Azərbaycan Demokratik Respublikasının gender sahəsində strateji addımları

by Samir Asadli

Vəli Xaspoladov

1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti qadınlara siyasi hüquqlar verərkən bu qərar birdən-birə qəbul edilmişdimi? Yoxsa həmin qərarın arxasında uzun illər davam edən ictimai dəyişikliklər, maarifçilik hərəkatı və siyasi düşüncə dayanırdı?
Azərbaycan tarixində qadınlara seçmək və seçilmək hüququnun verilməsi çox vaxt yalnız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə əlaqələndirilir. Şübhəsiz ki, bu qərar Cümhuriyyətin ən böyük demokratik nailiyyətlərindən biri idi. Lakin tarixi proseslər göstərir ki, belə fundamental islahatlar heç vaxt bir günün və ya bir hökumətin qərarı ilə meydana çıxmır. Hər bir böyük siyasi qərarın arxasında uzun illər formalaşan ictimai fikir, sosial dəyişikliklər və ideoloji hazırlıq dayanır.
Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin gender siyasətini düzgün qiymətləndirmək üçün diqqəti əvvəlcə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində baş verən dəyişikliklərə yönəltmək lazımdır.
Çar Rusiyası dövründə qadın məsələsi niyə aktuallaşdı?
XX əsrin əvvəllərində Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Çar hakimiyyəti ucqar əyalətlərdə milli maarifin inkişafını məhdudlaşdırır, təhsil əsasən rus dilində aparılır, yerli dil və mədəniyyətin inkişafı müxtəlif inzibati maneələrlə üzləşirdi. Bu siyasət xüsusilə qadınların təhsilinə mənfi təsir göstərirdi. Qızların böyük hissəsi məktəbə getmir, erkən nikahlar, dini fanatizm və patriarxal münasibətlər onların ictimai həyata çıxışını məhdudlaşdırırdı.
Lakin XIX əsrin sonlarından etibarən Bakının neft sənayesinin inkişafı cəmiyyətdə yeni sosial təbəqələrin formalaşmasına səbəb oldu. Şəhərləşmə, iqtisadi canlanma və milli burjuaziyanın meydana çıxması maarifçilik ideyalarının yayılmasını sürətləndirdi. Bu dəyişikliklər qadın məsələsini də gündəmə gətirdi. Artıq ziyalılar başa düşürdülər ki, cəmiyyətin yarısını təşkil edən qadınlar təhsildən və ictimai həyatdan kənarda qaldıqca milli inkişaf da məhdud olacaq.
Maarifçilik hərəkatı gender siyasətinin ideoloji əsasını necə yaratdı?
Azərbaycan maarifçiləri qadın məsələsinə yalnız ailə problemi kimi deyil, milli tərəqqinin ayrılmaz hissəsi kimi yanaşırdılar. Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Firidun bəy Köçərli və digər ziyalılar mətbuat vasitəsilə qadınların təhsil hüququnu, erkən nikahların aradan qaldırılmasını və qadınların ictimai həyata cəlb edilməsini müdafiə edirdilər.
Onlar yaxşı anlayırdılar ki, savadsız qadın savadlı cəmiyyət formalaşdıra bilməz. Buna görə də qadın azadlığı milli dövlət quruculuğunun ayrılmaz elementi kimi təqdim edilirdi.
Bu ideyaların ən erkən nümunələrindən biri 1903-cü ildə Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzeti idi. Qəzetin təsisçisi Məhəmməd ağa Şahtaxtlı qadınların hüquqsuz vəziyyətini tənqid edir, onların təhsil almasının vacibliyini əsaslandırırdı. Sonrakı illərdə “Molla Nəsrəddin” jurnalı da satira vasitəsilə cəmiyyətdəki köhnə stereotipləri sərt tənqid etdi.
Xeyriyyə cəmiyyətləri gender dəyişikliklərinin ilk institusional addımı idi
Gender bərabərliyi yalnız ideyalarla deyil, konkret təşkilati fəaliyyətlə də dəstəklənirdi. XX əsrin əvvəllərində Bakıda müxtəlif milli və dini icmaların yaratdığı xeyriyyə cəmiyyətləri qadınların sosial müdafiəsi, təhsili və ictimai fəallığının artırılması istiqamətində mühüm rol oynadı.
1907-ci ildə fəaliyyət göstərən “Bakı Yevangel-Lüteran Qadınlar Xeyriyyə Cəmiyyəti”, eləcə də “Kiril-Mefodi Qardaşları Bakı Pravoslav Xeyriyyə Cəmiyyəti” qadınların sosial problemlərinin həllinə yönəlmiş ilk təşkilatlardan idi.
1905-ci ildə yaradılan “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” isə xüsusi əhəmiyyət daşıyırdı. Cəmiyyətin Nizamnaməsində açıq şəkildə göstərilirdi ki, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq hər kəs cəmiyyətə üzv ola bilər. Dövrün reallıqları nəzərə alınarsa, bu müddəa qadınların ictimai fəaliyyətini legitimləşdirən mühüm addım idi.
Cəmiyyətin fəxri sədrliyinə Bakı qubernatorunun xanımı Adelaida Nakaşidze seçilmiş, Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona (Safiya) Tağıyeva isə fəxri üzvlər sırasında yer almışdı. Bu fakt qadınların artıq xeyriyyəçilik və ictimai fəaliyyət vasitəsilə cəmiyyət həyatında görünməyə başladığını göstərirdi.
Yetimxanaların fəaliyyəti də bu siyasətin mühüm istiqamətlərindən idi. Sənədlər göstərir ki, Tiflisdəki ikinci müsəlman yetimxanasında 71 uşaqdan 40-ı qız idi. Türkiyənin Qars, Ərzurum və Oltu bölgələrindən gətirilmiş azyaşlı qızların Bakıdakı yetimxanalarda yerləşdirilməsi həmin dövrdə sosial müdafiənin gender aspektinin də nəzərə alındığını göstərirdi.
Mətbuat qadın hərəkatının əsas tribunasına çevrildi
Qadın hüquqları uğrunda mübarizədə mətbuat xüsusi rol oynadı. 1911-ci il yanvarın 22-də Xədicə Əlibəyovanın redaktorluğu ilə nəşr olunan “İşıq” qəzeti Azərbaycan tarixində ilk qadın mətbuat orqanlarından biri oldu.
1912-ci ilə qədər 68 nömrəsi çıxan qəzet qadınların təhsili, ailədəki mövqeyi, hüquqları və ictimai fəaliyyəti barədə müzakirələr aparırdı. Ən önəmlisi isə odur ki, artıq qadınlar öz problemləri haqqında özləri yazmağa başlamışdılar. Bu isə qadının passiv sosial obyekt deyil, ictimai proseslərin fəal iştirakçısına çevrilməsinin göstəricisi idi.
Hacı Zeynalabdin Tağıyev və qadın təhsili
Azərbaycan qadınının ictimai həyata inteqrasiyasında Hacı Zeynalabdin Tağıyevin xidmətləri xüsusi qeyd edilməlidir. Onun təşəbbüsü ilə Bakıda açılan ilk müsəlman qız məktəbi təkcə təhsil müəssisəsi deyildi. Bu məktəb cəmiyyətə verilən siyasi və sosial mesaj idi: qadının təhsili milli inkişafın əsas şərtlərindən biridir.
Tağıyev böyük müqavimətlə üzləşməsinə baxmayaraq geri çəkilmədi. Onun fəaliyyəti göstərdi ki, qadınların maariflənməsi milli dövlət quruculuğunun gələcək əsaslarından biri olacaq.Bəs 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qadın məsələsinə yalnız bir sosial problem kimi yanaşırdı, yoxsa bunu dövlət quruculuğunun ayrılmaz hissəsi hesab edirdi?
Bu sualın cavabı Cümhuriyyətin qəbul etdiyi ilk hüquqi sənədlərdə açıq şəkildə görünür. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsinin IV bəndi Azərbaycanın gələcək siyasi inkişaf istiqamətini müəyyənləşdirirdi. Həmin bənddə göstərilirdi ki, Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlara milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq siyasi və vətəndaş hüquqları verir.
Bu müddəa təsadüfi qərar deyildi. Əslində, XIX əsrin sonlarından başlayan maarifçilik hərəkatının, milli mətbuatın, qadın təhsili uğrunda aparılan mübarizənin və ictimai şüurun dəyişməsinin hüquqi nəticəsi idi. Cümhuriyyət rəhbərləri anlayırdılar ki, qadını ictimai həyatdan kənarda saxlayan cəmiyyət güclü dövlət qura bilməz.
Burada başqa bir sual meydana çıxır:
Nə üçün Azərbaycan kimi yeni yaranmış, müharibə və iqtisadi böhran şəraitində yaşayan dövlət qadın hüquqlarına bu qədər önəm verirdi?
Çünki AXC rəhbərləri dövlət quruculuğunu yalnız sərhədlərin qorunması və ordunun yaradılması ilə məhdudlaşdırmırdılar. Onların fikrincə, müasir dövlət ilk növbədə hüquqi bərabərlik üzərində qurulmalı idi. Qadınların hüquqlarının tanınması Avropa tipli demokratik dövlət modelinin əsas şərtlərindən biri hesab olunurdu.
Məhəmməd Əmin Rəsulzadə hələ 1917-ci ildə Moskvada keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında bunu açıq şəkildə ifadə etmişdi. O bildirirdi ki, başqa xalqların qadınları ictimai-siyasi həyatda iştirak etdiyi halda müsəlman qadını kölə vəziyyətində qala bilməz. Rəsulzadəyə görə qadının azadlığı yalnız qadın problemi deyildi; bu, millətin inkişaf məsələsi idi.
Bu baxış sonradan dövlət siyasətinə çevrildi.
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində qadınlara həm seçmək, həm də seçilmək hüququ verən ilk dövlət oldu. Bunun tarixi əhəmiyyəti təkcə Şərq üçün deyil, dünya demokratiya tarixi üçün də mühüm idi.
Müqayisə etdikdə bu daha aydın görünür. ABŞ qadınları ümumi seçki hüququnu yalnız 1920-ci ildə əldə etdilər. Almaniya, Avstriya, Niderland, Polşa, İsveç və Lüksemburqda bu hüquq 1919-cu ildə tanındı. Böyük Britaniyada 1918-ci ildə yalnız müəyyən yaş və əmlak şərtlərinə cavab verən qadınlara səsvermə hüququ verildi, tam bərabərlik isə 1928-ci ildə təmin edildi. Fransada qadınlar yalnız 1946-cı ildə, İsveçrədə isə 1970-ci ildə səsvermə hüququ qazandılar.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti bir çox Avropa dövlətlərindən əvvəl qadınların siyasi hüquqlarını tanımışdı. Bu fakt göstərir ki, Cümhuriyyət rəhbərləri demokratiyanı yalnız şüar kimi deyil, praktik hüquqi sistem kimi qəbul edirdilər.
1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamentinin formalaşdırılması zamanı qadınlar seçki prosesində iştirak etdilər. Daha sonra Parlamentin 10 dekabr 1918-ci il tarixli ikinci iclasında qadınların seçilmək hüququ dövlət səviyyəsində bir daha təsdiqləndi.
Bu proses 1919-cu il iyulun 21-də qəbul edilən “Müəssislər Məclisinə seçkilər haqqında” Qanun ilə daha da möhkəmləndirildi. Qanunda açıq şəkildə göstərilirdi ki, Müəssislər Məclisi cinsindən asılı olmayaraq bütün vətəndaşların bərabər seçki hüququ əsasında formalaşdırılır və 20 yaşına çatmış kişi və qadın vətəndaşlar seçkilərdə iştirak edə bilərlər.
Bu hüquqi baza göstərirdi ki, qadınların siyasi iştirakına verilən dəstək təsadüfi qərar deyildi. Əksinə, bu, ardıcıl dövlət strategiyasının tərkib hissəsi idi.
Başqa sözlə desək, Azərbaycan Xalq Cümhuriyyəti gender bərabərliyini ayrıca sosial layihə kimi deyil, milli dövlət quruculuğunun əsas sütunlarından biri kimi qəbul etmişdi. Məhz buna görə də qadınlara verilən hüquqlar yalnız kağız üzərində qalmadı, parlament seçkilərində, qanunvericilikdə və gələcək siyasi institutların formalaşdırılmasında real şəkildə tətbiq olunmağa başladı.Qadınlara seçki hüququnun verilməsi kifayət idimi?
Əlbəttə ki, yox.
Əgər qadın savadsızdırsa, peşəsi yoxdursa, iqtisadi cəhətdən asılı vəziyyətdə yaşayırsa, onun siyasi hüquqlarından tam istifadə etməsi də mümkün deyil. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri bunu yaxşı başa düşürdülər. Məhz buna görə də gender siyasətini yalnız seçki hüququ ilə məhdudlaşdırmadılar. Onlar qadınların təhsil almasını, əmək bazarına çıxmasını və sosial müdafiəsini dövlət siyasətinin ayrılmaz hissəsinə çevirdilər.
Bu siyasətin formalaşmasının əsas səbəbi Çar Rusiyası dövründən miras qalan ağır vəziyyət idi. İmperiyanın müstəmləkə siyasəti nəticəsində Azərbaycanda milli təhsil sistemi zəif inkişaf etmiş, xüsusilə qızların məktəbə cəlb olunması çox aşağı səviyyədə qalmışdı. Təhsil əsasən rus dilində aparılır, milli məktəblərin fəaliyyəti məhdudlaşdırılırdı. Qadınların böyük hissəsi isə ümumiyyətlə təhsildən kənarda qalırdı.
Belə şəraitdə Cümhuriyyət hökuməti başa düşürdü ki, müasir dövlət qurmaq üçün ilk növbədə savadlı cəmiyyət formalaşdırmaq lazımdır. Savadlı cəmiyyət isə qadınların maariflənməsi olmadan mümkün deyildi.
Məhz buna görə də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi ilk hökumət kabinetində Xalq Maarif Nazirliyi yaradıldı və nazirliyə Nəsib bəy Yusifbəyli rəhbərlik etdi. Nazirlik fəaliyyətə başladığı ilk gündən xalq maarifinin vəziyyətini araşdırdı və təhsilin genişləndirilməsini prioritet elan etdi. Bu proqramın mühüm istiqamətlərindən biri qızların təhsil imkanlarının artırılması idi.
Qısa müddət ərzində bunun real nəticələri görünməyə başladı. Məsələn, 1918–1919-cu tədris ilində Gəncə gimnaziyasında cəmi 4 azərbaycanlı qız təhsil alırdı. Cəmi bir il sonra – 1919–1920-ci tədris ilində onların sayı 296 nəfərə çatdı. Bu rəqəm təsadüfi statistika deyildi. O, dövlət siyasətinin uğurunu göstərən konkret göstərici idi.
1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai məktəb, 23 orta məktəb və 33 ixtisas məktəbi fəaliyyət göstərirdi. Orta məktəblər arasında 4 qadın gimnaziyası, Müqəddəs Nina qız məktəbləri, müəllim seminariyaları və digər təhsil müəssisələri fəaliyyət göstərirdi.
1919-cu ilin avqustunda Bakı, Gəncə və Nuxadakı Müqəddəs Nina qız məktəbləri yenidən təşkil edilərək Azərbaycan qız gimnaziyalarına çevrildi. Bununla hökumət həm milli təhsil sistemini gücləndirdi, həm də qızların ana dilində təhsil almasına imkan yaratdı.
Parlament bununla kifayətlənmədi. Göyçayda yeni real məktəbin açılması haqqında qanun qəbul edildi. Bakıda qızlar üçün pansion yaradılması, qadın müəllimlərin hazırlanması, Gəncə, Bakı və Nuxada ikiillik qadın pedaqoji kurslarının təşkili barədə qərarlar qəbul olundu.
1919-cu ilin oktyabrında isə Azərbaycan milli gimnaziyası nəzdində yetkin türk qadınları üçün xüsusi savad kursları açıldı. Bu addım onu göstərirdi ki, hökumət yalnız gənc qızların deyil, müxtəlif yaş qruplarından olan qadınların da təhsil almasını vacib hesab edirdi.
Qadın müəllim çatışmazlığını aradan qaldırmaq üçün Bakıda, Gəncədə və digər şəhərlərdə pedaqoji kurslar təşkil edildi. Həmin dövrdə Hənifə Məlikova, Məryəm xanım Bayraməlibəyova, Gövhər Şövqiyyə, Nazlı Tahirova, Sara Vəzirova, Şəfiqə xanım Yusifbəyli, Gövhər xanım Qayıbova və digər maarifçi qadınlar ölkədə qadın təhsilinin inkişafında mühüm rol oynadılar.
Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük təhsil layihələrindən biri isə 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması oldu. Respublika tarixində ilk ali məktəb olan universitetə qəbul olunan tələbələrin 8,3 faizi qadınlar idi. O dövrün sosial reallıqları nəzərə alınarsa, bu göstərici olduqca əhəmiyyətli idi və dövlətin ali təhsildə də gender bərabərliyinə önəm verdiyini göstərirdi.
Lakin gender siyasəti yalnız təhsil sahəsi ilə məhdudlaşmırdı.
Parlament qadınların əmək hüquqlarının qorunmasını da dövlət siyasətinə çevirmişdi. 1918-ci il dekabrın 10-da Parlamentin ikinci iclasında qəbul olunan “İşçi məsələsi” haqqında qanun dövrün ən qabaqcıl sosial qanunlarından biri hesab olunur.
Qanuna əsasən həm qadınlar, həm də kişilər üçün 8 saatlıq iş günü müəyyən edildi, həftədə bir gün istirahət hüququ təsbit olundu, 16 yaşına qədər uşaqların işlədilməsi qadağan edildi, 16–18 yaşlı gənclərin iş günü isə 6 saatla məhdudlaşdırıldı.
Qadınların sağlamlığının qorunması xüsusi diqqət mərkəzində idi. Qadınların səhhətinə zərərli işlərdə çalışdırılması qadağan edilmişdi. Hamilə qadınlara doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra tam əməkhaqqı saxlanılmaqla məzuniyyət verilirdi. Bundan əlavə, qadınların işlədiyi fabrik və zavodlarda südəmər uşaqlar üçün xüsusi tərbiyəxanaların yaradılması, qadın müfəttişlərinin təyin edilməsi, xəstələnən işçilərin sahibkar hesabına pulsuz müalicə olunması qanunla təsbit edilmişdi.
Ən mühüm məqamlardan biri isə qanunların icrasına nəzarət mexanizminin yaradılması idi. Bu normalara əməl etməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdilər. Bu isə göstərirdi ki, Cümhuriyyət sosial hüquqları sadəcə bəyannamələrdə deyil, hüquqi məsuliyyət mexanizmi ilə təmin etməyə çalışırdı.
Parlamentdə çıxış edən Əkbər ağa Şeyxülislamov bu siyasətin mahiyyətini belə ifadə edirdi: “Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Millətin yarısı işləyib, yarısı işləməsə, o millət çolaqdır.”
Bu fikir əslində AXC rəhbərliyinin gender siyasətinə baxışını ümumiləşdirirdi. Onların məqsədi yalnız qadınlara hüquq vermək deyil, qadınları dövlətin, iqtisadiyyatın və cəmiyyətin fəal iştirakçısına çevirmək idi. Məhz buna görə Azərbaycan Xalq Cümhuriyyətinin gender siyasəti təkcə siyasi hüquqlarla məhdudlaşmır, təhsil, əmək, sosial müdafiə və iqtisadi iştirak kimi sahələri də əhatə edən kompleks dövlət proqramı xarakteri daşıyırdı.Bəs bütün bu islahatlar Azərbaycan Xalq Cümhuriyyəti üçün nə ifadə edirdi? Məqsəd sadəcə qadınlara müəyyən hüquqlar vermək idi, yoxsa daha böyük siyasi strategiyanın tərkib hissəsi?
Bu suala cavab vermək üçün Cümhuriyyətin fəaliyyətinə bütöv şəkildə baxmaq lazımdır.
1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə mürəkkəb beynəlxalq şəraitdə fəaliyyət göstərirdi. Birinci Dünya müharibəsinin nəticələri, erməni silahlı dəstələrinin hücumları, bolşevik təhlükəsi, iqtisadi böhran, maliyyə çatışmazlığı və dövlət institutlarının yenicə formalaşması hökumətin qarşısında olduqca ağır vəzifələr qoyurdu. Belə bir şəraitdə bir çox dövlətlər bütün diqqətini yalnız təhlükəsizlik məsələlərinə yönəldərdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti fərqli yol seçdi.
Cümhuriyyət rəhbərləri hesab edirdilər ki, güclü dövlət yalnız ordu və diplomatiya ilə deyil, həm də hüquqi bərabərlik, təhsil, sosial ədalət və vətəndaş cəmiyyətinin inkişafı üzərində qurulmalıdır. Məhz buna görə qadın hüquqları dövlət siyasətinin ikinci dərəcəli məsələsi deyil, demokratik dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi qəbul edildi.
Bu siyasətin nəticələri qısa müddətdə özünü göstərməyə başladı. Qadınlar seçki prosesinə qoşuldular, qızların məktəblərə qəbul səviyyəsi sürətlə artdı, yeni qadın gimnaziyaları və pedaqoji kurslar yaradıldı, əmək hüquqları qanunla qorundu, anaların sosial təminatı hüquqi şəkildə təsbit edildi. Bu addımlar cəmiyyətin modernləşməsinə xidmət edən sistemli islahatlar idi.
Burada xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi qərarlar təkcə Şərq üçün deyil, dünya demokratiya tarixi üçün də mühüm əhəmiyyət daşıyırdı. Müsəlman Şərqində qadınlara ilk dəfə seçmək və seçilmək hüququnun verilməsi, onların siyasi proseslərə cəlb olunması və sosial müdafiəsinin qanunvericiliklə təmin edilməsi dövrün qabaqcıl dövlətçilik nümunələrindən biri hesab olunurdu. Bu baxımdan Azərbaycan qadın hüquqları sahəsində yalnız regionun deyil, bir sıra Avropa ölkələrinin də önünə keçmişdi.
Lakin bu proses tam başa çatmadı.
1920-ci il aprelin 28-də XI Qırmızı Ordunun Azərbaycanı işğal etməsi ilə Cümhuriyyət süqut etdi. Bunun nəticəsində dövlət quruculuğu ilə yanaşı, gender siyasəti sahəsində həyata keçirilən bir çox islahatlar da yarımçıq qaldı. Cümhuriyyətin qanunvericilik təşəbbüsləri, yeni təhsil layihələri, qadınların ictimai fəallığını artırmağa yönəlmiş proqramlar və iqtisadi islahatlar tam şəkildə həyata keçirilə bilmədi.
Sonrakı sovet dövründə qadınların təhsil və əmək bazarında iştirak imkanları müəyyən qədər genişlənsə də, bu artıq milli dövlət siyasətinin deyil, sovet ideoloji modelinin tərkib hissəsi idi. Üstəlik, 1937–1938-ci illərin repressiyaları zamanı Cümhuriyyət ideyalarını müdafiə etmiş çoxsaylı ziyalılarla yanaşı, maarifçi və ictimai fəal qadınlar da təqiblərə məruz qaldılar. Bir çoxu həbs edildi, sürgün olundu və ya ictimai fəaliyyətdən uzaqlaşdırıldı. Bu, Azərbaycanın milli demokratik inkişaf xəttinə ciddi zərbə vurdu.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi irsi yenidən qiymətləndirilməyə başlandı. Müstəqil Azərbaycan Respublikası özünü AXC-nin varisi elan etdi və qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi istiqamətində yeni hüquqi baza formalaşdırıldı. 1995-ci il Konstitusiyasında qadın və kişilərin bərabər hüquqları təsbit edildi, Azərbaycan BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşuldu, 2006-cı ildə isə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qəbul edildi.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin gender siyasəti təkcə iki illik dövlətin həyata keçirdiyi islahatlar toplusu deyildi. Bu siyasət milli dövlətçilik düşüncəsinin, hüquqi dövlət ideyasının və demokratik idarəetmə modelinin ayrılmaz hissəsi idi. Cümhuriyyət rəhbərləri yaxşı anlayırdılar ki, cəmiyyətin yarısını təşkil edən qadınların hüquq və imkanları məhdudlaşdırılarsa, dövlətin inkişafı da yarımçıq qalacaq.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin gender siyasətinə nəzər saldıqda aydın görünür ki, 1918–1920-ci illərdə qəbul edilən qərarlar öz dövrünü qabaqlayan strateji addımlar idi. Onlar yalnız həmin dövrün sosial problemlərinə cavab vermirdi, eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin demokratik dəyərlərinin də tarixi əsaslarını formalaşdırırdı. Məhz buna görə AXC-nin gender siyasəti tariximizin ən mühüm dövlətçilik irslərindən biri kimi qiymətləndirilməlidir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK