İstedadlı aktyor, ümidverici rejissor

by Samir Asadli

İncəsənət də bir növ idman kimidir. Məsələn, futbolda oyunçular qol vurmağa, kapitan olmağa, daha sonra özlərini məşqçi və ya hakim kimi sınamağa çalışırlar. İncəsənətdə isə teatr aktyoru yaxşı filmlərə çəkilməyi də arzulayır, sonra qabiliyyəti müqabilində rejissorluq etmək, pyeslərə quruluş vermək, ssenariləri ekranda canlandırmaq keçir könlündən. İstedadı, bacarığı imkan verdiyi qədər buna nail olur və uğur qazanır.
Əslində, bu cəhddə heç bir qəbahət yoxdur. Məsəl var, deyirlər: Bir əsgər ki, general olmaq istəmir, o, əsgər deyil. Yaxşı mənada ambisiya təqdir edilməlidir. Təki, özünə inamın güclü olsun, addım atanda büdrəməyəsən. Haqqında söhbət açmaq istədiyimiz aktyor-rejissor Hikmət Rəhimov kimi.
O, 20 il qabaq orta məktəbi bitirib, elə həmin ildə ADMİU-nun dram və kino aktyoru fakültəsinə daxil olub və 2008-ci ildə ali təhsil haqqında diplom alıb. Növbəti ildən Azərbaycan Dövlət Yuğ Teatrında, sonra Azərbaycan Dövlət Akademik Milli Dram teatrında çalışmağa başlayıb…
Hikmət Rəhimov bir müsahibəsində deyib: “Atam, anam bu sahənin adamı deyillər. Mətbəə işi ilə məşğuldurlar. Ümumiyyətlə, bizim nəsildə bu sahənin adamı yoxdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bizim kurs rəhbərimiz rəhmətlik Əliabbas Qədirov idi. O zaman Əliabbas müəllim Akademik Milli Dram Teatrının direktoru idi və elə buna görə də sərasər dərslərə gələ bilmirdi. Sonra xəstələndi və dünyasını dəyişdi. Bu illərdə mən Yuğ teatrına da gəlirdim. Uşaqların təklifi ilə Yuğda keçirilən dərslərə qatıldım. Elə o zamandan Vaqif müəllimlə tanış oldum. Və o mənə M.F.Axundovun “Lənkəran xanının vəziri” tamaşasında Teymur ağa rolunu tapşırdı. Sonra Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında qoyulmuş tamaşada Cadugəri oynadım”.
Arada 1 il hərbi xidmətdə olan Hikmət daha sonra teatr səhnəsində “Qadın məhəbbəti”, “Naməlum Axundzadə”, “Qatil”, “Sənətkarın taleyi”, “Şah İsmayıl və məni sevənlər hamısı burdadır” tamaşalarında  maraqlı rollar alıb. Yaratdığı obrazlar yadda qalıb.
Kinoaktyor kimi ”Çaqqal nəfəsi”, “ Fədakar”, “Xənnas”, “Miras”, “Sən demə”, “Mən burada tək olmuşam” filmlərində çəkilib. Bu sıraya “Döngələr”, “İmtahan”, “Əqrəb mövsümü” kimi serialları da qoşmaq olar.
O, ssenari müəllifi və rejissoru Xalq artisti Vaqif Mustafayev olan və ­2022-ci ildə  təqdim edilən “Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filmində çəkilib. Bu film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir. Hikmət filmdə əsas rollardan birini məharətlə oynayıb.
Sonra, 2023-cü ildə rejissor Emil Quliyevin “Pərdəarxası/Mən burada tək olmuşam” filmində baş rolda çəkilib.
Hikmət Rəhimovun rejissor kimi ilk işi qısametrajlı “Adam” (2021) filmi olub. Ardınca inişil dram janrında “Çılpaq” adlı tammetrajlı bədii film çəkib. Həm də filmin ssenari müəllifi olub. Süjet xətti sadədir: çox kasıb bir adam ölür. Rüstəm adlı xəstə oğulun nəinki atasını axirətə layiqincə yola salmağa, heç dəfn etməyə belə imkanı yoxdur. Sabir adlı bir şəxslə (Əməkdar artist Rasim Cəfər) birlikdə atasının tabutunu gəzməyə məcbur olur. Və müxtəlif insanlarla qarşılaşırlar…
Bir vaxt Hikmət Rəhimov demişdi ki, 35 yaşımda arzularımdan biri də öz tammetrajlı filmimi çəkmək idi. Çəkdi də, üstəlik, uğur da qazandı. Əvvəlcə rejissor debütü Fransa və Türkiyədə 4 beynəlxalq mükafata layiq görüldü. Ötən ilin əvvəlində isə bu film Praqa festivalında “Ən yaxşı film” kateqoriyasında 1-ci yeri qazandı.
İndi, budur, daha bir filmi – marginalların həyatından bəhs edən “Apatiya” psixoloji tpilleri də çəkildi. Bu film bir müddət öncə təqdim olunub və bütün kinoteatrlarda göstərilib. Rollarda Tural Baxış, Şəhla Əliqızı, Fuad Cəbiyev, Məhəmməd Şahməmmədli, Azər Aydəmir, Elşən Əsgərov və başqaları həvəslə yer alıblar.
Qələm dostum Etibar Cəbrayıloğlunun bu barədə dedikləri:
– Hikmət Rəhimov çox istedadlı aktyordur. Bunu səhnədə, ekranda yaratdığı rollarla sübut edib. Kino rejissoru kimi də özünü sınamağa başlayıb və çəkdiklərindən görünür ki, bu, ötəri həvəs və ya dəblə ayaqlaşmaq deyil, onun bu sahədə görmək istədiyi ciddi işlər var.
Fevral ayında Hikmət bizi həm ssenarisini yazdığı, həm də quruluşçu rejissoru oldiğu “Apatiya” bədii filminin qala-gecəsinə dəvət etmişdi. Bu ekran işi həyatın dibində yaşamağa məcbur olan bir ailə haqqındadır. Baxdıqca düşünürsən ki, onlar təkdirmi? Bəlkə ətrafdakılar, səhər-axşam baxdığımız telekanallar, cəmiyyətin müəyyən kəsimi bu gündədir?
Filmdə möhtəşəm aktyor oyunu var, rol alan hər kəsi təbrik edirəm. Məncə, “Apatiya” birmənalı qarşılanmayacaq, mənim də razılaşmadığım məqamlar var, bəzi epizodlar, aşırı söyüşlər olmadan da keçinmək olardı. Peşəkar kino tənqidçiləri, yəqin ki, filmi ətraflı və obyektiv təhlil edəcəklər. Hikmət qardaşımın uğurları davamlı olsun!
Rejissorun dostu – mənim dostum olmuş şair Akif Səmədin oğlu Ulucay Akif də cəsarətli səhnələri qeyd edir və obrazların dilindən auditoriyaya ünvanlanan sosial mesajların elə də çox olmadığını bildirir. Bununla bərabər, o, dostyana tənqiddən çəkinmir, Hikmət Rəhimovun yaradıcı potensialına inandığı üçün ondan daha bəşəri ideyaları ehtiva edən filmlər gözləyir.
Biz də bu arzulara qoşuluruq.

Ə. DOSTƏLİ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK