Yusif Muxtarov – 85
22 iyul Xalq artisti, Azərbaycan radiosunun uzun illər diktoru olmuş Yusif Muxtarovun dünyaya gəldiyi gündür. O, təkcə sevilən diktorlardan deyildi, həm də kinoda maraqlı, yaddaqalan obrazlar yaratmış aktyor idi. “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində oynadığı rollar onu tamaşaçılara sevdirmişdi.
Yusif Muxtarov, sözün əsl mənasında, yaradıcı insan idi. Radioda oxuduğu mətnlər onun səsində bir özgə çalara bürünürdü, o səsin özünəməxsus rəngi vardı. Zəif mətnləri heç vaxt oxumazdı. Unudulmaz yazıçımız Aqşin Babayev deyirdi ki, Azərbaycan radiosunda sədr müavini işlədiyim vaxtlar idi. Bir gün buraxılış şöbəsindən mənə məlumat verdilər ki, Yusif Muxtarov bir ədəbi proqramı oxumaqdan imtina edir. Şöbə müdiri mənə dedi ki, xahiş edirəm, Yusif müəllimə deyin, bu materialı oxusun. Soruşdum ki, axı Yusif niyə bu materialı oxumaqdan imtina edir? Şöbə müdiri dedi ki, zəif olduğuna görə oxumur.
Yusif müəllimlə söhbət etməmişdən əvvəl həmin yazı ilə tanış oldum. Yusif haqlı idi, ona təşəkkürümü bildirdim. Bu, sonralar bir ənənəyə çevrildi. Mənə deyəndə ki, Yusif Muxtarov hər hansı bir materialı oxumaq istəmir, həmin verilişi proqramdan çıxarırdım. Bilirdim ki, Yusif Muxtarov nə edirsə, nə deyirsə, bunu ancaq verilişlərin dinləyicilərə yüksək səviyyədə təqdim edilməsi naminə edir. O, təkcə diktor deyildi, jurnalistikanın sirlərinə, radionun mahiyyətinə dərindən bələd idi.
Hələ körpə ikən atası müharibəyə getmişdi. Böyük ailənin qayğıları anası Əzizənin çiyinlərinə düşmüşdü. Uşaqlıqda çox iti yaddaşı varmış. Nizami Gəncəvinin “Xəmsə”sini əzbər bilirmiş. Şeiri bir dəfə oxumaqla yadında saxlayırmış. Telejurnalist Telli Pənahqızı Yusif Muxtarov haqqında “Səsin xiffəti…” kitabında yazır ki, “illər ötdükcə Yusif şeir əzbərləmə vərdişini daha da təkmilləşdirdi, radioda oxuduğu ədəbi materialların daxili ritmini tapmaqda bu vərdişi ona həmişə yardımçı oldu”.
Uzun illər Azərbaycan radiosunda çalışmış Əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı Yusif müəllimi belə xarakterizə edir: “Onu “Yusif səsli” deyə çağırırdılar. Məxməri səsini eşidən bir də eşidim, deyirdi. Oxuduğu mətn, rəsmi xəbər, ya da sadəcə, kiminsə qələmə aldığı ədəbi nümunə, şeir, hekayə deyildi, sanki öz ürək sözləri idi. Səsindəki səmimiyyət, doğmalıq, efir ənginliyindəki o sonsuzluqda yolların uzaqlığını da asanlıqla yaxın etməyə qadir idi”.
Tale onu Azərbaycanın sevilən aktrisalarından olan Xalq artisti Amaliya Pənahova ilə qarşılaşdırmışdı. Onlar tanış olanda Yusif ovaxtkı Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirmək üzrə idi. Lakin bu cavan oğlanın fikri-zikri teatrda, kinoda, ədəbiyyatda idi. İş elə gətirir ki, Yusifin dostu sənədlərini Teatr İnstitutuna verir. O da dostuna qoşulub instituta gəlir və bura dinləyici kimi gəlib-gedən Amaliya adlı qıza vurulur. Onların həyat və tale yolları kəsişəndən ömürlərinin sonuna kimi birgə addımladılar.
1992-ci ildə Amaliya xanımla birlikdə Bakı Bələdiyyə Teatrını yaratdılar və həm vətənimizdə, həm də xarici ölkələrdə Azərbaycan teatr mədəniyyətini layiqincə təmsil etdilər. Bələdiyyə Teatrı teatr tarixinə parlaq səhifələr əlavə etdi. Həmin dövrdə torpaqlarımızda amansız döyüşlər gedirdi. Bakı Bələdiyyə Teatrı öz kollektivi ilə birgə döyüş bölgələrinə gedir, əsgərlərə tamaşalar göstərir, onların döyüş ruhunun yüksəlməsi üçün çalışırdı. Məhz elə bu səbəbdən Bakı Bələdiyyə Teatrını “Döyüşən teatr” adlandırırdılar. Aktyorlar öz sənətləriylə düşmənə qarşı döyüşürdülər. Bu “ordu”nun başında Yusif Muxtarov Amaliya xanımla çiyin-çiyinə dayanmışdı. Onlar nə az-nə çox, 45 il birlikdə addımladılar, həyatın çətin sınaqlarından keçdilər, fərəhli, xoşbəxt günlər yaşadılar. İki layiqli övlad böyütdülər, nəvə-nəticə sahibi oldular. Eyni zamanda Azərbaycan mədəniyyətinə böyük töhfələr bəxş etdilər.
Yusif Muxtarovun ifasında lentə alınan bədii verilişlər bu gün də dinləyicilərin zövqünü oxşayır. Bu verilişlər radiomuzun səs xəzinəsinin ən qiymətli yadigarlarıdır. Yusif müəllimin qızı Aynur xanım atasının xeyirxahlığı ilə bağlı olduqca təsirli bir əhvalat danışmışdı. O əhvalat məni o qədər mütəəssir etdi ki, Yusif müəllimin əziz xatirəsinə “Piano” adlı bir hekayə ithaf etdim. Amaliya xanımla rayonlardan birinə gedibmişlər. Bir evə girəndə görürlər ki, çəlimsiz bir qız karton kağızın üzərinə piano dillərinin rəsmini çəkib və o kağızın üzərində piano çalırmış kimi özünü ovundurur. Bu səhnə ona çox pis təsir edir, Bakıya qayıdan kimi həmin qıza piano yollayır. Yusif müəllim belə insan idi – kövrək, böyük ürəkli…
Böyük sənətkarı ehtiramla anırıq.
Kənan HACI