Əli Kərim – 95
Əli Kərim Azərbaycan ədəbiyyatının XX əsrin 50–70-ci illərində yazıb-yaradan ən istedadlı və bənzərsiz simalarından biridir. “Təzə müəllim” adlı ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində nəşr olunan Əli Kərimin sağlığında Bakıda həcmcə çox da böyük olmayan “İki sevgili”, “Həmişə səfərdə”, “Qızıl qanad” kitabları işıq üzü görmüş, ölümündən sonra müəllifinə ölümsüzlük qazandıran poetik və nəsr əsərləri dəfələrlə çap edilmiş, haqqında elmi-tənqidi məqalələr və kitablar yazılmışdır.
Əli Kərim haqqında yazan müəlliflər onu fitri istedad sahibi, novator şair hesab etmiş, əsərlərini Azərbaycan poeziyasının qiymətli nümunələri kimi dəyərləndirmişlər. Akademik Tofiq Hacıyev yazır: “Əli Kərimin şeirinin oxunmasında onun ölümü hiss olunmur. Oxucuları azalmır ki, çoxalır, seyrəlmir ki, gurlaşır. Onun poeziyası yaşayır və bu poeziya ilə özü də nəsil-nəsil ömür sürür”.
Filosof-tənqidçi Asif Əfəndiyev onun haqqında belə deyir: “Nizamilər, Füzulilər, Nəsimilər, Vaqiflər, S.Vurğunlar adlı uca zirvələr səltənətində saf bir bulaq var. Əli Kərim bulağı. Yolçular onun yanında ayaq saxlar. Bənzərsiz suyundan içər və yollarını davam etdirərlər. Uca zirvələrə aparan yollarını!”.
38 illik ömrünün, təxminən, 20 ilini ədəbi yaradıcılıqla məşğul olan Əli Kərim özündən sonra zəngin və mənalı irs qoymuş, istər poeziya, bədii nəsr, istərsə də tərcümə sahəsində bir sıra uğurlara imza atmış, rəngarəng mövzularda qələmə aldığı əsərlərdə zamanın nəbzini tutmağı bacarmışdır. Belə demək mümkünsə, onun yaradıcılığı zamanla nəfəs almış, bir çox hallarda isə zəmanəsini qabaqlamışdır.
Daha çox müasir mövzularda qələmini sınayan Əli Kərimin poeziyasında tarixi şəxsiyyət və mövzulara müraciət, tarixi hadisələrin fonunda duyğu və düşüncələrini müasirlik prizmasından təqdim etmək bacarığı xüsusi xətt kimi diqqəti cəlb edir. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixində, qan və gen yaddaşında xüsusi yeri olan Babək haqqında istər tarixşünaslığımız, istərsə də ədəbiyyatımızda xeyli əsərlər yazılıb, amma bunların içərisində Əli Kərimin 1969-cu ildə yazdığı 16 misralıq “Babəkin qolları” şeirinin müstəsna yeri var. Şeirdə “qolu sındırılmış, yurdu yandırılmış, qan rəngli bir arabada, Şərq adlı bir xarabada” hamıya görk olsun deyə “kənd-kənd gəzdirilən, ölüb-dirilən” Babəkin bənzərsiz və təkrarsız qəhrəman obrazı yaradılmış, az sözlə dastanlara sığmayacaq qədər böyük mətləblər ifadə olunmuşdur. Şeirin son hissəsində oxuyuruq:
Qollarını görməyəndə
Azca rahat olan Babək.
Bir qırmızı yuxu içrə,
Yuxulara dalan Babək.
Deyən Babək: – Aman dostlar,
Hücum çəkin qoşun-qoşun,
Orda mənsiz qılınc çalan,
Qollarımla bir vuruşun.
Əli Kərimin “Qarlı qış axşamında” əsəri böyük mütəfəkkir Mirzə Fətəli Axundzadəyə həsr olunmuşdur. “Tiflisə axşam düşür… Ağır-ağır qar yağır” misraları ilə başlanan şeirdə M.F.Axundzadənin – Səbuhinin işdən evə gedərkən düşüncələrini qələmə alaraq onun obrazını yaradan müəllif qəhrəmanını çiyni zər paqonlu çar çinovniki kimi yox, millətinə, xalqına, Şərq dünyasına bağlı, Şərqin indiki halını və gələcəyini düşünən düşüncə sahibi kimi təqdim edir.
“Paqonlu çiynində qar, Bir də Şərqin qəm yükü” olan Səbuhi adəti üzrə “Nə yaratdım, nə etdim?” – deyə yol boyu bu axşam da özünə hesabat verir. Səbuhi Şərqin dərdinin ağır, zülmün qılıncının iti və haçabaşlı olduğunu, adları başqa-başqa olsa da, bir yandan şahın, bir yandan çarın məmləkətlərinə zülm etdiyini, “Puşkinlərin döşünə medal əvəzinə güllələr vurulduğunu, cavan Lermontovların sürgünə qovulduğunu” bilir və görür. Ürəyində belə antiinsani hərəkətlərə qarşı fırtınalar qopsa da, təəssüf ki, elə bir güc, qüdrət sahibi deyil ki, bəşəriyyəti bu bəlalardan qurtara bilsin. Şair yazır:
Nə eləsin sənətkar?
Onun qələm adlanan
Bircə silahı vardır.
Qəzəblənir Səbuhi
Yeyin-yeyin yeriyir,
Fikrən nəsə yaradır.
Sanki qar üstə düşən
Ləpir deyil, xəyalən
Ayaqlayıb keçdiyi
Zərli paqonlarıdır.
Əli Kərim çiynində zərli paqon, köksündə alovlu şərqli ürəyi gəzdirən böyük mütəfəkkirin dili ilə onun yalnız siyasi deyil, ədəbi düşüncələrinə də işıq salır. Onun dili ilə deyir ki, ədəbiyyat da gərək mənasını dəyişsin. Ədəbiyyatdan ah-fəğan, sızıltıyla ağlayan şeyda bülbül, qəzəllərdə yaprınan ətirsiz və qoxusuz qalaq-qalaq güllər yox olub getsin və “söz zamanla döyüşsün”.
Əli Kərim Səbuhinin hər “ləpirini zülmə dəyən, istibdad dünyasını silkələyib tərpədən zərbə” adlandıraraq onun ideal və istəyinin nədən ibarət olduğunu aşağıdakı kimi bəyan edir:
Gedir Səbuhi, gedir…
Şərqin mövhumatını,
Şərqin təriqətini,
Münəccim və müəzzin
Şərqini əzə-əzə,
Dərdlərə dözə-dözə.
Gedir Mirzə Fətəli,
Hələbin, Hindistanın,
Marağanın, Təbrizin
Dərdinə yana-yana.
İstəyir ki, bütün Şərq
Qalxa, dura, oyana!
İmadəddin Nəsimi və Məhəmməd Füzuli Əli Kərimin ən çox sevdiyi klassik şairlərindəndir. Təsadüfi deyildir ki, müəllif onlardan birincisinə “Şəhidliyin zirvəsi”, ikincisinə isə “Füzuli” əsərlərini həsr etmişdir.
1969-cu ildə Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə yazılmış “Şəhidliyin zirvəsi” əsərini böyük mütəfəkkir şair və filosofumuz haqqında yazılmış ən dəyərli sənət əsərlərindəndir. İki hissə və səkkiz misrallıq epiloqdan ibarət olan bu poemada böyük mətləblərə toxunulmuş, bəşəriyyətin əşrəfi olan insanın nəyə qadir olduğu böyük məharət və ustalıqla poetikləşdirilmişdir.
İmadəddin Nəsiminin məşhur “Ağrımaz” qəzəlinin bir beytinin epiqraf verildiyi əsərin birinci bölümündə “altı yüz ildir idrakın pələng kimi çırpınsa da, nərə çəkib ağlasa da” Nəsiminin ölüm zamanı göstərdyi iradəsinin, “təpədən dırnağadək soyulan bir adamın necə ola dinməməsinin, böyük əqidəsindən bir misralıq enməməsinin”, “qaşlarının bir xırda vergül qədər çatılmamasının” səbəbini anlamaqda çətinlik çəkdiyini bildirən müəllif daha sonra yazır:
Altı yüz ildir bəşər ağrılardan inildər,
Altı yüz ildir bəşər düşünər, yenə çatmaz
Məşəqqətli ölümün Nəsimi zirvəsinə.
Poemada Əli Kərim 600 il əvvəl baş vermiş faciənin hələ də bitmədiyini, bu gün də davam etdiyini, haqq deyən dillərin kəsildiyini, rəyasətdə olan nadanların fitvası ilə həqiqət istəyənlərin diri-diri soyulub dərilərinə saman təpildiyini, ən azından zindanlarda çürüdüldüyünü üstüörtülü şəkildə belə ifadə edir:
Altı yüz ildir, altı,
Nəsimini soyurlar,
Qanlı yaralarına hələ də duz qoyurlar (s. 90).
Şairin təqdimatında təpədən dırnağacan soyulan, “uf deməyən” şəhidin halı, onu bu hala gətirən insanların əhvalı ulu yaradanı, Allahı da dəhşətə gətirir və bəlkə də Tanrı yaratdığının əvəzinə özü xəcalət çəkir. “Tanrı dəhşətə gəlmiş, qaçmış yaratdığından”, – deyən şair haqq uğrunda canından keçməyi şəhidliyin ən uca məqamı hesab edərək bildirir ki, “xırda yarasının da ağrısını doğma balasıyla bölənlərə, ölümün gəlişini eşidəndə ölənlərə, bir qəzəbli baxışın təsirindən tir-tir əsənlərə” “şəhid” adı verilə bilməz. Nəsimi isə şəhiddir, ona görə ki, “yazmaq, ölmək istedadını ləkələməmiş, ucalardan enməmişdir”.
Əli Kərim Nəsiminin ölümünü ölüm yox, tarixin ləkəsi, əbədiyyətə gediş hesab edərək əsəri dərin mənalı misaralarla tamamlayır:
O, altı yüz il qabaq
Dərisindən çıxaraq
Göylərə baxa-baxa,
Dözüb hər məşəqqətə,
Getdi əbədiyyətə.
Al qanı axa-axa,
Yeridi, gücü artdı,
Tarixləri qızartdı.
Əli Kərimin 1958-ci ildə yazdığı “Füzuli” şeiri Məhəmməd Füzulinin monumental obrazının müəyyən ştirixlərini ehtiva edən mükəmməl sənət əsəridir.
“Dünya səni qocaltdı yaşıdın olsun deyə” misrası ilə başlayan şeirdə M.Füzuliyə: “Füzuli, o nə dövran?!, Füzuli, o nə kədər?, Füzuli, o nə qədər? sulları ilə müraciət edən, “dünyanın qocaltdığı və dünya kimi qocalan”, böyük şöhrət və ad sahibi olan şairdən soruşur:
Ey böyük ustad, heyhat,
Ürəyində o ada, şöhrətə yer vardımı?
Min bir kədər əlindən orda yer qalardımı?
Gəldi bir cavan qızın vədəsiz məhəbbəti,
Könlündə dərd əlindən bu eşqə yer vardımı?
Təbii ki, bu sualların cavabını oxucuların öhdəsinə buraxan Əli Kərim M.Füzulini vəsf edərək fikirlərini ona xitabən aşağıdakı kimi davam etdirir:
Dünya səni qocaltdı – cavan görünsün deyə,
Yanğınlar tüstüsütək ahın ucaldı göyə.
Sən od tutub alışdın.
Bu odu qoca Şərqin hər yerindən gördülər,–
Gördü bu doğma yerin.
Bütün bu gen dünyanın gözləri göydə qaldı,
Göy də şəfəqlər saçan ahına baxdı, daldı.
Əli Kərim M.Füzulinin ölümündən 402 il sonra yazdığı şeirini şairin sənəti qarşısında baş əyərək aşağıdakı misralarla tamamlayır:
Baxıram ucalardan gəlir Füzuli səsi,
Görünür ucalarda onun nurlu izləri.
O ulduzlar Füzuli yanğısının gözləri,
O günəş də Füzuli odunun nişanəsi.
Əli Kərimin XX əsrdə yaşamış Azərbaycanın görkəmli şair və sənətkarlarına həsr etdiyi əsərləri də var. Bunlara “Bülbülün xatirəsinə”, “Müşfiqə”, “Ölüm, sevinmə çox..”, “Habil” şeirlərini misal göstərmək olar.
Azərbaycan vokal sənətinin bənzərsiz ifaçılarından olan SSRİ Xalq artisti Bülbülün ölümü ilə bağlı yazdığı “Bülbülün xatirəsinə” əsərində sənətkarın böyüklüyünü və xalq tərəfindən nə qədər sevildiyini “İnsan dəryasında bir qayıq kimi, Axdı tabutun” misraları ilə poetikləşdirirsə, Mikayıl Müşfiqi “Müşfiqə” şeirində həyatdan vaxtsız gedən nakam şair kimi belə vəsf edir:
O ləbaləb dolu idi şeir ilə, sənət ilə,
Ölümdən də qorxmaz olan qüdrət ilə.
“Ölüm, sevinmə çox..” şeirində Səməd Vurğun kimi bir sənətkara qıydığı üçün ölümü “O yazdı, yaratdı həyat naminə, Onun hər bir şeiri ölümdür sənə!” misraları ilə ittiham edən Əli Kərim Azərbaycan muğamının və kamanının dünya miqyasında tanınmasında müstəsna xidmətləri olmuş Habil Əliyevə həsr etdiyi “Habil” şeirində yazırdı:
O zaman, deyəsən, vaxt qovuşanda,
Şeirlə musiqi bir ucalırdı.
Bütün könüllərin sifarişiylə,
Damcılı bulaqda Habil çalırdı.
…Ürəyi çırpınır barmaqlarında,
Onlardan tökülür simlərə nəbzi.
Özü də bilmir ki, çalır, ya çalmır,
Nə dünyanı görür Habil, nə bizi!
Əli Kərimin “Salyeri” şeirində adı çəkilən insanlar tarixi şəxsiyyətlərdir. Antonino Salyeri italyan əsilli Avstriya bəstəkarı və dirijoru, Volfanq Amadey Motsart isə Avstriya bəstəkarıdır. Bəzi mənbələrə görə, Motsartla dostluq edən Salyeri sonralar onun şöhrətinə qısqanaraq Motsartı zəhərləyərək öldürmüşdür. Lakin Mosartın ölümündən sonra unudulmaması, əsərlərinin daha da şöhrət qazanması, özünün isə getdikcə unudulması Salyerini peşman etmişdir.
Əli Kərim dostluqda xəyanəti lənətləyərək Salyerinin peşmanlığını poetik formada belə bir ideyanı ifadə etmişdir ki, sonrakı peşmançılığın heç bir faydası yoxdur. Motsart cismən ölmüşsə də, əsərlərinin sayəsində ölümsüzlük qazanmış, Salyeri isə diri ikən unudularaq ölmüşdür. Şair gəldiyi qənaəti Motsartın dili ilə Salyeriyə ünvanladığı misralarda aşağıdakı kimi ümumiləşdirir:
Gözüm yoxdur sən yaşayan dünyada,
İstəmirəm gözəlliyini oradakı qışın, yazın.
Qara rorpaq mənə daha xoşdur,
Təki həsrətlisi olduğum əsərlərim yaşasın.
Fikirlərimizi ümumiləşdirsək, belə bir qənaətə gələ bilərik ki, Əli Kərim tarixi mövzulu əsərlərində, bilavasitə, duyğu və düşəncələrinə uyğun olan şəxsiyyətlərə müraciət etmiş, onlarla bağlı düşündüklərini müasirlərinə təqdim etməklə, oxucusunu tarixi varaqlamağa və onun dərslərindən ibrət götürməyə səsləmişdir.
Təranə ABDULLAYEVA,
filologiya üzrə fəlsəfə doktoru, dosent