Hər sonun bir başlanğıcı var. Uzun illər öncə sandıq ki, Birinci Qarabağ müharibəsi bizim üçün acı bir sonluq oldu – torpaqlarımızın işğalı, köçkün düşən insanlar, dağılmış yurd yerləri. Əslində isə ağır sandığımız həmin son gələcək qələbənin başlanğıcı idi. O dərdlər bizi gücləndirsə də, lakin uzun illər sabaha inamı, gözləntisi olan insanlarda bir ümidsizlik işartısı közərməyə başladı.
88-ci ilin qara buludları Azərbaycanın üzərinə çökəndə, sanki zaman öz nizamını itirdi. Çünki o zamana qədər sakit axarı ilə davam edən həyatı bir anın içində müharibənin sarsıntıları silkələdi. Qarabağda alovlanan atəş tək torpağın deyil, milyonlarla insanın taleyini də yandırdı. Və o gündən xalqın ömrünə yeni bir imtahan yazıldı – mübarizə, səbr və şəhidlik imtahanı.
Birinci Qarabağ müharibəsi Azərbaycanın qan yaddaşına hopdu. Hər daş, hər torpaq parçası, itirdiyimiz yurd yerləri nisgilini içində boğdu, analar göz yaşlarında şəhid övladının qəhrəmanlığını yaşatdı. İşğal edilən torpaqlar təkcə evlərin dağılması deyildi, həmin yurdun qəlbinə vurulan dərin bir yara idi.
Birinci Qarabağ müharibəsi yaddaşlara özündə Qarabağ adını daşıyan şəhərlərimizin, yüzlərlə kəndlərimizin işğalı ilə, insanların naləsi, göz yaşları ilə yazıldı. O dövrün hər səhəri Vətənin bir sınaq anı idi – ya susmaq, ya da düşmənə qarşı dirəniş göstərmək. Biz susmadıq. Vətən oğulları ya şəhid ol, ya qazi deyə, hayqıraraq döyüşə qalxıb qəhrəmanlıq dastanı yazdılar. Daha sonra isə aradan otuz il adlı uzun bir yol başladı… Bütün çətinliklərə rəğmən, Azərbaycan xalqı ayaqda qalmağı bacardı. Sonda isə illər göstərdi ki, məğlubiyyətin içindən doğan bir başlanğıc Zəfər sonluğu ilə bitdi. Və bu başlanğıcın qəhrəmanlarını xalq heç zaman unutmadı. Qəzetimizin bugünkü müsahibi şəhid Milli Qəhrəman Allahverdi Bağırovun həyat yoldaşı Validə xanım Bağırovadır.
– Xalq qəhrəmanını 88-ci ildən sonra tanıdı. O vaxta qədər isə onu daha çox ağdamlılar tanıyırdı. Məhz həmin Allahverdi Bağırovu biz də tanıyaq…
– Allahverdinin atası Qubadlıdan, anası Şuşadan olub. Allahverdi onun ata babasının adı olub. Lakin o, ailədə beş bacıdan sonra ilk oğlan övladı olduğundan valideynləri onu Tanrının göndərdiyi pay kimi də qəbul edib.
– Yəni əslən Qubadlı və Şuşadan olan valideynlər Ağdamda yaşayıb…
– Xeyr… Babası Allahverdi kişi 1918-ci ildə baş verən erməni-müsəlman savaşında Qubadlıda döyüşənlərdən olub. Xanımı iki azyaşlı övladları ilə onları oradan çıxarmaq istəyənlərə deyib ki, Allahverdini qoyub gedə bilmərəm. Ana beş yaşlı oğlu Teymuru (Allahverdi Bağırovun atası) və azyaşlı qızı Sayalını qardaşına həvalı edib özü Qubadlıda qalır. Pirverdi dayı xurcunun hər gözünə uşaqların birini qoyub atın belində Ağdama gəlib. Bacı-qardaşı orada yaşayan qohumlara tapşırandan sonra qayıdıb geri. Qubadlıya çatanda görüb ki, bacısı və yeznəsi şəhid olub və onları Eyvazlı kəndində dəfn edib. Beləcə, balaca Teymur və bacısı qohumların himayəsində Ağdamda böyüyüb. Zamanı çatanda şuşalı bir qızla ailə həyatı qurur. Şuşadan köçkün olan Zümrüd xanımla Teymur Bağırovun on övladı olub – yeddi qız, üç oğlan.
– Böyük ailənin çətinlikləri də böyük olub yəqin…
– Çətinlik başlanğıcda olub, lakin sonra həyat və güzaran öz axarına düşüb. Ağdamlılar hər zaman rahat, yüksək şəraiti olan evlərdə yaşamaqları ilə seçiliblər. Qayınatam da böyük ailə üçün yaxşı, rahat şərait yaradıb, özü isə xeyirxah əməlləri ilə ad-san qazanıb. Deyilənə görə, yıxılana dayaq olub, ehtiyacı olanların həmişə əlindən tutub.

– Və Teymur kişinin həmin on övladından biri Allahverdi Bağırov olub…
– Bəli, özü də bayaq qeyd etdiyim kimi, beş qız övladından sonra dünyaya gəldiyindən çox sevilən, daima diqqət mərkəzində olub. Eşitdiklərimi danışıram sizə. Allahverdinin adına hər il qurban kəsilərmiş. Bacılarının əhdi olub ki, qurbanlığı ayaqyalın paylasınlar. Elə də ediblər. Bu böyük ailədə bir tək Allahverdinin doğum gününü qeyd ediblər, qiymətli nə olardısa, ona alınarmış.
HAŞİYƏ: Bacısı Almaz xanımın dediklərindən: “Bir dəfə Ağdamda zəlzələ oldu. Anamın səsinə oyandım. Allahverdini çağırıb deyir ki, anan ölsün, dur qaç çölə zəlzələdir. On uşaqdan yalnız Allahverdini səsləyirdi. Hamılıqla Allahverdini qoruyurduq. Sarışın, hündürboy oğlan idi və artıq 13-14 yaşlarında onun qolunu qatlamaq olmurdu. Evimizdə toy günüdür, bacımın paltarbiçdisidir. Xəbər gəldi ki, 5 saylı məktəbin qabağında 10-15 nəfər düşüb Allahverdinin üstünə. Ən birinci toyu olan bacım qaçdı. Anam dizinə döyə-döyə qaldı ki, vay, biabır olduq, bu qız hara qaçır? Sonra gülə-gülə qayıdaraq dedi ki, birinin də gücü çatmayıb ona. Heç vaxt görmədik ki, Allahverdi bir düyməsi düşmüş, harasısa zədələnmiş halda evə gəlsin. Sözü böyük idi və tez-tez davaya düşürdü. Heç kim onu sındıra bilmədi” (“Azərbaycan” qəzetindən).
– Ondan sonra Allahverdi Bağırovun daha iki qardaş və iki bacısı olsa da, onun yeri olduğu kimi qaldı…
– Allahverdi iyirmi yaşında olanda anasını, iyirmi beş yaşında isə atasını itirib. Almaz xanım uşaqlara həm ana olub, həm bacı. Danışardı ki, Allahverdi ailədə çox sakit uşaq olub, eyni zamanda mehriban və ürəyiyumşaq. Səsi demək olar ki, çıxmazdı, yüksəkdən danışmazdı. Atası dünyasını dəyişəndə Allahverdi peşəkar idmanla məşğul idi, həm də qiyabi təhsil alırdı. İdmana gəlişi yüngül atletikadan başlayıb və oradan voleybola keçib. Sonda futbola gəlib. “Qarabağ” futbol klubunda futbolçu, daha sonra baş məşqçi olub. Allahverdinin özünün restoranı vardı, qardaşı Eldar isə atasından qalan ət dükanını işlədirdi. Ailə qurana qədər Allahverdinin evdarlığı olmayıb, evə bir çörək belə almayıb. Ona bazarlıq etməyi rəhmətlik Eldar öyrədib, o da Allahverdi evlənəndən sonra.
– Ailə həyatınız vur-tut on bir il çəkib…
– Həmin on bir ilin biz cəmi yeddi ilini xoşbəxt yaşaya bildik. Allahverdi övladlarına qarşı mehriban və diqqətcil ata, qayğıkeş ailə başçısı idi. İstəyirdi ki, hər şeyin yaxşısını evə gətirib bizi sevindirsin.
– Lakin şəklinə baxana bir qədər zəhmli insan təsiri bağışlayır…
– Zəhmli görünən o insanın sinəsində bilirsiniz Vətən üçün necə bir ürək döyünüb? Hər şey 88-ci ildən başlandı. Nəinki düzənimiz, bütün həyatımız dəyişdi. Dünənə qədər səninlə qonşuluqda yaşayanlar, üzünə gülən, şirin dillə danışanların üzlərinin qəfil dönməsi bəzən bir yuxu kimi gəlirdi bizlərə. Lakin zaman keçdikcə anladıq ki, bu, heç də qəfil hadisə deyildi, illərlə yol gələn bir hazırlığın başlanğıcı idi. 1988-ci ilin fevral ayının 25-də ermənilər Əsgəranda bizim iki gəncimizi qətlə yetirdilər. Həmin gündən Allahverdi ilə Eldarın həyat tərzi dəyişdi. O gənclərin dəfnini də, ailələrinə yardımı da rəhmətlik Eldar təşkil etdi. İşindən belə, ayrıldı.
– Yəni artıq tədbirlər görülməyə başlandı…
– Çünki bu qətl bir inamsızlığa yol açdı və tədbirli olmaq məsuliyyətini artırdı. Gecələr gənclər növbə ilə Ağdamı qorumağa başladılar. Yavaş-yavaş silah yığılmağa başlandı və yığılan sursatlar Allaverdinin restoranına gətirilirdi. Hamı yalnız Ağdamın müdafiəsini düşünürdü. Artıq düşmən baş verənlərdən duyuq düşmüşdü və Eldarın başına pul mükafatı qoyulmuşdu. Vəziyyəti belə görən ətraf rayonlar da işini ehtiyatlı tutaraq silah üçün Eldara müraciət edirdi. Sonradan bildim ki, pomidor yeşiklərinin altında Şuşaya silah daşınırmış.
HAŞİYƏ: 1991-ci il oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri Allahverdi və Eldar Bağırov qardaşlarının komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik batalyon “Vətən oğulları” adlanırdı. Eldar Bağırov millət vəkili seçiləndən sonra Qarabağda ermənilər yaşayan bəzi kəndlərin erməni əhalisi sənəd imzalayıblar ki, biz Azərbaycan vətəndaşlığını istəyirik. Eldar Bağırov bu sənədi Ayaz Mütəllimova verməli imiş. Lakin axşam parlamentdən çıxan Eldar Bağırov bacısıgilin evlərinin qarşısında güllələnib və onda olan sənəd üzərindən götürülüb. İndiyə qədər qatil tapılmayıb (“Azərbaycan” qəzetindən).
– Qardaşı Eldar Bağırovun qətlindən sonra Allahverdi Bağırov batalyona rəhbərlik etməyi öz üzərinə götürür…
– Bunun başqa bir yolu yox idi axı, onlar bu mübarizəyə birlikdə qalxmışdılar. Batalyonun əsgərləri gənclər idi və onlara həyat təcrübəsi olan biri rəhbərlik etməli idi. 1992-ci il onlar üçün uğurla başladı. Allahverdi 150 nəfərdən ibarət olan döyüşçülərilə Naxçıvanikdə ermənilərin bütün canlı qüvvəsini və texnikasını məhv edə bilmişdi. Pircamal kəndində bütün yüksəklikləri ələ keçirib erməni bayraqlarının yerinə Azərbaycan bayrağını sancmışdılar. Qısa zaman ərzində Allahverdinin qəhrəmanlıqları çox oldu, bunu tək Qarabağ bölgəsi deyil, bütün Azərbaycan bilirdi. Evdə onun üzünə demək olar ki, həsrət qalmışdıq. O zaman hadisələrlə bağlı televiziya çəkilişləri çox olurdu və inanın ki, biz onun üzünü yalnız televizorda görə bilirdik.
– Xocalı faciəsi deyiləndə ilk olaraq Allahverdi Bağırovun adı çəkilir…
– Ona görə ki, həmin faciənin qurbanları, əsirlərin qaytarılması, həlak olanların dəfni demək olar ki, Allahverdinin səyi nəticəsində baş tutub. Bir erməni polkovniki vardı, Vitali Balasanyan. Allahverdi onu futboldan tanıyırdı. Vaxtilə birlikdə Ağdamda futbolda oynayıblar. Bir neçə gün ərzində Allahverdi mindən yuxarı Xocalı əsirlərini ermənilərin əlindən alıb ailələrinə təhvil verə bildi. Çiyninə çox ağır bir yük götürmüşdü və o yükü öz gücünə daşısa da, ağırlığını hiss etmirdi.
– Baş verən hadisələrdən o zamankı ölkə rəhbərliyi kənarda qala bilməzdi…
– Dəfələrlə Bakıya kömək üçün müraciət olunsa da, haraya gəlib əl uzadan olmadı. Silah-sursatı, top-tüfəngi özünümüdafiə batalyonu öz gücünə əldə edə bilmişdi ki, dar macalda əliyalın qalmasınlar. Heç kəs düşünməsin ki, həyat yoldaşımdır deyə, onu tərifləyirəm. Allaverdinin əməlləri göz önündə olub. Mümkün olan, olmayan bütün imkanlardan istifadə etməklə, ağır döyüşlər hesabına da olsa, o, Ağdamın işğalına imkan verməzdi. Amma indi düşünürəm ki, nə yaxşı Allahverdi Ağdamın süqutunu görmədi.
– Acı xəbər yaman sürətli olur…
– Allahverdi heç zaman döyüşə getdiyini bizə deməzdi, istəmirdi ki, qızlar narahat olsun. 1992-ci ilin iyun ayının 12-si idi. Eşitdik ki, batalyonu ilə Naxçıvanikdə döyüş mövqeyindədir. Lakin onu təcili Ağdama çağırıblar və onun olduğu maşın minaya düşüb. Maşında olan yeddi nəfərdən üçü şəhid olub – Allahverdi, sürücü və bir də Nazim həkim. Axşam saat 8-9 arası qapı döyüldü və onun nəşini gətirdilər.
– Bildiyim qədər Allahverdi Bağırov Bakıda Şəhidlər xiyabanında dəfn olunmalı idi…
– Düzdür, orada artıq məzar yeri də qazılıb hazırlanmışdı. Lakin biz onun Ağdam Şəhidlər xiyabanında, qardaşı Eldarın yanında dəfn olunmağını istədik. Hələ onda qarşıda bizi nələrin gözlədiyindən bixəbər idik. Bilmirdik ki, bir ildən sonra Ağdamdan çıxmağa məcbur olacağıq, iyirmi yeddi il o məzarın ziyarətinə həsrət qalacağıq. Allahverdi üçün qazılan həmin məzarda onun şəhadətindən bir neçə gün sonra Çingız Mustafayev dəfn olundu. Çingizin Xocalıda çəkiliş aparması üçün Allahverdi şərait yaratmışdı.
– Sonunda Ağdamı tərk etməli oldunuz…
– Allahverdinin il mərasimindən çox keçmədi ki, yurdumuzdan çıxmaq məcburiyyətində qaldıq, çünki Ağdamı əlimizdən aldılar. Əlimdə kiçik qız uşaqları ilə gəldik Bakıya. Çətinliyimiz çox oldu. Amma zamanla yavaş-yavaş özümüzə gün ağladıq. Qızlar oxudu, mən işləməyə başladım. Yüküm çox ağır oldu, fəqət onu tək daşımalı oldum. Allahverdi tez-tez yuxularıma gəlirdi və bir anlıq da olsa, zənn edirdim ki, artıq o, yanımdadır, yüküm yüngülləşirdi. Amma o, elə yuxularımda da qalırdı. Bu illər ərzində elə bir günüm olmayıb ki, Ağdamı, hər rahatlığı olan evimizi, keçirdiyimiz günləri xatırlamayım. Bilirdim ki, torpağımıza qayıdacağam, amma vaxtını bilmirdim. Ümid edə-edə il üstünə il gəlirdi. Bir də gördüm ki, illərin sayı artıq iyirmi yeddiyə çatıb. Bir ömür yaşanıb, amma Vətənsiz.
– Amma o gün gəldi…
– Müharibə xəbərini eşidəndə qarışıq hisslər yaşadım. Müharibə itkisiz, acısız olmur. Gözümün qarşısına min bir arzu ilə oğul böyüdən analar gəldi, cavan balaların yarımçıq qalacaq xəyallarından içim sızladı. Digər tərəfdən məsələyə birdəfəlik nöqtə qoyulacağından rahatlanan kimi oldum. Müharibənin uzana biləcəyi fikrini özümdən qova bilmirdim. Ordumuzun cəngavərləri, başda Ali Baş Komandan olmaqla, 44 günə qələbə bayraqlarını işğaldan azad olan torpaqlarda dalğalandırmağa başladılar. O anda sevinc, qürur yaşayan ürəyimdən bir istək keçdi – kaş ki Allahverdi bu qələbəni görəydi. Kaş ki…
– Yəqin ki, ilk fürsətdə üz tutdunuz Ağdama…
– Əvvəl qızlar getdi. Hər ikisi Dövlət Sərhəd Xidmətinin zabitləridir. Oranın əsgərləri qələbədən sonra Milli Qəhrəman Allahverdi Bağırovun məzarını axtarıb tapıblar. Üstünün dəmirləri üzərindən tank keçmişdi, ətrafdakı nar ağaclarının arasında məzar görünməz olmuşdu. Rövşən Cahangirovun köməyilə əsgərlər məzarı tapa biliblər. Sonra qızlara Ağdama getmək təklif olunub və gedəndə onlar uzun illərdən sonra atalarının ətrafı təmizlənmiş məzarını ziyarət ediblər. Onlardan sonra isə mən getdim.
– Beləcə, Ağdam həsrətinə son qoyuldu…
– Ayağımı torpağa basanda sandım ki, yenə də yuxudayam, lakin tanış qoxunu hiss edəndə anladım ki, Vətəndəyəm. Ətrafa nəzər salmağa başlayanda bir anlıq çaşdım ki, bura haradır? O boyda şəhər başdan-başa sanki şumlanmışdı. Boz-bulanıq hava barıt qoxusunu qovmağa çalışırdı. Ovcumun içi kimi tanıdığım şəhərdə tanış bir nişanə axtarırdım. Nə qədər ağrılı mənzərə ilə üz-üzə qalsam da, yurd insanı özünə çəkir. Ətrafa boylana-boylana evimizin yerini tapdım. Böyük bir mülkdən iki pilləkən qalmışdı. Ayağım o torpağa dəyəndən sonra bir istəkə yaşayıram – tezliklə Ağdama qayıtmaq. Bu beş ildə Ağdam sürətlə yenidən tikilməyə başlayıb. Hiss olunur ki, şəhər öz tarixini yaşatmaqla tamam fərqli bir biçimdə doğmalarını qarşılayacaq. Bunun üçün ölkə başçısının nə qədər səy göstərdiyinin şahidiyik. O, dəmir yumruğu qaldıraraq, bütün dünyaya sübut etdi ki, haqq incəlsə də, heç zaman üzülməz. İki müharibə, iyirmi yeddi il məcburi köçkün həyatı yaşasam da, Tanrının bizə bəxş etdiyi bu günə şükürlərim sonsuzdur. Ağdama, torpağına həyatını qurban verən ömür-gün yoldaşım Milli Qəhrəman Allahverdi Bağırovsuz qayıtsam da, onun narahat ruhunun artıq azad Qarabağ səmasında hüzur tapdığına əminəm. Bu, mənə yetər.
SÖZARDI: Bəzən sözlər sadəcə yazıya çevrilmir, bir ürək döyüntüsü kimi səslənir. Hər müsahibə isə həm tarixin, həm də insan taleyinin bir parçasıdır. Dinlədiyimiz hər insan taleyi kağızda qalmaq üçün deyil, gələcək nəsillərə çatdırmaq üçündür. Çünki kiminsə xatirəsi, kiminsə çəkdiyi ağrı, kiminsə sevinci bizi bütövləşdirən bir yaddaşdır. Və bu yaddaş qorunduqca, biz də güclü qalırıq.
Tamilla M-ZADƏ