Görüşü Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyi, Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsi təşkil ediblər.
Xalq yazıçısı, AYB-nin sədri Anar öncə Mədəniyyət Nazirliyinin müvafiq tövsiyələri əsasında yaradılan “Hophopnamə” Kitab Mərkəzini ziyarət edib, ona Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Sabirabad şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən görüşdə rayon rəsmiləri, yazarlar, mədəniyyət işçiləri, regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, gənclər, müəllim və tələbələr iştirak ediblər. Tədbirin aparıcısı Ağalar Ağammədov görkəmli yazıçı və tanınmış ictimai xadim Anarın çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə iştirakçılara məlumat verib.
Daha sonra rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Anarı və qonaqları salamlayaraq, dövlətimizin bədii ədəbiyyata xüsusi önəm verməsindən, ədəbiyyatımızın – yazıçı və şairlərin milli şüurun formalaşmasında, mənəvi dəyərlərin təbliğində böyük rolundan danışıb və Anar müəllimin bu sahədəki xidmətinin əvəzsiz olduğunu qeyd edib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, yazıçı-dramaturq Əyyub Qiyas, gənc şair-publisist Nadir Yalçın çıxış edərək, böyük həyat məktəbi, zəngin yaradıcılıq yolu keçən Anarın Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında və təbliğində əvəzsiz xidmətlərindən söz açıblar. Onun əsərlərinin xalqımızın mənəviyyatının zənginləşməsində, mədəni inkişafında, milli özünüdərkində mühüm rol oynadığı vurğulanıb. Görüşdə, həmçinin “Günlərdən şeir” layihəsi çərçivəsində yaradıcılıq nümunələri səsləndirilib.
Anarın mərasimdəki çıxışı böyük maraqla dinlənilib. O, keçdiyi həyat yolundan, Ulu öndər Heydər Əliyevlə, eyni zamanda, Şuşa şəhəri ilə bağlı xatirələri vərəqləyib, maraqlı məqamlara toxunub. Xalq yazıçısı ədəbiyyat, söz, sənət, mədəniyyət haqqında, eləcə də öz əsərləri və yaradıcılığı ilə bağlı sualları əhatəli cavablandırıb.
Təqdim olunan musiqi proqramı da qonaqların və iştirakçıların zövqünü oxşayıb. Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında “Sənə də qalmaz”, “Ala gözlüm”, “Aman ayrılıq”, “Ay Laçın” mahnıları səsləndirilib.
Xalq yazıçısı Anar maraqlı müzakirələrlə yadda qalan görüşə görə təşkilatçılara təşəkkür edib, səslənən xoş fikirlərdən məmnunluğunu bildirib. O, eyni zamanda, “Hophopnamə” Kitab Mərkəzinin yaradılmasının regionda mədəni mühitin canlanması istiqamətində atılan mühüm addım olduğunu da vurğulayıb.
Görüşdən sonra qonaqlar mərhum şair Nisə Bəyimin məzarını ziyarət edib, ruhuna ehtiramlarını bildiriblər.