Oljas Süleymenovun “Günəşli gecələr”ində tarixi yaddaş və köçəri obrazı

by Samir Asadli

Türk dünyasının əzəmətli oğlu, qazax yazıçısı Oljas Süleymenovu xüsusi  təqdim etməyə ehtiyac yoxdur. O, milli mədəniyyətdə əlahiddə imza qoymuş  fenomenal təfəkkürlü sənətkarlardandır. Odur ki, konkret olaraq  mətləbə keçirik. Oljas Süleymenov “Günəşli gecələr” şeirlər çələngini 1962-ci ildə Almatıdakı “Jazuşı” (“Yazıçı”) nəşriyyatında çap etdirmişdir. Tədqiqatçılar haqlı olaraq bu məcmuəni “Arqamaklar” və “Gecə – Parisli qadın” əsərləri ilə bərabər müəllifin yaradıcılığının erkən dövrünə aid edirlər. Eyni zamanda qeyd etmək yerinə düşər  ki, burada təqdim olunmuş əsərlər romantik əhval-ruhiyyə ilə zəngin olub, fəlsəfi düşüncələrlə əlaqəli təqdim olunsa da, həm də burada qazax səhrasının qeyri-adi aurası hiss olunmaqdadır.

Oljasın həyatı yeniyetməliyindən sovet dövründə son dərəcə populyar olan komsomol adlanan ictimai təşkilatla bağlı idi. Buna görə də onun sovet dövrünə aid yaradıcılığı həm də birbaşa onlaraq həmyaşıdlarının taleyi ilə oxşarlıq təşkil edir. Rus tədqiqatçısı Georgi Anisimov yazır ki, hələ həmin vaxtlardan Süleymenovun poeziyasında müdrik qoca hissləri yer alır ki, o, bu nəğmələrə bütün iç dünyasının çırpıntılarını və qəlbini qurban verir. Bu müdrik akının öz nəğmələrində atını tərif etdiyini, öləndə isə insanların mükafat olaraq nəğmələrinə görə onun məzarı üstünə öz atının kəlləsini qoymağı ismarlasa da, onun nəvəsi yeni həyatla bağlı nəğmələr deyir, onun gözəlliyini tərənnüm edir, öz Vətən səmalarındarı mavi ulduzların seyrinə çıxır, insanlara fərəh və fəxarətlə bağlı olan dağlarla qaynayıb – qarışdığını vəsf edir. Oljas Süleymenov belə düşüncənin və sevincin qorunması ilə bağlı qanunlara söykənməklə, həm də öz əsərlərinin yaradıcılıq mənbələrini axtarır. Və məhz bu istək ucbatından öz xalqının keşməkeşli tarixini öyrənməyə daha çox meyillənir.

Oljas Süleymenovun doğma xalqının tarixinə nəzər salması heç də qanrılıb geriyə baxma anlamına gəlmir. O, milli tarixin ən qaranlıq səhifələrinə baş vurub, orada saralıb-pozulmuş vərəqləri zərgər dəqiqliyi ilə ehmalca qaldırıb, dumanlı fikirlərin çözümünü arayıb müəyyət edilməsi üzərində düşünür:

Ветер раздует пламя

В легкой крови аргамака.

Чёрные маки вспыхнут

В его молодых глазах,

Пусть аргамак узнает,

Что такое атака

Есть дороги вперед,

Нет дороги назад!

Bu misralar tərcüməmizdə aşağıdakı kimi səslənmək imkanı qazanır.

Meh ocağı közərdir,

Apгamakın qanında.

Qara lalə alışır,

Onun gənc gözlərində.

Qoy arqamak bilsn ki,

Bu hücum nə deməkdi:

İrəliyə gedir, yol.

Geriyəsə yol yoxdur!

O.Süleymenov “Arqamaklar” şeirində bu sətirləri heç də təsadüfən yazmamışdı. Şair səhraya müraciət edərək yenə də qeyri-adi ifadələrlə deyirdi: “Sevinci qumluqda mənə etibar et, qoyunlar aya üz çevirib mələşdikləri yerdə, dağlarda, aullarda – mənimçün heç fərqi yoxdur, kimi edəcəm xilas, mənə tapşır sən sevinc”.

Təsadüfi deyildir ki, Oljasın poetik ülgüsü tamamilə orijinal olduğundan onun işlətdiyi cümlələrin konstruksiyası, məna və mahiyyət yükü o qədər özəldir ki, məhz şairin belə leksik tryükləri (sözlə oyunları) ömrünü sözə bağlayan ən tanınmış mütəxəssislərin müraciət kontekstinə və obyektinə çevrilirdi. O.Süleymenov bütün yaradıcılığı boyu hər sözün, leksik ifadənin, onların çeşidli çalarlarının axtarışında olurdu. Doğma səhralarının rənglərini, yaşıl otlaqlar dənizini, tülpanlar üstündəki iri şeh damcılarını öyürdü, bu səhraların vurğunu olan qartallar göz önündə pərvaz etdikcə şairin ürəyi köksünə sığmırdı. Və bütün bunların fövqündə onun şeirlərindəki insana və gözəlliyə sevgi hissi yeni qığılcımlarla gözümüz önündə sayrışır:

Ax, какая женщина, руки раскидав,

Стены под пыльной яблоней!

Чуть журчит вода.

Вдоль арыка тихо еду я в седле.

Ой какая женщина! Косы по земле!

В сторону смущённо

Смотрит старый конь.

Солнечные пятна шириной в ладонь.

Bu isə həmin misraların bizim tərcüməmizdə səslənişidir:

Görün necə bir qadın,

Daraqlayıb əllərin!

Yatıb tozlu alma altda 

Bir az su şırıldayır:

Arx kənarı at belində gedirəm,

Oy, necə qadındır? Saçları yerlə birdir!

Qaşqabağın tökmüş at hey ətrafa boylanır,

Günəş ləkələrisə ovucun içiylə birdir.

Oljas Süleymenov o qədər qeyri-ordinar düşünür və yazırdı ki, əksər poetik təfəkkür sahibləri onda fərdi şair hiss və duyğularının, təəssüratlarının darlığından bəhs etməklə, onu günahlandırırdılar. Lakin bəziləri isə onu bu tipli poetik təfəkküründə oturmuş lirik dairənin daim və daha sürətlə genişləndiyini görürdülər. Azərbaycan və qazax ədəbiyyatının yaxın dostu Nikolay Tixonov isə ondakı yenilənməni, təzələnməni müşahidə etməklə qeyd edirdi ki, Süleymenovda poetik mənzərələr kontrastlarla verilməklə daha enerjili hərəkətə malik olub, dramatik səhnələrdə özünü ifadə etməklə, isti hisslərlə, qəzəblə incəliyin bir-birini əvəzləməsi, “ağsaçlı eposla” romantik lirikanı özündə üzvü sürətdə bir araya gətirməkdədir.

Doğrudan da O.Süleymenovun yaradıcılığının ilkin dövrünə nəzər saldıqda görürük ki, onun nəzərdən keçirdiyimiz mərhələdəki əsərlərinin üslub keyfiyyətlərini enerjili ritm və rus oxucusunun yeni adət etmədiyi poetik formalar üzərində intensiv aparılan sınaqlar təşkil edir.

Oljas Süleymenovun yaradıcılığının müxtəlif tərəflərini öz yanaşma bucağından təhlil etməyə çalışan Özbəkistanda yaşayan qazax alimi Mahanbet Cusupov “linqvo-poetiko-tarixi-fəlsəfi zirvə, yüksək şəxsiyyət yüksəkliyi və istedadın çoxtərəfliliyi” adlı məqaləsində yazır: “O.Süleymenovun fəaliyyəti poliaspektlidir. Bu fəaliyyət müasir cəmiyyətin bir sıra sosial sahələrini əhatə edib ümumbəşəri xarakter daşımaqla hər hansı coğrafi, adminstrativ sərhədlər tanımır…”  Eyni zamanda, məqalə müəllifi daha sonra: “Poliqranlığun Yüksəkliyi, İstedadın Yüksəkliyi, Ruhun Yüksəkliyi və Şüurun Yüksəkliyi Oljas Süleymenov yaradıcılığının İnsana Xaslığının əsasıdır. Və bu Xeyirxah İnsanı sevə bilmə Yüksəkliyi, Həqiqət axtarışı, Məkanda həqiqətə yetişmə Zaman və Ərazi hədlərində Fərddə və Cəmiyyətdə, Sevgi və İnam, Ədalətlilik, Həqiqət, Doğru daim olmuş və bu gün də qalmaqdadır” – fikrini ortaya qoyur. Və Şair də, Alim də, Mütəfəkkir də var ki, onları İnsanın və Cəmiyyətin əlçatanlığına hədiyyə edir” – deyə əlavə edərək fikrini tamamlayır.

O.Süleymenovun digər əsərlərinin adı kimi bu məcmuənin də adı oxucu təfəkküründə və gözü qarşısında qeyri-adiliyi ilə dayanır. “Günəşli gecə” sözbirləşməsi əslində oksümoron olub, bir-birinə zidd anlayışların bir kontekstdə işlədilməsidir. Bir qədər hərfi mənada yanaşsaq, bu ifadə sutkanın işıqlı vaxtını təsvir edən zamanı əks etdirir ki, həmin vaxt günəş üfüqdən o yana keçməyib, qütb gününə bəyaz gecələrə bənzədiyi zamanı özündə ehtiva edir. “Günəşli gecələr” əslində müəllif tərəfindən metafora kimi işlədilməklə anomal işıqlı gecənin vəziyyətini, yaxud aylı gecənın poetik təsvirini göz önünə gətirir. “Günəşli gecələr”i biz həm də poetik metaforik obraz kimi götürüb, onu O.Süleymenovun mənəvi, ruhi halının bir vəziyyəti kimi nəzərdən keçirə bilərik. Bədii-poetik obraz kimi qazax müəllifinin özünəməxsus deyimində bunu biz sanki atmosferin nağılvari bir görünüşə oxşarlığı, Oljasın və qazax təbiətinin xüsusi halı və sürrealist durumu kimi də səciyyələndirə bilərik. Müəllif burada bir-birinə zidd olan, bir-birilə bir araya gəlməyən anlayışları – işıqlı, hər hansı təhlükədən uzaq olan günəşi, qorxunc və zilqara gecə ilə bir arada, ülfətdə və ünsiyyətdə öz oxucularına çatdırır. Bəzən bu söz birləşməsindən digər bir əks yanaşma kontrast halı da yaratmaq mümkündür. Çünki Günəş aydınlığı simvolizə etdiyi halda, gecə gizli qorxunu rəmzləşdirmək imkanına malikdir. Eyni zamanda “Günəşli gecə” ifadəsi həm də elə bir mənaya gəlmək ehtimalını gücləndirir ki,  bu zaman adama elə görünər ki, hər  yan işıqlandığından heç nə də yoxdur, lakin onun üçün belə halın özü də aldadıcı ola bilər. Oljasın “Günəşli gecələr”ində biz müəllifin qeyd etdiyimiz (xorror – qorxu, həyəcan janrından ədəbiyyatda, kinoda və müxtəlif oyunlarda bir sənət növü kimi istifadə olunur ki, onun başlıca məqsədi auditoriyanı qorxutmaqla, həyəcan hissi, qeyri-müəyyənlik, nifrəti ön plana çəkəməkdən ibarətdir. Belə olduqda onun əsasını saspens (gərgin gözlənti mühiti) təşkil edir ki, bu da fövqəltəbii qüvvələrə, yaxud manyaklara qarşıdurmanı əks etdirir. Bu həm də psixoloji qorxunun tədqiqi anlamını ifadə etsə də əksinə xorror janrına uyğun olan təsvir əsərin effektinə özünəməxsus pozitivlik  gətirir. Buna görə bir qədər də irəli getsək, deyə bilərik ki, müəllifin “Günəşli gecələr”ində əsərdə bir-biri ilə uyuşmaz ifadələri birgə işlətməsi onun əsəri işıqlı gəncliklə sevincli enerjini birləşdirib zənginləşdirmək istəyini ortaya çəkməklə, həm də gecənin özünə və insanı yaşamağa sövq edən liriklik bəxş etməni diqqət mərkəzinə çəkməyi düşündüyünu ehtimal edirik. Eyni zamanda burada biz Səhrada doğulub, poeziyada hərarətli metafora gətirmə bacarığını nümayiş etdirən müəllifi görürük. Elə buradaca onu da bildirək ki, Süleymenov poeziyasının fərqli xüsusiyyətlərindən biri onun yaradıcılığının linqvistik yönümlü olması ilə bağlıdır. Qazax müəllifinın yaradıcılığının bu tərəfini tanınmış rus nəzəriyyəçiləri L.Anninski, L.Martınov, V.V.Vladimirov, Y.Sidorov və b. bu kimi müəlliflər də qeyd etmişdilər ki, məhz bu cəhət Oljasın çeşidli etimologiyalaşdırmalarında özünü daha görümlü ifadə etməkdədir.

“Günəşli gecələr” məcmuəsindən “Qızı qov” (“Догони!”, “Кыз куу”), “Qov, çat!” şeirinın məzmun və forma özəlliyinə əvvəl orijinalda, sonra tərcümədə baxaq:

Догони меня, джигит,

Не жалей коня, джигит.

Если ты влюблён и ловок,

Конь догонит, добежит.

Я люблю тебя, джигит.

Догони же,

Поцелуй,

Голос от стыда дрожит.

Среди этих звонких струй.

Меня ветер обгоняет.

На груди моей лежит,

Обнимает, обнимает,

Ой, опять отстал джигит!

İndi də şeirin Azərbaycan dilində səslənişinə bizim tərcüməmizdə baxaq:

İgid, məni qov, tut,

Ata rəhm etmə, igid.

Məni sevirsən – cəld ol,

At özünü çatdırar.

Səni sevirəm, igid,

Qov, tut,

Həm də busə al.

Səs utancdan çox əsir.

Belə səslər içində

Məni küləklər ötür

Bax, sinəmdə dayanır

Qucaqlayır məni hey!

Oy, yenə geri qaldı igid!

Qazaxlarda və qırğızlarda lap qədim zamanlardan “Kыз куу” adlı köhlən belində oynanılan oyun vardı. At belində oynanılan bu oyun daha çox Novruz bayramı ərəfəsində, yaxud toylar – mərəklər zamanı gedirdi. Burada igid qızı at belində qovub, ona çatıb öpməli, geri qayıtdığı zaman isə əgər igid bunu gərəyincə edə bilməmişsə, qız ona çatıb, onu qamçı ilə vurmalı idi. Eyni zamanda bu qədim yarış at çapmaq sənətinə yiyələnməni əks etdirməkə, həm də dostluğu nümayiş etdirirdi. Təxminən 300-500 metrik distansiyada ondan əvvəl yarışa girən qıza çatmalı, onu öpməyə çalışmalı, yaxud toxunmalı idi. Bu da qələbəni simvolizə edirdi. Qazaxlarda “Qız qovmağ”a söykənən teatrllaşmış rəqs növü də mövcuddur ki, müasir Qazaxıstanda bu elə bir bərbəzəkli şoudur ki, o milli-mədəni ənənələri qoruyub saxlamaqla, həm də tamaşaçıları özünün dinamikliyi ilə cəlb etməkdədir.

Oljas Süleymenovun “Günəşli gecələr” məcmuəsinə daxil etdiyi nəinki “Qızı qov” oyununda,  həm də onun digər şeirlərində qazaxların müasir dünyası ilə onların qədim etnik-milli ənənə və ritualları da nəzər-diqqətdən kənarda qalmamış, müəllif onların hər bir məqamına sayğı və qayğı ilə yanaşmışdır. Odur ki, Oljasın yaradıcılığı çağdaşlığından daha çox qazax, türk xalqları və dünya xalqlarının keçmişini “vərəqləməyə” daim yönlü olmuş, eyni zamanda bu gün də o, özünün həmin ləyaqət və məsuliyyətini şərəflə qoruyub saxlamaqdadır.

“Günəşli gecələr” məcmuəsində aparıcı mövzu səhradır. Bu səhra qaçağan atların təpiyinin səsləri və öküzlərlə doludur. “Axsaq qulan” şeirində vəhşi atlar təsvir edilir. “Günəşin xeyirli doğuşu” məcmuəsində isə müəllif tərəfindən keçmiş tarixin ənənəvi canlı səhifələri fərdi şəkildə yaradılır.

“Qırmızı çapar, qara çapar” şeirində iki atlının – birinin əlində qırmızı bayraq qələbə carçısı, digərinin əlində qara bayraq – məğlubiyyəti göstərən əlamət  carçısı kimi oxucu qarşısında dayanır.

                İnsanlar, sakit!

                                   Fınxırır, yorulur at.

                                   Yolsuz, çəkməsiz qışlağı keçib,

                                   Çapır tutqun çapar

                                   O, təqibdən qaçmışdı

                                   Nizə də dalğalanır.

Oljasın lirikasında köçəri obrazı xüsusi qırmızı bir xətt kimi keçməkdədir. Müəllifin “Arqamaklar”, “Betnak Dala”, “Axsaq qulan”, “Qış öncəsi köç”, “Kuman nəğməsi”, “Köçəri”, “Biz köçərilərik” və s. kimi əsərlərinin məzmun rayihəsi də başqadır. O.Süleymenovun lirikasında səs və obraz son dərəcə fərdi assosiasiyalar yaratmaqdadır. Onun şeirlərinin ekspressiv melodikasına, misralarındakı səslərin düzülüşünə nəzər saldıqca görürük ki, bu, nəinki şeirin səs təşkilinin nəticəsi, həm də Oljas poetikasının başlıca tərəfidir. Eyni zamanda burada sənətkarın dünyanı dərk, dünyanı qəbul etmə, ətraf aləmə özünəxas baxışının ilmələri, naxışlarıdır. Şeirə belə yanaşma isə həm də O.Süleymenovun bədii metodunun sənət və incəsənət xüsusiyyətləri ilə bağlı danışmağa zərurət yaradır. Oljasın əsərləri sanki müxtəlif fraqmentlərdən ibarət və müəllifin poetik “mən”inin üzərində və tarixi- emosional süjetə söykənən bir qəhrəmanlığın psixoloji təsvirinin assosiasiyasını formalaşdırır.

Bir sıra tədqiqatçıların fikrincə “şeir, xüsusi olaraq lirik şeir, söz-səs – sənətkarın birgə yaradıcılıq imkanı olmaqla sıxılmış şəkildə, eyni zamanda hər bir lirik məkanda olan söz, söz sırası və eynilə mənbəyi – anlayış, obraz, emosional dəyər, ritm – səs başlanğıcı təsiri bağışlamaqla, həm də söz sırasının özünün öz semantikasını rəngarəngləşdirmək və əlavə olaraq inkişaf etdirmək imkanı əldə edir ki, məhz burada da sözlərin bir-biri ilə toqquşması və qarşıdurması baş verir. Eyni zamanda poetik kontrastlar, təkrarlar, paralelizmlər, dövriyyəvilik, dairəvilik, yaxud pilləli quruluş və s. kimi formalar şeirin süjet və kompozisiyasının strukturu kimi nəzərdən keçirilə bilir.

 

Nizami Məmmədov Tağısoy

professor

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK