Çox inandım sağa-sola !

by Samir Asadli

DAK.az sufi şair Əli Hacı Ağaevlinin yeni şeirlərini təqdim edir.

İçimdən gələn sözlərim,
Dilimin ucunda öldü !
Yüz dərdə bir sevinc tapdım,
Qollarım qucanda öldü !
Hər üzünü görə-görə,
Çox inandım sağa-sola !
Quma eşq verdim göyərə,
O,da dəymədi sağola… !
Bir rəngin çox rəngi olur,
Qırmızı al olur,gördüm !
Sarımtıllar,qaramtıllar
Sarı,qara ölür gördüm !
Getdiyim yolun içində,
Yük ağır idi çəkimdən !
Gördüm,yeməyə heç nə yox
Balı tutdum öz yükümdən !
İçimdən gələn sözlərim,
Dilimin ucunda öldü !
Yüz dərdə bir sevinc tapdım,
Qollarım qucanda öldü !
***
Sən də yuxulusan,mən də
Yat,yuxuna haram qatma !
Yata bilsəm,nə xoş mənə
Oyansan,məni oyatma !
Anam doğandan yatmıram,
Balam olandan oyağam !
Göy guruldayandan bəri,
Yer yarılandan oyağam !
Görməmişəm ki,deyirlər
Yuxular qarışıq olur !
Deyib-gülmək dava-dalaş,
Göz yaşı barışıq olur !
Gözüm yumulmur işığa,
Tək qoymuram qaranlığı !
Bu dünyadan,o dünyaya
Yuxusuzluq-yavanlığım !
Ürəyimdən keçir hər gün,
Gözlərimə yuxu gəlmir !
Dərdin-qəmin tanışıyam,
Ölüm gəlmə,yuxum gəlmir !
Sən də yuxulusan,mən də
Yat,yuxuna haram qatma !
Yata bilsəm,nə xoş mənə
Oyansan məni oyatma !
***
Çıxdım yazdan bayıra,
Orda da zülüm varmış !
Zülüm hər yerdə olur,
Hər yerdə ölüm varmış !
Çıxdım günün üzünə,
Günüm rəngi qaraymış !
Keçmişim gələcəyi,
İçində darayırmış !
Çıxdım Ayın üzünə,
Suda gördüm özümü !
İslandım göz yaşında,
Oda tutdum üzümü !
Çıxdım dünyadan çölə,
Boşluq hökmiran imiş !
Boşluqda an yaşamaq,
Xərclənən zaman imiş !
Çıxdım Tanrıya sarı,
Yolun başı ağarmış !
İş görən iki fəhlə,
Yeyən on ağa varmış !

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK