Xalxalda etiraz aksiyası keçirilib

by Samir Asadli

Ərdəbil əyalətinin Xalxal rayonunda etiraz aksiyası keçirilib və insan zənciri təşkil verilib.

Bu barədə yerli sosial media kanallarında məlumat yayılıb.

Bildirilib ki, xalxallılar qum mədənlərinin və qum yuyan zavodların dağıdıcı fəaliyyətlərinə etiraz ediblər.

Xəms kəndinin sakinləri həmin mədən və zavodların istismar qaydalarını pozduqlarını, bölgənin ətraf mühitinin məhv edilməsi və hava çirkliliyinin artmasına səbəb olduqlarını deyiblər.

“Biz Xəms kəndinin sakinləri olaraq qum mədənləri və onlara bağlı zavodların fəaliyyətindən narazılığımızı bildirir, onların başqa uyğun yerə köçürülməsini tələb edirik”,- kənd sakinləri yaydıqları bəyanatda bildiriblər.

Etirazçılar əlaqədar məsulların kəndin ekoloji vəziyyətinin dəyişməsinə, turizm imkanlarının məhv olmasına səbəb olan adı çəkilən müəssisələrin fəaliyyətinə icazə verən məmurların mühakimə olunmalarını tələb ediblər.

Narazıların qaldırdıqları plakatlarda mədən və zavodların bölgənin ətraf mühitinə vurduğu ziyanlar qeyd edilib, onların fəaliyyətinin qarşısının alınması istənilib.

“Gəlin əl-ələ verib və birlikdə ata-babalarımızın bizə qoyduğu irsi qoruyub və gələcək nəsilə təhvil verək”,- plakatlarda yazılıb.

Qeyd edək ki, Xəms kəndi Xalxalın ən böyük kəndlərindəndir və bura təbii gözəlliyi və başqa imkanlarına görə bölgənin turizm məkanlarından biri sayılır.

Bundan əvvəl də oxşar problemlə bağlı dəfələrlə etiraz aksiyaları keçirilsə də, bu günə kimi məsələnin həlli ilə bağlı addım atılmayıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK