İranda son günlər artmaqda olan narazılıqlar yeni etiraz dalğasının yaranmasına səbəb olub. “Gunaz.TV”nin verdiyi məlumata görə, ölkədə aksiyalar yenidən artmağa başlayıb. İki gün əvvəl Tehrandan başlayan etiraz aksiyaları İranın onlarla şəhərinə yayılıb.
Məlumatda bildirilir ki, Tehran, İsfahan, Məşhəd, Kərəc, Təbriz, Sənəndəc və başqa bir neçə şəhərdə hökumət əleyhinə nümayişlər keçirilib. Təbrizdə baş tutmuş etiraz aksiyasında daha çox insan iştirak edib. Kürdüstan əyalətinin mərkəzi Sənəndəc şəhərində etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma olub, bir neçə avtomobil yandırılıb. İnsan haqları müdafiəçiləri onlarla etirazçının hüquq-mühafizə qüvvələri tərəfindən həbs edildiyini, bir neçə nəfərin yaralandığını bildiriblər.
Ölkədə siyasi məhbuslara qarşı edam hökmlərinin verilməsi də davam edir. Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin inqilab məhkəməsi tərəfindən Şeyban həbsxanasında saxlanılan və siyasi məhbus hesab edilən altı ərəb barəsində ölüm hökmü çıxarılıb. Bununla bağlı Əhvaz İnsan Hüquqları Təşkilatı xəbər yayıb. Edama məhkum edilənlər Əli Məcdəm, Moin Xənfəri, Məhəmməd Rza Muqəddəm, Seyid Salem Musəvi, Seyid Adnan Musəvi və Həbib Derisdir.
Bundan başqa, Şeyban həbsxanasında saxlanılan daha altı ərəb əsilli İran vətəndaşı 5-35 il müddətinə azadlıqdan məhrum olunub.
Son günlərdə İranda ölüm hökmünün icrası istiqamətində də addımlar atılıb. Bir gün əvvəl Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu və Neyşabur şəhərlərinin həbsxanalarında iki məhkum edam edilib. İnsan haqları təşkilatları Urmuda edam edilən şəxsin Nücumi Muradi, Neyşaburda edam edilənin isə Pərviz Frutəni olduğunu bildiriblər. Onlar adam öldürməkdə günahlandırılıblar. İran məhkəməsi və rəsmi dövlət mediası edam hökmlərinin icrası barədə heç bir açıqlama verməyib.
İran beynəlxalq aləmdə həm də Ukrayna əleyhinə Rusiyaya PUA-lar verməkdə ittiham edilir. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bildirib ki, Aİ Ukrayna “münaqişəsində iştirak edən” İranın iqtisadi operatorlarına qarşı sanksiyalar təklif edəcək. “Reuters”in məlumatına görə, Leyen İran təşkilatlarına, o cümlədən, İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan şəxslərə qarşı sanksiyalar təklif edib. Onun sözlərinə görə, ümumi dəyəri 11 milyard avro olan 10-cu sanksiyalar paketi yeni ticarət qadağalarını, dron, helikopter və raketlər də daxil olmaqla texnologiyaların ixracına nəzarəti hədəfə alacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə “Əl-Qaidə” liderlərindən Seyf əl-Ədlin İranda olması ilə bağlı BMT-nin hesabatını təsdiqləyib. Onun fikrincə, bu, İranın terrorizmi dəstəkləməsinə daha bir nümunədir.