“İrəvanda yanan çıraq” Bakı səhnəsində

by Samir Asadli

Görkəmli şair-dramaturq, ictimai xadim Hidayət Orucovun “İrəvanda yanan çıraq” birpərdəli mistik tarixi pyesi əsasında Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının hazırladığı tamaşa dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində paytaxt tamaşaçılarına təqdim edildi.

Azərbaycan Səfəvi dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətainin İrəvan qalasının valisi Rəvanqulu xana əbədiyyət rəmzi kimi əmanət etdiyi çırağın tarixçəsindən qaynaqlanan əsərdə erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiyaların anatomiyasına dərindən nüfuz edilib.

Sovet epoxasının sonuna yaxın İrəvanda yaşayıb-yaradan (müəllifin prototipi kimi qavranılan) azərbaycanlı yazıçı Sultan Oğuzun bu mövzuda yazdığı “İrəvanda yanan çıraq” tarixi əsəri quduzlaşmış və xalqımızın Qərbi Azərbaycanda milli varlığına qənim kəsilmiş erməni millətçilərini o dərəcədə hiddətləndirir ki, ona şirnikləndirici tələ qururlar. Düşmənlər Şah İsmayılın İrəvanda yandırdığı çırağı öz adlarına çıxdıqlarına görə həqiqəti tarixi romanda canlandıran yazıçını öz xalqının gözündən salıb sıradan çıxarmaq üçün hiyləyə əl atır, əsəri keçmiş ittifaq dövlətinin ən yüksək mükafatına təqdim edirlər. Mübariz sənətkar düşmənlərin niyyətinin qarşısını kəsmək, tarixi həqiqəti xilas etmək üçün bu plana qarşı çıxır, mükafat almaqdan imtina edir.

Tamaşa boyu Şah İsmayılın ruhu dəfələrlə peyda olub xalqımızı düşmənlərin xəyanətlərinə qarşı ayıq-sayıq və döyüşkən olmağa səsləyir. Milli varlığımıza açıq-gizli təcavüzlərdə erməni qadınlarının şeytani rolu tamaşada incə ştrixlərlə əksini tapıb. Əsərin sonunda İrəvanda söndürülmüş çırağımızın Bakı səhnəsində təntənə ilə şölə saçması Ermənistanın xəyanətkar siyasətinin məğlubiyyətinin timsalı kimi canlanır.

Tarixi prosesin kəsilməzliyi, türk soyuna qarşı erməni düşmənçiliyin zaman-zaman təkrarlanmasının səhnə təcəssümü olan bu mistik-psixoloji pyesə müasir dramaturji üsullarlarla – fasiləsiz hərəkət, mürəkkəb xoreqrafik müşayiət, dünənlə bugünün iç-içə təqdimatı səpkisində verilən quruluş erməni xislətinin dərindən, əhatəli açılmasına xidmət edir.

Çağdaş teatr sənətimizə orijinal səhnə əsəri kimi daxil olan  tamaşaya istedadlı rejissor Gümrah Ömər quruluş verib. Əsərin baş qəhrəmanları Sultan Oğuzu Natiq Həziyev, Şah İsmayıl Xətaini Zəki Fətəliyev, rollardan Firəngizi Müdvər Nemətova, Usub kişini Niyaməddin Səfərəliyev, erməni qızları Nairanı Naibə Nemətova, Qarınanı Elnarə Heydərova məharətlə canlandırırlar. Digər rollar da tamaşanın uğurunu təmin edir.

Tamaşa yüksək anşlaqla keçdi. Sonda tamaşaçılar müəllifi və yaradıcı heyəti davamlı alqışladılar.

Tahir AYDINOĞLU 

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK