Azərbaycanın müdafiə tipli qurğularından olan tarixi Zaqatala qalasının məşhurluğu onun birinci rus işğalı zamanı Car kəndini uzun müddət rus istilasından qoruması ilə əlaqədardır.
Çoxları 1830-cu ildə tikilmiş bu qalanı Türkmənçay müqaviləsinə imza atmış rus sərkərdəsi İvan Paskeviçin adı ilə bağlayır. Əsl həqiqət isə budur ki, o zaman Zaqatala özü qala-kənd idi və ruslar onu köhnə Zaqatala qalası adlandırırdılar. İmperiya qoşunları həmin qalanın yenilməsi və fəthi uğrunda ağır döyüşlərə girmişdilər.
Qala isə şəhərdən bir qədər yuxarıda, köhnə Zaqatala kəndinin yerində, dağa yaxın tikilmişdi və 1800 fut hündürlükdə geniş bir ərazini əhatə edirdi. Daxilində pravoslav kilsəsi, əyalət rəisinin evi (sarı ev), xəzinədarlıq binası (ağ ev) və s. vardı. Vacib strateji əhəmiyyət kəsb edən qala xəndəklər və qalın daş divarlarla yaxşı mühafizə olunurdu. Şimal kənarında dördkünc və altıüzlü qədim qüllə yerləşirdi. Və o, ruslar tərəfindən tikilməmişdi. Köhnə Zaqatala qalasına məxsus idi. Bütünlüklə kəndin ərazisini əhatə etdiyinə görə, əhali onun ətrafında məskunlaşmış və həmin əraziyə Yeni Zaqatala adı verilmişdi.
1845-ci ildə qalanın qarşısında general-mayor Qulyakova abidə qoyulub. Bu, həmin Qulyakov idi ki, 1803-cü ildə Balakən və Cara ekpedisiya başlatmış və torpaqları ələ keçirmişdi. Sonra isə Surxay xanı məhv etmək üçün Zaqatala dərəsinə girmiş, lakin bu hücum onun özünün öldürülməsi ilə sonlanmışdı.
Zaqatala kəndi 1830–51-ci illərdə mövcudluğunu qala kimi davam etdirmişdi. Rus imperatoru I Nikolayın 1851-ci il 4 iyul tarixli fərmanı ilə bu kəndə şəhər adı verilib: “Yeni Zaqatala qalası yanında olan forştat (bayır şəhər) və ya Zaqatala yeri şəhər idarəsinə yüksəldilsin”. Beləliklə, Azərbaycanın gül baxçası – gözəl Zaqatala şəhərləşib.
Gürcüstanla sərhədi ayırması baxımından strateji əhəmiyyətə malik olan Car əyalətinin əldə edilməsi Zaqatalanın istilasına bağlı idi. Zaqatalanı götürmək üçün isə böyük bir qarnizon tələb olunurdu. Rus ordusu 3 dəfə Carın aşağı hissəsini tutsa da, Zaqatalanı götürməyə cürət etməmişdi.
…Rus generalı Yermolov knyaz Eristova əmr edir ki, carlıları öz pənahgahlarına sıxışdırmaq lazımdır. Eyni zamanda tapşırır ki, onlara qarşı güc işlətmək olmaz. Çünki, əks halda, carlıların yerləşdikləri ərazinin möhkəmliyi səbəbindən rusların itkiləri böyük ola bilər. Onları aclıqla ram etnək lazımdır. Beləliklə, bir müddət sonra inadkar yerlilər itaətə məcbur edilir. Carlıların göndərdiyi Hacı Mahmud itaətkarlıq nişanəsi olaraq Paskeviçə silah və qılınc gətirir. Rus generalları Balakən istehkamının alınmasını “Qafqaz müharibəsi salnaməsinin ən parlaq səhifələrindən biri” hesab edirdilər. Əlbəttə, sonrakı illərdə bir sıra qarşıdurmalar da olur, nəticə etibarı ilə ruslar ərazidə möhkəmlənə bilirlər. 1 mart 1830-cu ildə
Zaqatala qalası fəth edilir. Zaqatala kəndi yeni istehkamlarla möhkəmləndirilmiş bir qalaya çevirilir.
Yeni Zaqatala qalasında gürcü nizami batalyonu, Nijqorod draqun alayının 2 eskadronu, 19-cu artilleriya briqadası batareyalarının 4 topu və 2 qoşqu qarnizon topu yerləşdirilir. Bundan başqa, azərbaycanlılar və ləzgilərdən (ruslar digər millətlərdən olan yerli camaatı belə adlandırırdı) ibarət süvari milisi də toplanır və orada xidmətə təyin edilirlər.
Zaqatala qalası imperiya hökuməti üçün Azərbaycanın şimal–qərb bölgəsində baş verən qiyamların yatırılması baxımından, cəld müdaxilə edilməsi üçün ən vacib qoşun qərargahı hesab olunurdu. Quba, Nuxa, Qax, İlisu sultanlığındakı çar hökumətinin əleyhinə olan qiyamçılar bir neçə dəfə Zaqatala qalasını ruslardan almağa çalışsalar da, cəhdləri uğursuz olmuşdu. Ruslar burada möhkəm istehkam qurmuşdular və zaman-zaman qalanın müdafiə qabiliyyətini təkmilləşdirirdilər.
Əsl həqiqət budur ki, Zaqatala qalasını heç də ruslar tikməyiblər. Sadəcə olaraq, rus imperiya hökuməti qədim qalanı ələ keçirdikdən sonra orada bir sıra yeni istehkam qurğuları tikərək, özlərinə uyğun vəziyyətə gətirib və qoşun hissələri üçün iri mənzil-qərargaha çeviriblər.
Azərbaycan hökuməti Zaqatala qalasının tarixi əhəmiyyətliyini nəzərə alaraq bir neçə vacib qərar qəbul edib. Az.SSR Nazirlər Sovetinin 1984-cü il 24 yanvar tarixli qərarı ilə bu qalanın ərazisi respublika əhəmiyyətli tarix-mədəniyyət qoruğu elan edilib. Həmin ilin 7 may tarixli qərarı ilə isə sözügedən qoruq barədə 4 fəsil, 17 maddədən ibarət Əsasnamə təsdiq və qəbul edilib.
Bəli, unutmayaq ki, Zaqatala qalasının bünövrəsini qoyan da, sahibi də biz özümüzük!
Yeganə Kamal CABBARLI,
Milli Arxiv İdarəsi elmi-məlumat kitabxanasının müdiri