Pakistan Parlamentinin senatoru Nizami Muzeyinin qonağı olub

by Samir Asadli

Pakistan Parlamentinin senatoru Mushahid Hussain Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Pakistanlı senatoru Pakistan–Azərbaycan  İqtisadi Əməkdaşlıq Palatasının vitse-prezidenti Tariq Hameed və Azərbaycanın Pakistan İslam Respublikasındakı keçmiş səfiri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli müşayiət ediblər.

Qonaqlar Nizami Muzeyinin ekspozisiya zallarını gəzərək Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri haqqında məlumat alıblar.

Qonağı muzeyin ekspozisiyası ilə Mədəni irs və mənbəşünaslıq şöbəsinin elmi işçisi Aymən Həsənova  tanış edib.

Qeyd edək ki, Pakistan İslam Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər ölkəmiz istiqlaliyyətə qovuşduğu ilk günlərdən başlayıb. Belə ki, Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğu işğal müddəti ərzində Pakistan Ermənistanla heç bir diplomatik əlaqələr qurmamış, Ermənistan Respublikasını işğalçı dövlət kimi tanımış və Azərbaycanı beynəlxalq arenada daim dəstəkləmişdir.

Azərbaycanla həm hərbi-siyasi, həm də mədəni sahədə sıx əməkdaşlıq edən Pakistan Respublikasının ölkəmizi tez-tez ziyarət edən turistlər sırasındadır. Artıq uzun illərdir ki, muzey rəhbərliyinin göstərişi ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə Pakistan vətəndaşlarının girişi ödənişsiz qaydada həyata keçirilir.

Senator Mushahid Hussain muzeyi gəzdikdən sonra bu mədəniyyət ocağının direktoru akademik Rafael Hüseynovla görüşüb. O, bu möhtəşəm muzeyi gəzərkən Azərbaycanın qədim və zəngin mədəniyyətinə valeh olduğunu, böyük Azərbaycan şairi Nizami Gəncəvinin yazdığı “Leyli və Məcnun”u ilə dünyada milliyonlarla insanın xatirəsində yaşamaqla bərabər, Rumi və Əllamə İqbal kimi şairləri ilhamlandırdığını vurğulayıb, Azərbaycan və Pakistan xalqlarının dostluğunun əbədi olmasını arzulayıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK