Son illər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tabeliyində olan qoruqlarda tarixi məkanların tədqiqi istiqamətində uğurlu layihələr icra edir. Bu yaxınlarda qurumun dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində 3 min il yaşı olan kurqan aşkarlayıblar.
Arxeloji qazıntılar institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə aparılıb. Qoruq ərazisində həyata keçirilən axtarış işlərinin əhəmiyyəti barədə XQ-yə məlumat verən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirdi:
– Dövlət Xidməti nəzarətində olan qoruqlarda təmir-bərpa işləri aparmaqla yanaşı, elmi axtarışları da başlıca vəzifə hesab edir. Son bir ildə həm dövlət qoruqlarında, həm də arxeoloji abidələrdə bir neçə alim elmi axtarışlara cəlb edilib. Keşikçidağ ərazisində aparılan tədqiqatlar da bu qəbildəndir. Ən qədim yaşayış məskənlərindən biri olan Keşikçidağda qədim dövrlərdən mövcud olan yaşayış yerlərinin, ayrı-ayrı tarixi dövrlərdə inkişaf tapmış mədəniyyətlərin müxtəlif aspektlərdən araşdırılması və öyrənilməsi istiqamətində aparılan işlər son illərdə daha da genişlənib.
Arxeoloji qazıntılar zamanı əldə edilən yeraltı nümunələri, tarixi abidələr uzaq keçmişimizin və zəngin mədəniyyətimizin öyrənilməsində xüsusi əhəmiyyətlidir. “Keşikçidağ” dövlət qoruğunun ərazisi ta daş dövründən başlayaraq, müasir dövrə qədər olan tarixi, memarlıq, dini abidələrlə yanaşı, arxeoloji maddi-mədəniyyət nümunələri ilə də zəngindir. Qoruq yaradıldığı gündən etibarən Keşikçidağ mağaralar kompleksinin ərazisində ardıcıl olaraq elmi tədqiqat işlər aparlıb, qiymətli məlumatlar əldə edilib.
Araşdırmalar zamanı müəyyən olunub ki, üzəri torpaq və daş örtüklü olmaqla 150-dək kurqan mövcuddur. Qoruğun yerləşdiyi Ceyrançöl ərazisində indiyədək heç bir kompleks elmi-tədqiqat işləri aparılmamışdır. 3 ildir Keşikçidağda arxeoloji qazıntılar və “Yay məktəbi” adlı layihə aparılır, zəngin maddi-mədəniyyət nümunələri əldə edilir və bütün bu tapıntılar qoruğumuzun fondunu zənginləşdirir. Dövlət Xidmətinin dəstəyi ilə qoruq ərazisində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun alimləri ilə birgə elmi tədqiqatlara başlanılıb və artıq arxeoloji qazıntıların birinci mərhələsi uğurla yekunlaşıb.
Qoruq ərazisində qeydiyyata alınmış çoxsaylı kurqanların elmi dövriyyəyə cəlb olunmasının önəmini qeyd edən arxeoloq Bəxtiyar Cəlilov isə aparılan qazıntı işlərindən söz açdı:
– Bu il tədqiqat planına uyğun olaraq, AMEA-nın Arxelogiya və Antropologiya İnstitutunun Ağstafada Tavatəpə və Keşikçidağ ərazisinə arxeloji ekspedisiyası təşkil olunub. 2 ay çəkən ekspedisiyaya mən rəhbərlik etmişəm. Ekspedisiya zamanı apardığımız elmi tədqiqta işləri 60 gün çəkib. Talatəpədəki arxeoloji işlər artıq üçüncü ildir davam etdirilir. Builki nəticələr unikallığı ilə diqqəti cəlb edir. Burada son tunc ilk dəmir dövrünün başlanğıcına aid dini ritual ibadədgah yeri aşkar olunub. Bu dairəvi tikili o dövür üçün önəmli ictimai binadır. Dairəvi sahəsi 200 kvadratmetrdən artıq olan bu tiklinin diametri 15 metrdir.
Abidənin tədqiqi bu dövr mədəniyyət daşıyıcılarının, xüsusi ilə Xocalı–Gədəbəy mədəniyyəti daşıyıcılarının həyat tərzi, dini və dünyəvi görüşlərinin tədiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Tavatəpədə aparılan arxeoloji qazıntılar Azərbaycan–İtaliya beynəlxalq ekspedisiyasının birgə iştirakı ilə həyata keçirilib. Azərbaycandan layihə rəhbəri mən, İtaliya tərəfədən isə Kataniya Universitetinin professoru Nikola Laneri idi.
Sonrakı tədqiatalar isə Keşişçidağ qoruğu ərazisində iki istiqamətdə kurqanlarda qazıntılar aparılıb. Bu işdə bizə qoruq əməkdaşları da dəstək veriblər. Onlardan birincisi Ağstafa rayonunun Ağgöl kəndindən 600 metr şimal-şərq istiqamətində qeydə alınmış kurqanlardır. Bu maraqlı cəhəti ondan ibarətdir ki, kurqanın üst örtüyü kiçik çay daşlarından kromlex şəklində əhatə olunub. İkinci istiqamət isə Sarısoy kurqanlarıdır. Sarısoy istiqamətində aparılmış arxeoloji qazıntı işləri başa çatdırılıb və maraqlı tapıntılar əldə edilib.
Kurqanlar özündə Xocalı–Gədəbəy mədəniyyətinin izlərini yaşadır və bu mədəniyyəti öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur. Ərazidə elmi tədqiqat və arxeoloji qazıntı işləri yenə də davam etdiriləcək.
Ceyhun ALIŞLI
XQ