Evin zindanında məhbus olan rəssam və siyasi məhbus Mürtəza Pərvin Evin həbsxanasında bir neçə saat dindirilib.
Mürtəza Pərvin bəyin bildirdiyinə görə, o, Evin həbsxanasına gələn Ərdəbildəki Kəşfiyyat Nazirliyinin məmuru tərəfindən dindirilib.
“Mən sizin azadlığa çıxmağınızla bağlı sərəncamınızı indi yaza bilərəm və ya 6 illik cəzanızı 10 ilədək artıra bilərəm. Biz hakimlərə bütün əmrləri diktə edirik. Ərdəbil və Azərbaycanın digər şəhərlərində fəaliyyətinizin demək olar ki, bütün qollarını kəsmişik.” – Pərvin bəyin bildirdiyinə görə, bu sözləri dindirmə zamanı Kəşfiyyat Nazirliyinin məmuru deyib.
Kəşfiyyat Nazirliyinin bu əməkdaşı Ərdəbildə yaşayır və Ərdəbildəki azərbaycanlı fəallar arasında daha çox müstəntiq İzzəti kimi tanınır. O, qeyri-qanuni işlərin hazırlanmasına, dindirilmələrə və həbslərə görə cavabdehlik daşıyır.
Qeyd edək ki, Mürtəza Pərvin 2024-cü ilin oktyabrında hakim Səlavətinin sədrliyi ilə Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 6 il həbsə məhkum edilib.