Bu gün Güney Azərbaycan Milli Hökumətinin ilk və eyni zamanda son baş prokuroru olmuş Firudin İbrahimin doğum günüdür. Güney Azərbaycanda milli-demokratik hərəkatın aparıcı simalarından biri kimi tarixə düşən Firudin İbrahimi 1919-cu ildə dünyaya gəlmiş və cəmi 28 illik ömrünü xalqının hüquqları, azadlığı və milli kimliyinin qorunması uğrunda fəda etmişdir.
Firudin İbrahimi gənc yaşlarından ədalətə bağlılığı, xalqının taleyinə və milli oyanışa həssas münasibəti ilə seçilirdi. O, 1945-ci ilin dekabrında yaranmış Güney Azərbaycan Milli Hökumətinin formalaşmasında, qanunvericilik və ədalət sisteminin qurulmasında mühüm rol oynamış, Milli Hökumətin baş prokuroru kimi hüquqi əsasların möhkəmləndirilməsinə xidmət etmişdir.
Lakin 1946-cı ilin dekabrında Güney Azərbaycanda Milli Hökumət İran rejimi tərəfindən qan içində boğulduqdan sonra Firudin İbrahimi də hədəfə çevrildi. O, həbs olundu, ağır işgəncələrə məruz qaldı və nəhayət, 1947-ci il mayın 22-də Təbrizin “Gülüstan” bağında dar ağacından asılaraq edam edildi. Gənc yaşında qətlə yetirilən Firudin İbrahimi xalqın yaddaşında azadlıq və ədalət mübarizəsinin rəmzlərindən birinə çevrildi.
Bu il 21 Azər Hərəkatının 80-ci ildönümü tamam olur. 1945-ci il 21 Azər (12 dekabr) günü Güney Azərbaycanda milli hakimiyyətin qurulması təkcə bölgə tarixi üçün deyil, bütün Azərbaycan siyasi düşüncəsi üçün yeni mərhələ olmuşdu. Hərəkatın əsas simalarından olan Firudin İbrahimi kimi ziyalıların fəaliyyəti həmin dövrün ideya-siyasi xəritəsini müəyyənləşdirən əsas dayaqlardan biri idi.
21 Azər Hərəkatının 80 illiyi fonunda Firudin İbrahimin şəxsiyyəti, hüquq və ədalət uğrunda apardığı mübarizə, gənc yaşında göstərdiyi şücaət bir daha xatırlanır. Onun həyatı milli düşüncənin necə böyük fədakarlıqlarla qorunduğunu göstərən ən dəyərli nümunələrdən biridir.
Firudin İbrahimi təkcə Güney Azərbaycanın deyil, bütövlükdə Azərbaycan xalqının yaddaşında milli hüquqlar uğrunda mübarizənin simvoludur. Onun ömür yolu qısa, amma şərəfli həyat hekayəsi və 80 il əvvəl baş vermiş 21 Azər hərəkatının ideallarının bu gün də aktual olduğunu xatırladır.
Samir Əsədli