Təbrizlilər Gülüstan bağının bir hissəsinin polisə verilməsinə etiraz edir

by Samir Asadli

Təbrizdə Gülüstan bağının bir hissəsində polis məntəqəsi inşası üçün ağacların kəsilməsi əhali və şəhər şurası üzvlərinin etirazına səbəb olub.

Bu barədə sosial şəbəkələr, eləcə də yarı-rəsmi Tasnim və “Fars” xəbər agentliklərində məlumat dərc edilib.

Tasnim agentliyinin yazdığına görə, “Gülüstan bağında ağacların polis məntəqəsi inşası üçün kəsilməsi Təbriz əhalisini narahat edir. Şəhər şurası üzvləri mövzu bağlı sərt reaksiya verib və açıqlama tələb etmələrinə rəğmən bələdiyyə başqanı və bəzi orqanlar məsələyə fərqli baxırlar”.

Sosial şəbəkələrdə paylaşılan məlumata görə, təqribən 100 il ömrü olan Gülistan bağının bir hissəsinin polisə verilməsinə reaksiya göstərənlər təhlükəsizlik orqanlarının basqılarına məruz qalıblar.

Təbriz Şəhər Şurasının sözçüsü və Təbriz Universitetinin şəhərsalma üzrə dosenti Firidun Babayi Əqdəm öz Instagram hesabında “Gülüstan bağı” məsələsi ilə əlaqələndiyi üçün təhdidlərə məruz qaldığını bildirib.

Babayi Əqdəm “bütün təhdid və basqılara rəğmən Təbriz şəhərinin məafeyi, kimliyi və tarixini müdafiə etməyə” davam edəcəyini yazıb. O, şəhərdə əlaqədar qurumların ağacların kəsilməsini önləmək üçün öz vəzifələrini yerinə gətirmədiyini önə çəkib.

Firidun Babayi Əqdəm həmçinin yazıb ki, “Təbriz bələdiyyə başqanı şəhər şurasının icazəsi olmadan şəhərin mülklərini başqa orqanlara vermək səlahiyyətinə sahib deyil. Bu səbəblə, hər hansı təxribat və ağacların kəsilməsinə dərhal və təcili olaraq son qoyulmasını gözləyirik. Polis qüvvəsinə ərazi vermək zərurəti varsa Gülüstan bağının xaricində ‘Çuxurlar’ ərazisindən verilə bilər”.

Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Yunus Fateh “Gülüstan bağından yalnız 5 ağacın köçürüləcəyini” irəli sürərək şəhər şurası sözçüsünün məsələni şişirdiyini deyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK