bakı şöbəsi özü ilə royal və yazı stolu aparmışdı. Nəzarətsizlik o yerə çatmışdı ki, hətta binanın dalandarı köçərkən evdən dəmir çarpayını çıxara bilmişdi.
  Ancaq evə ən böyük zərəri burada yerləşən və ən geniş sahəni tutan 11 №-li uşaq evi vururdu. Tağıyev sarayının ən yaraşıqlı otaqlarından olan yemək və yataq otaqları, güzgülü otaq həmin uşaq evinin ixtiyarında idi. Arxiv sənədində yazılırdı ki, direktor Georgi Nikolayevin səhlənkarlığı və etinasızlığı ucbatından uşaqlar evi dağıdır, otaqlarda odun doğrayırdılar. G.Nikolayevin əməlləri barədə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə məruzə edən evin işlər müdiri İzmayıl Qayday yazırdı: “İndi də otaqlarımızda xarratxana açıb, bahalı döşəmələr, tavanlar və sair dağıdılır. Beləcə, bütün Azərbaycanda ən yaxşı ev hansısa məsuliyyətsiz adam tərəfindən mənasızcasına dağıdılır. İki anbarı özbaşına açaraq, bahalı rəsm əsərlərini mənimsəyib… Salamat çıxan bahalı güzgülərdən, həmçinin mebeldən olan-qalan da hər gün sındırılır. Olan-qalan bir vanna artıq zədələnib, tavan isə uşaqların ora-bura gəzməsi ucbatından tamamilə dağılmaq üzrədir. Oğurluq yenidən başlayıb…”
  Beləcə, 20 ildən artıq “millət atası”nın mülkü olmuş, onlarla tarixi hadisəyə şahidlik etmiş saray sözün əsl mənasında talan olunur və dağıdılırdı. 1922-ci ildə Azərbaycan rəhbərliyi məsələ ilə məşğul olmaq qərarına gəlir. Keçmiş Tağıyev mülkünə yeni ad verilir – “AzMİK-in Evi”. AzMİK böyük çətinliklə də olsa, bütün sakinləri və qurumları binadan çıxara bilir. Əvvəlki qurumlardan yalnız Dövlət Muzeyinin burada qalmasına icazə verilir.
  1923-cü il oktyabrın 30-da Azərbaycan SSR Xalq Komissarları Soveti keçmiş Tağıyev mülkünün Xalq Maarif Komissarlığının sərəncamına verilməsi haqqında xalq komissarı Mustafa Quliyevin vəsatətinə baxaraq qərar çıxarır: “a) Bütün muzeylərin bir evdə cəmləşdirilməsi məqsədilə və keçmiş Tağıyev evi buna daha uyğun olduğu üçün keçmiş Tağıyev sarayı Xalq Maarif Komissarlığına verilsin. b) Yanğın təhlükəsini aradan qaldırmaq üçün sakinlərin evdən çıxarılması zəruri sayılsın”. Beləliklə, sənəddən anlaşılır ki, vaxtilə bir çox qərarlar verilsə də, artıq 1923-cü ilin sonu olsa da, binada hələ də sakinlər yaşayırdı. Xalq Komissarları Komitəsinin qərarında daha bir maraqlı məqam diqqəti cəlb edir. Adıçəkilən binanın yeni adı olsa da, o, burada ilkin adı ilə, xalqın yaddaşında qalan adla – Tağıyev sarayı, Tağıyev evi kimi qeyd olunur. Deməli, H.Z.Tağıyevin evinin müsadirəsindən üç il keçsə belə, hətta rəsmi dairələr binanı hələ də onun əsl sahibinin adı ilə xatırlayırdılar…
  H.Z.Tağıyev ömrünün son illərini ailəsi ilə birlikdə Mərdəkandakı bağ evində yaşamışdı. Sovet rejiminin repressiyaları hələ onlara toxunmamışdı, “düşmən təbəqə”dən olan kürəkənləri Əli Əsədullayev və Zeynal bəy Səlimxanov Bakıda işləyirdilər. 1922-ci ildə H.Z.Tağıyev kiçik qızı Sürəyyanı Əsədulla bəy Abdullayevə ərə vermişdi. Onların kəbin sənədində başqa imzalarla yanaşı həm Hacının, həm də Ə.Əsədullayevlə Z.Səlimxanovun imzaları da var. H.Z.Tağıyevin həyatda olarkən çəkdirdiyi sonuncu şəkil 15 iyun 1924-cü ilə aiddir. Həmin gün Sürəyyanın ilk övladı Dilarənin bir yaşı tamam olmuşdu. Mərdəkan bağında çəkilmiş bu şəkildə o, qızı Leyla və nəvələri Əli, Nadir, Gülnarla bir yerdə əks olunub.
  1924-cü il sentyabrın 1-də H.Z.Tağıyev vəfat edir. Sentyabrın 4-də Hacı Mərdəkanda, vəsiyyətinə uyğun olaraq Axund Əbuturabın məzarı yaxınlığında dəfn edilir. Rəvayətə görə, bir dəfə söhbət əsnasında H.Z.Tağıyev axunddan soruşub ki, mənim var-dövlətim haçansa əlimdən çıxa bilərmi? Cavab belə olub ki, var-dövləti verən Allahdır, o da istədiyi vaxt hər şeyi səndən ala bilər. Aprel işğalından sonra bu müdrik sözləri xatırlayan keçmiş milyonçu “onun ayağının bildiyini mənim başım bilmir” deyərək vəsiyyət etmişdi ki, onu Axund Əbuturabın yanında basdırsınlar.
  H.Z.Tağıyevin vəfatı ilə əlaqədar “Bakinskiy raboçiy” qəzetində başsağlığı elanları və kiçik nekroloq dərc olundu. İki cümləlik nekroloqda yazılmışdı: “Sentyabrın 1-i, Mərdəkanda 105 yaşlı (yaşı səhv göstərilib, əslində, Tağıyev 1838-ci il təvəllüdlü idi – F.C.) Zeynalabdin Tağıyev sətəlcəmdən vəfat edib. Mərhum iri sənayeçi və maliyyəçilərdən biri və böyük filantrop kimi məşhur idi”. Sağlığında nə qədər böyük işlər görsə də, H.Z.Tağıyev yeni hakimiyyətin nəzərində “sinfi düşmən”, “istismarçı” idi, buna görə Sovet Azərbaycanında onun haqqında bundan artıq yazıla bilməzdi. Azərbaycanda bunu ona rəva bilməsələr də, vətəndən uzaqda H.Z.Tağıyev haqqında geniş, adına və əməllərinə layiq nekroloq yazan bir nəfər tapıldı. Bu, mühacirət etməyə məcbur olmuş, istər vətəndə yaşayarkən, istər ondan uzaq düşərkən milli mübarizəni bir an belə dayandırmamış “siyasət meydanının ən böyük cəngavəri” (akademik Ziya Bünyadov) Məhəmmədəmin Rəsulzadə idi. Türkiyədə çıxan “Yeni Kafkasya” jurnalında onun “Azəri” imzası ilə yazdığı “Hacı Zeynalabdin” adlı böyük nekroloq çap olunur. M.Rəsulzadənin müqtədir qələmindən çıxan bu yazının H.Z.Tağıyev haqqında yeganə əhatəli nekroloq olduğunu, onun “səxavət dünyasının heç kimlə müqayisə edilməyəcək dahi bir şəxsiyyəti” (akademik Ziya Bünyadov) – H.Z.Tağıyevə nə cür qiymət verməsi maraq kəsb etdiyi üçün bu yazının ən təsirli hissələrini oxuculara təqdim etmək istəyirəm: “Müəssif xəbər-i irtihalını [təəssüf doğuran ölüm xəbərini – F.C.] keçən sayımızda dərc eylədiyimiz Hacı Zeynalabdin Tağıyev Azərbaycanın ən məruf [məşhur – F.C.] simalarından idi. Hacı cahanca məruf bir milyoner idi. Fəqət Bakı milyonerləri miyanında [arasında – F.C.] ən məşhur bir isim daşıyan bu adam ölürkən artıq milyoner deyildi. Azərbaycanı istila edən Rusiya bolşevikləri hər kəs kimi onu da soyub, soğana döndərmişlərdir. O, son günlərini Avropanın hər hansı möhtəşəm qonaqlarına meydan oxuyacaq dərəcədə mükəlləf və müzəyyən olan “sarayında” deyil, pək ucuz bir fiatla kirayələdiyi müvəqqər [hörmət edilən, sayılan – F.C.] bir odada keçirib. Əvət, bolşeviklər onun bütün varını almışlardı, qazandıqlarından özünə bir şey buraxmamışlardı. Fəqət onun bolşeviklər də daxil olduğu halda, kimsə tərəfindən zəbt olunmayacaq qazancları vardı. Bu qazanclarıdır ki, bizi onunla məşğul ediyor. Yoxsa onun məşhur bir milyoner oluşu bizi pək o qədər də əlaqədar etməz. Məcmuəmizin tarixi təsisindən bəri ölən azərbaycanlı milyoner fəqət Tağıyev deyildir. Hacı yalnız maddətən deyil, mənən də milyoner idi. O, xeyrat və həsənatı [yaxşı işləri – F.C.] ilə məruf bir sima idi. Azərbaycan tərəqqi və ürfan tarixində Hacının tutduğu mövqei-bülənd [yüksək mövqe – F.C.], bu xüsusda göstərdiyi fədakarlıqlarla mütənasibdir. O, millətin tərəqqi və təalisinə [yüksəlişinə – F.C.] pək çox yardım edib, pək çox yararlıqlar göstərib. Müvərrix [tarixçi, salnaməçi – F.C.], Azərbaycan tərəqqiyatını tədqiq edərkən, burjuazi dövrünün şəxsi amillərini ararkən Tağıyev ismi üzərində istər-istəməz duracaq və yazacağı hər hansı fəsildə bu şəxsdən bəhs etmək lüzumunu hiss edəcəkdir.
  H.Z.Tağıyevin vəfatından sonra onun ailəsi Mərdəkandakı bağ evindən çıxarıldı. 1924-cü il noyabrın 15-də isə Azərbaycan MİK Rəyasət Heyətinin qərarı ilə ev milliləşdirildi və bütün inventarı ilə birlikdə Bakı Sovetinin aqrar məntəqəsinə verildi. Arxiv sənədlərindən göründüyü kimi, sonrakı aylarda burada qadın klubu fəaliyyət göstərmişdi. 1925-ci il dekabrın 3-də isə Bakı Soveti Rəyasət Heyətinin qərarı ilə H.Z.Tağıyevin keçmiş bağ evində N.Krupskaya adına fəhlə-kəndli sanatoriyası açılır.
  Ölümündən sonra H.Z.Tağıyevin nəcib adı və fəaliyyəti unudulmağa məhkum olunsa da, qədirbilən Azərbaycan xalqı onu həmişə xatırlayır, xeyirxah əməlləri onun adını tarixdə və insanların hafizəsində əbədi həkk etdirir. 1900-cü ildə H.Z.Tağıyevin ilk tərcümeyi-halını yazan N.Nərimanov öz kitabında ibrətamiz sözlər demişdir: “…hörmətli Hacı ruzigarın sədəmələrinə [bəlalarına – F.C.] davam edib milyonlar qazanıb, özüylə qəbri-bəqaya [qəbir evinə – F.C.] nə aparacaqdır? İki arşın bez! Həyatından sonra qoyduğu milyonlarmı adını tarixdə baqi [əbədi – F.C.] qoyacaqdır? Xeyr! 50 ildə qazanılmış milyonlar bir ayın ərzində fani ola bilər. Bu milyonların dinə və millətə rövnəq, insanın ruhuna yem verməklə sərf olunmağı onun adını qeyrətli din qardaşlarının ürəklərində nəqş bağladacaqdır [həkk edəcəkdir – F.C.]”.
N.Nərimanov haqlı idi. Hacı bir anın içində illərlə, halal zəhmətlə qazandığı var-dövlətindən məhrum edildi. Qazandığından yalnız birini itirmədi – millətinin sonsuz ehtiramını…

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK