Sənin qələmində doğma havalarAyrı şirinliklə səslənir, şair.
Ürək sözlərini dinləyənlər var,
Sənə çox ümidlər bəslənir, şair.
Sənin qələmində elin, elatın
Həcin həniri var, ölməz ruhu var.
İrəli can atan dövrün, həyatın
Parlaq gələcəyi, xoş sabahı var.
İncə rübabından baltək süzülür
Qədim nəğmələrlə yeni nəğmələr.
Gələcək – insanın üzünə gülür,
Gedəcək – ürəkdə qoyur iz-əsər.
Sənin qələmində fikirdən, hissdən
Keçən yan-yanaşı yollar ayrılır.
Sənin qələminin simləri üstən
Misri qılınc kimi “Cəngi” sıyrılır!
Sənin qələmində ulu dağlardan
Kəndimizin abu havası gəlsin.
Orada əriyən buz bulaqlardan
İlmanqu suların sədası gəlsin.
Sənin qələmində versin baş-başa
Vətənin gen düşmüş ucu-bucağı.
Uzaqdan-uzağa qılsın tamaşa
Həsrətkeş Kerana Savalan dağı.
Sənin qələmində zamanımızın
Duyaq kamal ilə vəhdətini biz.
Yeni dövrümüzün, dövranımızın
Görək öz ritmini, sürətini biz.
Hafiz Rüstəm
1981